Xəbərlər / Şikayət
"Kapital Bank"dan möhtəşəm nağdlaşdırılma fırıldağı: Bankdan çıxarılan milyonların üstü açılır
16-06-2017, 10:49
Qəzetimizin ötən saylarında Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Kamran Zülfüqarov 13 vətəndaşın hər birinə çatası 72 min manat (cəmi 936000) kompensasiyanın necə mənimsənildiyini sübut edən mühüm sənədləri gizlədərək, fakt üzrə heç bir araşdırma aparmadığı, həmçinin Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin rəhbərlik etdiyi dəstənin vətəndaşlara çatası yüz minlərlə manat pulun bankdan saxta sənədlərlə necə çıxarılması barədə redaksiyamıza müraciət edən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55-də yaşayan Əliyev Ağasadıx İbrahim oğlunun şikayətini dərc etmişdik. Lakin bu günlərdə redaksiyamıza təqdim olunan bir sıra mühüm sənədləri gözdən keçirərkən mövzuya yenidən qayıtmaq məcburiyyətində qaldıq.
Qeyd etdiyimiz kimi, bu kompensasiya qalmaqalı bir müddət əvvəl Xəzər Rayon Polis İdarəsində araşdırılıb, lakin polis idarəsinin müstəntiqi Kamran Zülfüqarov mühüm sənədləri gizlədərək, fakt üzrə çox səthi araşdırma aparıb. Bu barədə Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayan şikayətçi isə respublikanın hüquq-mühafizə və məhkəmə orqanlarında pozulan hüquqlarının bərpasını istəyir.
A.Əliyev bildirir ki, çoxsaylı dəlil və sübutların olmasına baxmayaraq, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Kamran Zülfüqarov şikayətin əsl detallarını araşdırmadan qeyri-obyektiv qərar çıxarıb.
«Telman Qəniyevin adının siyahıya salınmasını bələdiyyə sədri Mətləb Əliyev tapşırıb»
Müraciətdən məlum olur ki, A.Əliyevin Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba-Sumqayıt istiqamətində 10 sot həyətyanı torpaq sahəsi olub və 2010-cu ildə Dövlət Əmlak Komitəsindən ona məxsus torpağın Bilgəh qəsəbəsi-Sumqayıt avtomobil yolunun tikintisi ilə bağlı plana düşdüyünü bildiriblər. Komitədən ona Buzovna qəsəbəsində bu məsələ ilə əlaqədar komissiya yaradıldığını və həmin komissiyaya müraciət etməsini deyiblər. Əlavə olaraq bildirilib ki, torpağın hər sotuna 7200 manatdan hesablanmaqla ona dövlət tərəfindən 72 min manat məbləğində kompensasiya ödəniləcək. A.Əliyev sənədləri komissiyanın sədri Kamal Əliyevə təqdim edib. Lakin sonradan çox get-gələ salınan A.Əliyev sənədlərini komissiyadan geri alıb evə qayıdarkən yolda Buzovna bələdiyyəsində müfəttiş işləyən Mətanət Əkbərova ilə rastlaşıb. M.Əkbərova ona kompensasiyanı almağa kömək edəcəyini bildirib və torpağa aid olan sənədləri götürüb. Bir müddətdən sonra M.Əkbərova kompensasiyanı almaq üçün "Azəryolservis” ASC-ni (indiki "Azəravtoyol” ASC) məhkəməyə verməyi məsləhət edib. M.Əkbərova özü vəkil tutub və həmin ərazidə torpaq sahəsi olan 7 nəfərin adından Xəzər rayon Məhkəməsinə "Azəryolservis”ə qarşı iddia ərizəsi təqdim olunub. Lakin məhkəmənin gedişində şikayətçilərə məlum olub ki, iddia ərizəsinə həmin ərazidə torpaq sahəsi olmayan daha 4 nəfərin adı əlavə olunub. Həmin 4 nəfərdən biri – Telman Qəniyev Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin yeznəsi olub. M.Əkbərovadan Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin plana düşən ərazidə torpaq sahəsi olmayan qohumunun və digərlərinin adının nə üçün iddia ərizəsinə əlavə olunduğu soruşulduqda, o, şikayətçilərə Telman Qəniyevin adının siyahıya salınmasını bələdiyyə sədri Mətləb Əliyevin tapşırdığını, digər 3 nəfərin isə öz adamı olduğunu deyib.
