İqtisadiyyat

Dünyanın ən bahalı yolları Azərbaycanda: 37 milyon dollarlıq yolda gedirik

13-07-2017, 09:51
Natiq Cəfərli: “Bu məbləğ xarici ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir”

Məlumdur ki, tikinti sahəsində ən çox vəsait xərclənən sahə məhz yol tikintisidir. Hər il dünya ölkələrində yol infrastrukturunun qurulması üçün milyardlarla vəsait xərclənir. Hələ bir neçə il öncə beynəlxalq araşdırma şirkəti hansı ölkənin yol tikintisinə daha çox pul xərclədiyinə dair hesabat açıqlamışdı. Sənədə əsasən, Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17.6 milyon dollara başa gəlir. Agentlik müqayisə üçün ABŞ-da eyni yolun 5.9 milyon, Avropa Birliyi ölkələrində 6.9 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəldiyini açıqlamışdı. Belə məlum olurdu ki, 1 kilometr yola ruslar ABŞ-dan 3 dəfə, Avropadan 2.5 dəfə, Çindən isə 8 dəfə çox pul xərcləyir.

Azərbaycanda da yol tikintisi ağrılı və problemli sahə kimi xarakterizə olunur.Mütəmadi aparılan təmir-tikinti işləri, bitməyən yol çəkilişləri günün mənzərəsidir.Hətta bir sıra yollar var ki, 3-5 ildir tikinti işləri gedir, amma hələ də işlər yekunlaşmayıb.Ekspertlər bildirirlər ki, Azərbaycan dünya ölkələri arasında yol tikintisinə ən çox pul xərcləyən ölkədir. Belə ki, Azərbaycanda hər 1 kilometr yol tikintisi üçün 11 milyon dollar, bəzi hallarda isə 18 və 24 milyon dollar vəsait xərclənir.

Digər tərəfdən Azərbaycanda yol tikintisinə vəsait mərhələli şəkildə ayrılır. Statistik məlumatlara nəzər salsaq, görərik ki, bir yolun tikintisi 3-5 il müddətində davam edir və hər il də milyonlarla vəsait xərclənir. Məsələn, 2014-cü ildə Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (həmin dövr üçün dolların məzənnəsi 0.78 manao olduğundan təqribən 109 milyon dollar- V.M) pul xərclənib. Yəni, 1 kilometr yolun çəkilməsi üçün 37 milyon dollar sərf olunub.Müqayisə üçün qeyd edək ki, uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (həmin dövrün məzənnəsi ilə 146 milyon dollar- V.M), yəni, 1 kilometrə 7 milyon dollar xərclənib.Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.1 kilometr yolun çəkilməsinə xərclənən pullar arasında 5 dəfə fərq var. Yuxarıda da qeyd olunduğu kimi, yol tikintisi üçün vəsait adətən, mərhələli şəkildə ayrılır. Məsələn, 2015-ci ildə “Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi” layihəsində Azərbaycan tərəfi 2010-cu ildə 1 milyon, 2011-ci ildə 15 milyon, 2012-ci ildə 10 milyon, 2013-cü ildə 20 milyon, 2014-cü ildə isə 17 milyon manat vəsait ayırıb. Yəni, ümumilikdə bu layihənin icrasına 63 milyon manat xərclənib.

Bütün bu əməliyyatlar da Ziya Məmmədovun zamanına təsadüf edir.Deməli, Ziya Məmmədov nazir olduğu dönəmlərdə yolları bu qiymətə çəkib. O yolları ki, indi hamısı dağılmaq ərəfəsindədir.

Ümumiyyətlə, yolun smeta dəyərini əvvəlcədən hesablamaq mümkün deyilmi?Belə bir mexanizm yoxdur, yoxsa ancaq Azərbaycanda işləmir?



İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında yol layihələrinin qiymət baxımından bir-birindən fərqlənmə səbəbini korrupsiya ilə əlaqələndirib:

“Belə bir mexanizm təbii ki, var və bir çox layihələrin smeta dəyəri əvvəlcədən hesablanır. Beynəlxalq standartlarda layihənin smeta dəyərinin artıb-azalması nəzərə alınaraq 10 faizli sədd tətbiq olunur.Yəni, layihənin dəyərinin dəyişməsi 10 faizli həddi keçməməlidir.Azərbaycanda isə manat sabit olduğu zamanlarda layihə dəyərinin artmasına heç bir amil təsir göstərmirdi.Manatın dəyərdən düşməsindən sonra bəzi amillər, müəyyən avadanlıqların xaricdən gətirilməsi layihənin maya dəyərinə təsir göstərə bilir.Amma Azərbaycanda yol layihələrinin müxtəlif qiymətdə olması və bir-birindən çox fərqlənməsi dövlət büdcəsindən ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsindən irəli gəlir.Bu haqda dəfələrlə, hətta rəsmi şəkildə Hesablama Palatasının hesabatlarında da qeyd olunub.Qeyri-şəffaf şəkildə xərclənən büdcə vəsaitində təbii ki, müxtəlif formada korrupsiya hallarına da rast gəlinir.

Bu amil özü layihənin maya dəyərinin artmasına səbəb olur.Əslində Azərbaycanda 1 kilometr yolun çəkilməsinə ayrılan xərclər xarici ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir.Azərbaycan bu sahədə Rusiyadan da geri qalır.Rusiya mətbuatının yazdığına görə, onların özündə də yol-tikinti qiymətlərinin artması məhz korrupsiya faktları ilə bağlıdır.Azərbaycanda da bu problemlər var və ona görə də layihələrin smeta dəyərləri bir-birindən kifayət qədər fərqlənir.Baxmayaraq ki, yol çəkilişində istifadə olunan əsas komponentlər, xammal yerli istehsaldır.Yalnız bəzi avadanlıqlar xarici ölkələrdən gətirilir”.

Vilayət Muxtar

Administratorla əlaqə

077 611-55-22

[email protected]