Energetika Nazirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü anım tədbiri keçirilib -FOTO
Xeberman.com xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Daha sonra çıxış edən Energetika Nazirliyi Aparat rəhbərinin müavini Həsən Məmmədov 27 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.
Tədbir 20 yanavar hadisələrinin işıqlandırılmasında, informasiya blokadasının yarılmasında müstəsna xidmətə malik "Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş, əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadənin nitqi ilə davam edib. Tanınmış jurnalist 20 Yanvar faciəsindən sonra yeganə olaraq "Səhər" qəzetinin bütün çətinliklərə baxmayaraq, Bakıda baş verənləri öz səhifələrində əks etdirməsi, qəzetin matəm nömrəsini 2 milyon tirajla buraxaraq həqiqətlərin çatdırılması kimi mühüm bir işin öhdəsindən necə gəlmələri ilə bağlı xatirələrini bölüşüb.
20 yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan M. Süleymanzadə xatırladıb ki, olduqca mürəkkəb bir vəziyyətdə Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz ulu öndərin səyləri nəticəsində 20 yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb.
Yekun olaraq qeyd edilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində bütün zəruri tədbirlər görülməkdə davam edir.