"Azəryolservis”in yüksək vəzifəli şəxsi Faiq Məmmədovun «məsləhəti»…
Məhkəmə araşdırması ərəfəsində Mətanət Əkbərova iddiaçılara bildirib ki, şikayəti geri götürmək lazımdır, çünki "Azəryolservis”in vəzifəli şəxsi Faiq Məmmədov kompensasiyaları ödəməyə razıdır. M.Əkbərova eyni zamanda bildirib ki, pulların alınması üçün Faiq Məmmədovun adamı Sarvan Abbasova etibarnamə verilməlidir. İddiaçılar Sarvan Abbasova etibarnamə veriblər.
3 oktyabr 2014-cü il tarixdə Mətanət Əkbərova Ağasadıx Əliyevin evinə gələrək, ailə üzvlərinin yanında ona 30 min manat verib və bildirib ki, bu pul plana düşən torpağına verilən kompensasiyadır. A.Əliyev kompensasiyanın qalan hissəsini soruşanda, M.Əkbərova qalan 42 min manatı iki gündən sonra gətirəcəyini deyib. Bu barədə M.Əkbərova A.Əliyevə öz əli ilə qəbz yazaraq verib. M.Əkbərovanı içəri dəvət etdikdə, o, bələdiyyə sədri Mətləb Əliyevlə bərabər gəldiyini və onun maşında oturub gözlədiyini deyib. Mətanət Əkbərova bu zaman əlindəki kuloku açaraq içərisində çoxlu pul olduğunu göstərərək, digər vətəndaşların da kompensasiyasını verəcəyini bildirib.
İki gün keçir, lakin Mətanət Əkbərova qalan pulu gətirməyib. Ondan pulun qalan hissəsini nə vaxt verəcəyini soruşduqda, o, hər dəfə də müxtəlif bəhanələr gətirib.
Mətanət Əkbərova barəsində həbs qətimkan tədbiri seçilsə də…
Mətanət Əkbərova qalan 42 min manatı vermədiyi üçün A.Əliyev bu barədə aidiyyəti dövlət orqanlarına şikayət edib. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin təhqiqatçısı Elçin Qurbanov şikayəti təmin etməməsi barədə qərar qəbul edib. A.Əliyev Respublika Prokurorluğuna şikayət edib və təhqiqatçı Elçin Qurbanovun qərarı ləğv edilib. Şikayət araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Elnur Novruzovun icraatına verilib. E.Novruzov A.Əliyevdən, həyat yoldaşı Firəngiz Quliyevadan, Cəmil Zeynalovdan və Şücai Qızxanımdan izahat alıb. Müraciətdə Mətanət Əkbərovanın həmin şəxslərə qarşı da dələduzluq etdiyi bildirilir. İş Bakı Şəhər Baş Polis İdarəsində 8 ay yubadıldığına, heç bir irəliləyiş olmadığına görə müstəntiq Elnur Novruzovdan şikayət edilib və şikayət ərizəsi ondan alınaraq Xəzər rayon Polis İdarəsinin müstəntiqi Eldar Əliyevin icraatına verilib. Lakin, nədənsə, sonradan iş idarənin digər müstəntiqi Kamran Zülfüqarovun icraatına verilib.
Müraciətdə bildirilir ki, müstəntiq Kamran Zülfüqarov şikayətçiləri – Ağasadıx Əliyevi, həyat yoldaşı Firəngiz Quliyevanı, Qızxanım Şücaini, Cəmil Zeynalovu və Hürü Hüseynovanı polis idarəsinə dəvət edərək, onlara ağ vərəqlərə imza etdirib və izahat almağa vaxtı olmadığını, polis idarəsinə verdikləri şikayət ərizəsini həmin vərəqlərə köçürəcəyini deyib.
