İslam

QMİ: Bəzi məscidlərdə azan vaxtı rəsmi təqvimə uyğun verilməyib

17-06-2017, 16:49

Azərbaycanda məzhəbindən asılı olmayaraq, müsəlman dini icmaları mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində (QMİ) birləşdiyindən, bu qurumun verdiyi fətvalar bütün müsəlman icmalarına şamil olunur.

Xeberman.com xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, komitə Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəli şəkildə Ramazan ayı ərəfəsində və ay boyu respublika üzrə əsas məscidlərin axund və imamları, habelə, dini icmaların sədrləri ilə müvafiq söhbətlərin aparılması, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işləri davam etdirib. Dini aktivliyi ilə seçilən məscidlərə xüsusi nəzarətin həyata keçirilməsi, həmin məscidlərlə bağlı aidiyyəti orqanların fəaliyyətinin Dövlət Komitəsi ilə əlaqələndirilməsi istiqamətində də tədbirlər mütəmadi olaraq görülür.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-dini Şurasının verdiyi fətvaya əsasən, bu il 27 may Ramazan ayının birinci gününə, Fitr bayramı (Ramazan bayramı), yəni şəvval ayının 1-i, miladi təqvimlə iyunun 26-na təsadüf edib. Ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı QMİ Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanıb.

Komitə bildirir ki, dini təqvimlərin - namaz vaxtlarının və əlamətdar dini bayramların müəyyən edilməsi QMİ-nin səlahiyyətindədir və müsəlman dini icmalarının da belə şəri məsələlərdə bu quruma tabeçilik göstərmələri vacibdir.

Bu baxımdan, DQİDK dini icmalar tərəfindən həmin təqvimə riayət olunması istiqamətində müvafiq tədbirləri davam etdirib. QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməyən dini icmalara ciddi xəbərdarlıq edilib və sözügedən məsələ diqqət mərkəzində saxlanılıb. Görülən tədbirlər nəticəsində ölkə ərazisindəki məscidlərin mütləq əksəriyyətində QMİ-nin rəsmi təqviminə riayət olunmaqdadır.

Lakin Ramazan ayının ilk günlərində qeyri-rəsmi şəxslər tərəfindən bəzi məscidlərin daxilində, həyətində, yaxud məscidə yaxın ərazilərdə fərqli təqvimlərin dindarlara paylanmasına cəhdlər də qeydə alınıb. Belə hallara Bərdə, Goranboy, Quba və Biləsuvar rayonlarında rast gəlinib. Aşkarlanan faktlar üzrə dərhal zəruri tədbirlər görülüb, qeyri-rəsmi təqvimlər yığışdırılıb.

Bundan əlavə, Lənkəran, Astara və Bərdə rayonlarının bəzi məscidlərində azan vaxtının rəsmi təqvimə uyğun verilməməsi ilə bağlı daxil olmuş məlumatlar əsasında müvafiq tədbirlər görülüb, neqativ hallar aradan qaldırılıb.

Bundan başqa Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən və dövlət qeydiyyatından keçən dini icmalar iftar süfrələri ətrafında dini maarifləndirici tədbirlər keçirirlər. Həmin iftar süfrələrində ziyalılar, din xadimləri, ağsaqqallar, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları və Dövlət Komitəsinin əməkdaşları iştirak edirlər. Qeyd olunan bütün tədbirlərdə dindarlarla söhbətlər aparılır, ümumi həmrəylik, vəhdət mühiti yaradılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]