Əsas Səhifə / Avto

Vahid Nuriyevin MMX biznesi

28-12-2015, 16:28

Sürücünün məlumatı olmadan sistemə vurulan cəriməyə görə faizlə ödəyənlər, maşını cərimə meydançasına salınanlar var

Baş Dövlət Yol Polisi İdarəsinin MMX-sı (Mərkəzi Məlumat Xidməti) sürücülər üçün bir kabusa çevrilib. Bu gün araşdırma aparsaq, hər 10 maşından 6-7-nin MMX protokolu var. Bir az da dərinə gedib sürücüləri sorğu-sual etsək, məlum olacaq ki, onların əksəriyyətinin bundan xəbəri yoxdur. O zaman DYP-nin bu sistemi nəyə lazımdır? Bir sistem ki, 2013-cü ilin MMX radarını sürücüyə 2015-ci ildə rəsmiləşdirir, bunun harası 21-ci əsrin texnologiyasıdır?

Sürücü Daxili İşlər Nazirliyinin saytındakı (mia.gov.az) cərimələrin öyrənilməsi sistemində sürücülük vəsiqəsi ilə araşdırma aparır və məlum olur ki, onun ödənilməmiş cəriməsi yoxdur. Ertəsi gün yolda DYP inspektoru həmin sürücünü saxlayıb «3 radarın, 1 dənə də ödənilməmiş cərimən var» deyəndə, insanı şaxtalı havada da tər basır. Yaxud da, sürücü yolda xidmət aparan yol polisi əməkdaşının əlindəki və ya maşınındakı bort-komputerdə öz avtomobilinin cəriməsinin olub-olmadığını öyrənir. Məlum olur ki, tər-təmizdir. İki gündən sonra maşını alqı-satqı etmək üçün Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinə yaxınlaşdıqda məlum olur ki, avtomobilin radarı və ya ödənilməmiş cəriməsi var. Maraqlı sual yaranır: niyə müvafiq məlumatlar sürücüyə vaxtında çatdırılmır? Özü də bu gecikmənin acısını hər bir halda sürücülər yaşayır.

Bu gün elə sürücülər var ki, az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Araşdırıldıqda məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur. Heç ona məktub-filan da çatdırılmayıb. Çatdırılmanın növləri sırasında ən yaxşı vasitələrdən biri yolda həmin avtomobili saxlayıb printer vasitəsilə elektron protokolları çap edərək sürücüyə təqdim etməkdir ki, biz yol polisinin fəaliyyətində bu təcrübəyə rast gəlmirik.

Dəfələrlə olub ki, Avtosfer.az-a müraciət edən sürücülər yol polisi tərəfindən saxlanıldığını və bir neçə MMX radarı olması barədə xəbərdarlıq edildiyini, maşının cərimə meydançasına aparılması tələbinin irəli sürüldüyü bildiriblər. Lakin həmin sürücülər inspektordan protokolu çap etməyi xahiş etsələr də, qarşı tərəf bundan imtina edib və uzaqlaşıb. Bəzən isə sürücüdən sürücülük vəsiqəsini alıb «get cəriməni ödə, çekləri gətir, vəsiqəni qaytarım» tələbini irəli sürülməsi barədə də məlumatlar gəlir. Amma qanunda qayda nəzərdə tutulmayıb. Bəzi sürücülər iddia edirlər ki, 5-6 ay əvvəl radara düşüb, lakin ona heç bir bildiriş gəlməyib. Amma 6 aydan sonra yol polisi onu saxlayıb və cəriməni faizi ilə birlikdə ödətdirib.
Belə çıxır ki, bir MMX-ya görə sürücüyə üçqat zərbə dəyir.

1. Radara düşməsi və ya digər qayda pozuntusu barədə elektron protokol sürücüyə vaxtında çatdırılmır və sürücü də qanunla nəzərdə tutulmuş halda cəriməni vaxtında ödəyib 10 faizlik güzəştdən istifadə edə bilmir. Məsələn, 10 gün ərzində ödəmiş olsa, sürücü 50 manatlıq cərimənin 45 manatını ödəyərdi.

2. Müəyyən edilmiş 1 ay müddətində cərimə ödənilmədiyi üçün üzərinə 2 ay ərzində faiz gəlir. 50 manatlıq cərimə 80 manat olur. Sürücüyə məlumat çatdırılmadığı halda cərimə sistemə vurulur. Sürücüyə həmin cəriməni faizlə ödətdirirlər.

3. Nəhayət, ən böyük problem odur ki, cəriməni ödətdirmək üçün əksər hallarda yol polisi avtomobili cərimə meydançasına aparır. Sürücü cəriməni ödəyəndən sonra «sənədləri məhkəməyə göndərəcəm, sürücülük hüququn məhdudlaşdırılacaq» kimi sözlərlə vəziyyəti daha da qəlizləşdirirlər. Bəzən «şirinlik» uman inspektorlara da rast gəlinir. Beləliklə də, sürücü bir MMX-ya görə üçqat ziyana düşür. Amma cərimə bildirişi vaxtında sürücüyə çatdırılmış olsaydı, bunların heç biri baş verməzdi.

Hər halda, sürücülər də başa düşürlər ki, cərimə mütləq ödənilməlidir. Mübahisəli məsələlər varsa vaxtında şikayət edib araşdırma tələb etmək olar. Amma sürücü törətdiyi inzibati xətanı qəbul edirsə, ünvanına gələn bildirişlə birlikdə banka gedib cəriməni ödəməlidir. Lakin bu gün bildiriş alan sürücülər də cəriməni ödəməkdə çətinlik çəkirlər. Yol polisindən gələn cərimə protokolu sistemə vurulmur. Bu halda sürücü məcbur qalıb yaşadığı ərazi üzrə Dövlət Yol Polisi Şöbəsinə getməlidir ki, həmin protokol sistemə vurulsun.

Qanunvericilikdə elektron vasitələrin köməyi ilə qeydə alınmış qayda pozuntularına görə sürücünün yol polisi şöbələrinə çağırılması qadağan edilib. Lakin sürücü əlində bildiriş ola-ola cəriməni banka ödəyə bilmir və məcbur olub DYP şöbələrinə üz tutur. Bu da əlavə vaxt itkisi və neqativ halların meydana gəlməsi deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə deyir ki, sürücyə cərimə protokolu çatdırıldıqdan 10 gün sonra sistemə vurulur və qərara çevrilir: «Bu yaxınlarda Lənkəranda bir sürücü şikayət etmişdi ki, cərimə protokolu ona vaxtında çatdırılmayıb. Lakin biz araşdırdıq və məlum oldu ki, həmin adam Lənkəranda olmur, uzun müddətdir Bakıda «8-ci kilometr» bazarında işləyir. Bəzən olur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə protokolunu sürücünün 18 yaşına çatmış ailə üzvü alır, imza atıb qəbul edir. Bundan 10 gün sonra həmin protokol qərara çevrilir. Məktubu alan şəxs isə sürücüyə bəzən məlumat vermədiyi üçün sonradan onun barəsində çıxarılan qərarda heç bir qanun pozuntsu yoxdur. Ən azından, ailə üzvləri sürücüyə məlumat verməlidir. Bu halda sürücünün «mənim xəbərim yozdur» deməsi düzgün deyil».

Elməddin Muradlı

Administratorla əlaqə

077 611-55-22

[email protected]