Müstəntiq Kamran Zülfüqarov bir neçə gündən sonra A.Əliyevi və həyat yoldaşı F.Quliyevanı polis idarəsinə çağıraraq deyib ki, Mətanət Əkbərovanın onlara qarşı dələduzluq etməsi sübut olunur, ona görə də onu həbs etmək istəyir, amma qorxur ki, hakim həbsi təmin etməsin. Məhkəmə prosesi zamanı məlum olub ki, Mətanət Əkbərova əvvələr də dələduzluq maddəsi ilə məhkum olunub. Odur ki, Mətanət Əkbərova barəsində həbs qətimkan tədbiri seçilib. Lakin üç aydan sonra Mətanət Əkbərova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılıb.
Bələdiyyə sədri Mətləb Əliyevin gizli yazdığı səslər…
Müraciətdə daha sonra bildirilir ki, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin Mətanət Əkbərovanın A.Əliyevə verəcəyi torpaq kompensasiyasından məlumatı olub. Mətləb Əliyev dəfələrlə bu işlə əlaqədar A.Əliyevi və həyat yoldaşı F.Quliyevanı bələdiyyəyə çağırıb, eləcə də evlərində olub və pulun işçisi Mətanət Əkbərovadan alınıb onlara verilməsinə kömək edəcəyinə söz verib. Hətta Mətləb Əliyev A.Əliyevi bələdiyyəyə dəvət edərək Mətanət Əkbərova ilə üzləşdirib. Sonralar Mətləb Əliyev həmin üzləşmənin səs yazısını A.Əliyevə verib və bunu özü yazdığını deyib. Həmin səs yazısı müstəntiq Kamran Zülfüqarova təqdim edilib. Müstəntiq səs yazısını sübut kimi qəbul etsə də, onun Mətanət Əkbərovanın ziyanına olduğunu başa düşəndə iş materiallarından çıxarıb və nəticədə, şikayət təmin olunmayıb.
A.Əliyev məsələ ilə bağlı Ədliyyə Nazirliyinin bələdiyyələrlə İş Mərkəzinə və Xəzər rayon İcra Hakimiyyətinə Buzovna bələdiyyəsində baş verən özbaşınalıqlar barədə ərizə ilə müraciət edib. Bundan narahat olan bələdiyyə sədri Mətləb Əliyev vətəndaşların dövlət orqanlarına etdiyi şikayət ərizələrini qanunsuz ələ keçirərək, Ağasadıx Əliyevi, həyat yoldaşı Firəngiz Quliyevanı, Qızxanım Şücaini və Azadə Zeynalovanı seçkili orqan və vəzifə olan Buzovna bələdiyyəsinin sədri kimi işgüzar nüfuzunun, həmçinin şərəf və ləyaqətin müdafiəsi barədə həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, ona vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Cavabdehlərdən ümumilikdə 400 min manat təzminat istəyib.
Şikayətçi A.Əliyev xüsusi olaraq bildirir ki, vətəndaşın dövlət orqanına etdiyi müraciət məhkəmədə sübut kimi istifadə oluna bilməz. Vətəndaşlar müraciətlərində Buzovna bələdiyyəsində qanunsuzluğun, savadsızlığın, özbaşınalığın hökm sürməsindən, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevdən və onun 2016-cı ilin mart ayına kimi işçisi olmuş Mətanət Əkbərovanın əməllərindən şikayət ediblər. Lakin Mətləb Əliyev bildirib ki, onun Mətanət Əkbərovanın əməllərindən, dələduzluq edərək vətəndaşları aldatmasından xəbəri olmayıb.
Bankdan çıxarılan 936000 manatın üstü açıldı…
Sözügedən iddia ilə başlanan məhkəmə prosesində Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənov bildirib ki, "Mətanət Əkbərova barəsində Xəzər rayon Məhkəməsindəki (İş № 1(003)-55/2017) sonuncu cinayət işinin materiallarında Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi var. Həmin mülki iş üzrə sizin mübahisə etdiyiniz torpaq sahələri üzrə digər vətəndaşlara pul ödənilib. Siz də Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib pulunuzu alın”.
