Əsas Səhifə / Ölkə

Bakı Slavyan Universitetinin idman sahəsindəki növbəti uğuru

12-01-2016, 21:53
Bakı Slavyan Universitetinin idman sahəsindəki növbəti uğuru
Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər fakültəsində təhsil alan II kurs tələbəsi Emin Xanızadə 27-31 dekabr tarixlərində Bakıda keçirilən Kickboxing üzrə yarışda dünya çempionu olub. Universitetə idman sahəsində növbəti uğuru gətirən Emin BSU-nun Mətbuat xidmətinə bu barədə müsahibə verib. Eminlə söhbət zamanı o qeyd edib ki, idmanla uşaqlıqdan məşğul olmağa başlayıb.
Mərdəkanda 3 saylı gimnaziyanı bitirən çempion bildirib ki, gimnaziyada oxuduğu illərdə də bir çox yarışlara qatılaraq qalib olub. "Gimnaziyada oxuduğum vaxtlarda Kickboxing üzrə respublika birincisi, növbəti yarışda isə respublika ikincisi olmuşam. Həmçinin Hapkido üzrə yarışda respublikada birincilik əldə etmişəm. Muay Thai üzrə Azərbaycanda keçirilən yarışlarda isə ikincilik qazandım”.
"Yalnız ölkə daxilində təşkil olunan yarışlara qatılırsan” sualını Emin belə cavablandırıb: "Ölkəmizdə qaydasız döyüş üzrə təşkil olunan bütün yarışlara yalnız uğur əldə etmək məqsədi ilə qatılıram və buna nail oluram. Juboxing üzrə iki dəfə respublika birincisi oldum. Eyni zamanda, bu idman növü üzrə Asiya çempionu olmuşam. K-1 üzrə iki dəfə, Mix Fight üzrə bir dəfə dünya çempionluğunu qazanmışam”.
Emin Xanızadə Bakı Slavyan Universitetinə qəbul olduqdan sonra idmanla daha ciddi məşğul olmağa başlayıb. Bu ərəfədə o, Uşu-sanda idman növü üzrə Azərbaycanda keçirilən yarışda birinci, növbəti dəfə ikinci olub. Turnir yarışlarında iştirak edərək dəfələrlə çempionluq qazanıb.
Emin Xanızadə vurğulayıb: "İdman həyatımın ayrılmaz hissəsidir. Bu sahədə əldə etdiyim uğurlarla daha çox irəli gedə biləcəyimi düşünürəm. İdman və təhsil həyatını bir arada idarə etmək mənimçün heç də çətin deyil. Hazırda imtahan sessiyasıdır. Lakin buna baxmayaraq mən həm dünya çempionu oldum, həm də imtahanlarımda yüksək nəticə əldə etdim. Vətənimin, eyni zamanda təhsil aldığım Bakı Slavyan Universitetinin adını hər zaman uca tutmaq üçün əlimdən gələni edəcəyəm”.
Sonda E. Xanızadə hər zaman ona dəstək olan universitet rəhbərliyi və Beynəlxalq münasibətlər fakültəsinin dekanlığına minnətdarlığını bildirib. Aytəkin Qardaşova
BSU-nun Mətbuat xidmətinin əməkdaşı

Administratorla əlaqə

077 611-55-22

[email protected]