İdman / Maraqlı

Dopinq aşkarlanan idmançılardan mükafat geri alınır? - Sual idman cameəsini ikiyə böldü

15-07-2017, 10:29
Atletika Federasiyası: “Mükafatı geri alırıq”

Fuad Muradov: “Təşkilatçı komitə istəsə mükafatını geri ala, istəsə almaya bilər”

IV İslam Həmrəyliyi Oyunlarından sonra müxtəlif milli federasiyaların ümumilikdə 109 idmançısını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli bu barədə məlumat verib. Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. Məsələnin maraqlı və diqqətçəkən tərəfi isə budur ki, görəsən dopinq aşkarlanan idmançılara verilən mükafatlar geri alınırmı? Azərbaycan Atletika Federasiyasından Cebhe.info-ya verilən məlumatda bildirilib ki, beynəlxalq çərçivəli yarışlar zamanı bu cür nüanslar aşkarlanarsa, idmançılardan titullarla yanaşı mükafatlar da geri alınır:

“İslam Oyunları kimi həm ölkədaxili, həm də ölkəxarici beynəlxalq yarışmalarda bu cür hallar aşkarlanarsa, mükafatlar geri alınır”.

Azərbaycan Atletika Federasiyasından o da vurğulanıb ki, onları təmsil edən idmançılarda 3 dəfə dopinq aşkarlanıb ki, bu zaman beynəlxalq tədbirlər olmadığı üçün heç bir mükafat geri alınmayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat katibi Əzizə İsmayılova da Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, gənclər və idman naziri öncəki çıxışlarında bildirib ki, mükafatlar geri alınmır.

Təəssüflər olsun ki, məsələni aydınlaşdırmaq üçün nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə əlaqə qura bilmədik.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri, millət vəkili Fuad Muradov isə Cebhe.info-ya açıqlamasında sualımıza konkret cavab verməyib. O bildirib ki, beynəlxalq qanunvericiliyə görə, beynəlmiləl arenalarda təşkil edilən idman yarışlarında şəxs ilk 3-lükdə yer alıbsa, bir neçə gün sonra onda dopinq aşkarlanıbsa, həmin idmançılar cərimələnir:

“Yerli kubok keçirilərsə, təşkilatçı komitə istəsə mükafatını geri ala da bilər, almaya da bilər. Dövlət daxilində verilən mükafatlar beynəlxalq adlarla bağlı verilənlərdən fərqlidir. Dopinq məsələlərinə Dünya Antidopinq Agentliyinin sifarişi əsasında Beynəlxalq Olimpiya Komitəsinin, yaxud da Dünya Çempionatının Təşkilat Komitəsində baxılır”. Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib.

Nigar Cahid

Administratorla əlaqə

077 611-55-22

[email protected]