Hakim Rəşad Həsənov həmin qətnamənin surətini (mülki iş № 2(006)-2911/2014) və cinayət (cinayət işi № 1(003)-55/2017) işindəki sənədlərin və ifadələrin surətini A.Əliyevə verib.
Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsində Mətanət Əkbərovanın və bələdiyyə sədri Mətləb Əliyevin bütün əməlləri əks olunub.
Sənədlərdən məlum olub ki, Mətanət Əkbərova Xəzər rayon Məhkəməsindən A.Əliyevgilin "Azəryolservis”ə qarşı iddia ərizələrini aldıqdan sonra onlardan xəbərsiz həmin iddia ilə, lakin tamamilə başqa şəxslərin adından Nəsimi rayon Məhkəməsinə torpaq sahəsinin əvəzinin ödənilməsi tələbi ilə müraciət edib. Qətnamə üzrə 13 iddiaçının kimliyi araşıdırılarkən məlum olub ki, məhkəməyə o şəxslər ki müraciət edib, onların yol çəkilişi ilə əlaqədar plana düşən torpaqları olmayıb. Lakin Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilib. Halbuki həmin iddiaçılar Mətanət Əkbərovanın və bələdiyyə sədri Mətləb Əliyevin yaxın qohumları və tanışlarıdır.
Sənədlərə və müraciətə əsasən, həmin iddiaçıların adlarını təqdim edirik:
1. Qəniyev Telman Qəni oğlu – bələdiyyə sədri Mətləb Əliyevin yeznəsi – bacısı Almazın həyat yoldaşı;
2. Zeynalov Hüseynbala Nail oğlu – bələdiyyə sədri Mətləb Əliyevin keçmiş sürücüsü. Pulu aldıqdan sonra işdən azad olunub;
3. Hüseynov İsrafil Rafiq oğlu – Buzovna bələdiyyəsinin üzvü və bələdiyyənin tabeliyində olan Buzovna qəbiristanlığının rəisi;
4. Əkbərova Xədicə Əkbər qızı – Mətanət Əkbərovanın doğma bacısı;
5. İsmayılova İlahə Cavad qızı – Mətanət Əkbərovanın bacısı Əkbərova Xədicə ilə bir yerdə işləyir. Xədicənin rəfiqəsi;
6. Qasımov Nazim Cəbrayıl oğlu – Mətanət Əkbərovanın qeyri-rəsmi həyar yoldaşı və iki oğlunun atası;
7. Cəfərova Ərkinaz Paşa qızı – Mətanət Əkbərovanın rəfiqəsi;
8. Muradova Elnarə Nadir qızı – Mətanət Əkbərovanın tanışı;
9. İlyasov İzzət Məhəmməd oğlu – Mətanət Əkbərovanın tanışı;
10. Kurbatova Sonya Abdullayevna – Mətanət Əkbərovanın tanışı, bu yaxınlarda vəfat edib;
11. Atakişiyev Əlihüseyn Ağababa oğlu – Mətanət Əkbərovanın tanışı, vəfat edib;
12. İsgəndərov Məhərrəm Mayis oğlu – Mətanət Əkbərovanın tanışı;
13. Ağakərimov Zakir Afres oğlu – Mətanət Əkbərovanın tanışı, vəfat edib.
Şikayətçi A.Əliyev isə xüsusi olaraq vurğulayır ki, əsl torpaq sahibləri kənarda qalıb və bu günə kimi pullarını ala bilmirlər. Hətta həmin cinayət işində (iş vərəqi səhifə 125) bələdiyyə sədri Mətləb Əliyev istintaqa verdiyi ifadəsində yeznəsi Telman Qəniyevin plana düşən sahədə topağı olmadığını bildirib.
Ölmüş adamın adına «Kapital Bank»ın «Rabitə» filialından çıxarılmış 72000 manat kimə təhvil verilib?
