Siyasət
İşğal olunmuş 7 rayon qaytarılacaqmı?
10-01-2016, 18:29
"ABŞ və Rusiya yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində nüfuz davasına çıxırlar. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri deklarativ qərar və bəyanatlardan o yana keçə bilmədikləri üçün hazırda təşəbbüsü ələ almağa çalışırlar”.
Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin Azərbaycanın işğal olunmuş 7 rayonunun geri qaytarılması fikrinə münasibət bildirərkən deyib.
A.Nağıyev qeyd edib ki, 7 rayonun qaytarılması məsələsi bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən də səsləndirilib: "Lakin bu iddialar da bəyanatdan o yana keçmədi, hətta bundan sonra təmas xəttində və sərhəddə vəziyyət daha da gərginləşdi. Yəni Dmitri Savelyevin verdiyi məlumat yeni bir məsələ deyil. Bütün beynəlxalq təşkilatlar və ictimaiyyət bilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas açar fiqurlardan biridir. Yəni bu gün Rusiya deyirsə ki, 7 rayon qaytarılmalıdır, deməli, Ermənistan hər hansı bir rolu və qərar vermək iqtidarında olmayan dövlətdir”.
A.Nağıyevin fikrincə, eyni zamanda ABŞ formatı dəyişmək naminə, öz növbəsində, icmaların görüşməsi təklifini irəli sürür, Konqresdə dinləmələr keçirir və təşəbbüsü ələ almaqla Rusiyanın rolunu kiçiltməyə çalışır: "Bir sözlə, əsas məsələ nüfuz qazanmaqdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələ beynəlxalq qurumlar tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyüdür və sonradan digər addımlar atılmalıdır. Yəni bu da Madrid prinsiplərində öz əksini tapıb. Düşünürəm ki, bizim əsas vəzifəmiz güclü ordunun formalaşdırılması və güc nümayişi vasitəsilə Ermənistanı və onun havadarlarını sülh danışıqları masasına əyləşdirməkdir. Əks təqdirdə, nüfuz davası və təşəbbüs naminə danışıqlar uzanacaq və bizim xeyrimizə olmayan status-kvo saxlanılacaq”.