Dünya

İranda müxalifət lideri xəstəxanaya yerləşdirildi

25-07-2017, 16:50
İranda müxalifət lideri xəstəxanaya yerləşdirildi
İrandakı Yaşıl hərəkatının liderlərindən biri olan Mehdi Kərrubi ürəyində yaranan nasazlığa görə xəstəxanaya yerləşdirilib.

Bu barədə informasiya Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubinin Tvitter səhifəsində yerləşdirilib.

O, atasının ev dustağı olduqdan sonra 6 dəfə əməliyyat olunduğunu bildirib:

“Atam həbs edildikdən bu yana 6 dəfə, ürəyindən, gözündən, dizindən, belindən, ayağından və sidik kisəsindən əməliyyat olunub. Atamın halı heç də yaxşı deyil və o, ürəyində yaranmış qəfil nasazlığa görə, bu gün ETTELAAT həkiminin məsləhəti ilə xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, 2009-cu ildə İranda hakimiyyətə qarşı Yaşıl hərəkat başlayıb. Hərəkatın əsas liderlərindən biri Mir Hüseyn Müsəvi və Mehdi Kərrubi olub. Milyonlarla gənci öz ətrafında toplamağı bacaran hərəkatın qarşısı hökumət tərəfindən alınıb. Musəvi və Kərrubi sonradan həbs ediliblər. Hər iki siyasətçi ev dustaqlığı şəraitində yaşayırlar. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]