Bu yerdə haşiyə çıxaraq qeyd etmək lazımdır ki, Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, etibarnamə əsasında Sarvan Abbasovun «Kapital Bank»ın «Rabitə» filialından 13 iddiaçıdan 12-sinin adına, ümumlikdə 864.000 manat pul çıxartdığı istintaq materiallarının və "Azəryolservis”in işçi qrupunun direktoru Faiq Məmmədovun imzaladığı sənədlərdə təsdiq olunur. Sənədlərə və müraciətə əsasən, təqdim etdiyimiz iddiaçıların sırasında 3 nəfərin vəfat etdiyi bildirilir. Həmin 3 nəfərdən biri – Ağakişiyev Əlihüseyn Ağababa oğlunun redaksiyamıza təqdim olunan ölüm haqqında aktından məlum olur ki, o, 27 may 2014-cü ildə Bakı şəhər Xəzər rayonunda vəfat edib. Bu barədə 5 iyun 2014-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 484 №-li ölüm haqqında akt qeydi tərtib olunub.
Buna baxmayaraq, Ağakişiyev Əlihüseyn Ağababa oğluna məhkəmə Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qərarına əsasən, 72000 manatın «Kapital Bank»ın «Rabitə» filialından götürməsi üçün LİQ-in direktoru F.Məmmədovun və LİQ-in mühəndisi Ə.Sovqatovanın imzaladığı 02 oktyabr 2014-cü il tarixli xəbərdarlıq-bildirişi etibarnamə əsasında Sarvan Abbasov imzalayaraq alıb. «Kapital Bank»ın «Rabitə» filialının kassa məxaric orderindən məlum olur ki, Sarvan Abbasov elə səhərisi gün, yəni 03 oktyabr 2014-cü il tarixdə 4 ay öncə vəfat etmiş Ağakişiyev Əlihüseyn Ağababa oğlunun adına olan 72000 manatı bankdan çıxarıb. Lakin çox təəssüf ki, həmin pulun kimə verildiyi barədə dəqiq məlumat öyrənə bilmədik. Nədənsə, Xəzər rayon Polis İdarəsinin müstəntiqi Kamran Zülfüqarov bu sənədlərə məhəl qoymayıb. Ona görə də bu və digər məsələlərə yəqin ki, hüquq-mühafizə orqanları obyektiv araşdırma zamanı aydınlıq gətirəcək.
Digər bir maraqlı məqamı qeyd edək ki, əgər bələdiyyə sədri Mətləb Əliyevin yeznəsi Telman Qəniyevin plana düşən sahədə topaq sahəsi olmayıbsa, Nəsimi rayon Məhkəməsi ona 72 min manat kompensasiya verilməsi barədə necə qətnamə çıxarıb? Xəzər rayon Pİ-nin müstəntiqi Kamran Zülfüqarov niyə bu faktı da araşdırmayıb və şikayətçilərdən gizlədib?
Eyni zamanda, qeyd etmək lazımdır ki, cinayət işinin epizodları xeyli dolaşıqdır və iş üzrə şahid qismində dindirilənlərin ifadələri arasında fərqlər var.
Mətanət Əkbərova: «Sarvan Abbasov "Azəryolservis”in işçi qrupunun direktoru Faiq Məmmədovun adamıdır»
Sözügedən cinayət işinin materiallarında (iş vərəqi, səhifə 135-136) Abbasov Sarvan Yusif oğlu da ifadə verib. Bu, həmin Sarvan Abbasovdur ki, Mətanət Əkbərovanın təklifi ilə A.Əliyevgilin pullunun bankdan alınması üçün onun adına etibarnamə verilib. M.Əkbərovanın dediyinə görə, S.Abbasov "Azəryolservis”in işçi qrupunun direktoru Faiq Məmmədovun adamıdır.
