Xəbərlər / Şikayət

Yol polisinin tanınmış ziyalının qızı ilə rüşvət qalmaqalı: Məsələ ictimailəşdi

16-06-2017, 21:39

Keçmiş deputat Xeyrəddin Qoca yol polisinin qızından rüşvət almasını ictimailəşdirib.

Oxu.Az-ın məlumatına görə, tanınmış ziyalı yol polisinin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkədə status paylaşıb:

“Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb. Maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq. Qızım müfəttişlərə bildirib ki, elə indi işdən icazə almışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salmadıqlarını bildiriblər.

Müfəttişlər deyiblər ki, get, Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!. Qızım məcbur olub, ora gedib, qapısında “E.Seyidov” yazılmış polis kapitanı qızıma deyib: “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”.

Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb. Əlbəttə, mən Polis İdarəsinin rəhbərliyini telefonla axtardım, cavab verən olmadı. Sonra daxili işlər nazirinin əlaqədar müavininə zəng vurdum, məşğul olduğu üçün danışa bilmədim. İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?”

X.Qoca bir qədər əvvəl yazdığı statusda yol polisi zabitinin 100 manatı geri qaytardığını qeyd edib: “Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov 100 manatı bu gün geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çörək pulu üçün mənim yanıma gəlmişdi...”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında, məsələdən jurnalistlərin zəngilə xəbər tutduğunu bildirdi: “Hazırda bu məsələni araşdırırıq. Araşdırmamız başa çatdıqdan sonra ictimaiyyətə açıqlama verəcəyik” .


Administratorla əlaqə

077 611-55-22

[email protected]