Abbasov Sarvan Yusif oğlu isə ifadəsində aşağıdakıları bildirib: "Mətanət Əkbərova köhnə tanışımdır, onu 1990-ci illərdən tanıyıram. Mətanət təklif etdi ki, mühasibat işini bildiyim üçün ona müəyyən məsələlərdə köməklik göstərim. O, həmin vaxt bələdiyyədə işlədiyindən bələdiyyənin işi ilə əlaqədar hər hansı köməkliyin lazım olduğunu düşündüm. Mətanət bildirdi ki, torpaq sahələri plana düşmüşdür, vətəndaşların kompensasiya almalarında, hansı sənədlərin təqdim olunmasında köməkliyim lazımdır. Vətəndaşın torpaq sahəsinə görə eskiz-layihəsinin lazım olacağını, vətəndaşın özünün ərizə ilə "Azəryolservis”ə müraciət etməli olduğunu bildirdim. Mətanət bildirdi ki, köməklik göstərəcəyimə görə mənə 500 manat məbləğində hörmət edəcək. Ona görə də razılaşdım və Mətanətin təklifi ilə ona şəxsiyyət vəsiqəmin kserosurətini verdim. Bildiyimə görə, Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, Zeynalov Cəmil Elman oğlu, Hüseynova Hürü Səftər qızı, Cəfərova Ərkinaz Paşa qızına və qeyrilərinə onları müxtəlif instansiyalarda təmsil etməyimiz, o cümlədən "Kapital bank”ın "Rabitə” filialından onlara məxsus pulların alınmasına dair müxtəlif tarixli etibarnamələr vermişlər. Bundan sonra demək olar ki, mənim heç bir köməkliyim dəymədi, çünki həmin şəxslərin sənədləri qaydasında olmadığı üçün mən etibarnamələri geri qaytardım. Lakin mənə etibarnamə vermiş digər şəxslərin nümayəndəsi kimi məhkəmədə çıxış etmişəm, həmin şəxslərə məxsus pulları alıb Mətanətlə birlikdə vətəndaşlara paylamışıq, mən bildiyimə görə də həmin vətəndaşların heç birinin şikayəti yoxdur. Həmin vaxt mən bir vətəndaşın pulunu bankdan ala bilmədim, belə ki, Elnarə adlı qadının etibarnaməsində problem var idi, Elnarə özü pulu bankdan aldı. Həmin qadın özü bankdan pulu çıxartdı, mənim heç bir adiyyətim olmadı. Mətanət mənə 100 manat şirinlik verdi. Mənə etibarnamə verən heç bir şəxsin üzünü görməmişəm, həmçının notariat kontorunda olmamışam. Digər vətəndaşların işinin həllinə görə isə hər bir vətəndaş mənə 200 manat pul verdi”.
Sual: "Siz ilkin ifadənizdə göstərmisiniz ki, "Kapital Bank”ın "Rabitə” filialından 3-4 nəfərin pulunu alıb Mətanət Əkbərovaya vermişəm. Lakin iş materiallarından görünür ki, siz bankdan 12 nəfərin pulunu çıxartmısız. Bu ziddiyyəti nə ilə izah edə bilərsiniz?”
Cavab: "Mənim yadımdan çıxıb oradan neçə nəfərin pulunu almışam. Ola bilsin elə 12 nəfər olub”.
Sual: "Siz bankdan götürdüyünüz pulları harada, nə vaxt və kimə vermisiniz?”
Cavab: "Mən bankdan götürdüyüm pulların hamısını elə həmin gün Əzizbəyov körpüsünün yaxınlığında Mətanət Əkbərovaya paketdə vermişəm. Orada Mətanət pulları vətəndaşlara paylaşdırıb”.
Sual: "Siz demək istəyirsiniz ki, "Kapital Bank”ın "Rabitə” filialından 12 nəfərin, ümumlikdə 864.000 manat pulunu çıxartmısınız və əvəzində, 2400 manat şirinlik almısınız. İlkin ifadələrinizdə isə qeyd edirsiniz ki, 500 manat pul almısınız?”
Cavab: "Mən ilkin ifadəmdə düz qeyd etməmişəm, mənə 500 yox, 2400 manat pul çatmışdı”.
Qeyd edək ki, Xəzər rayon Pİ-nin müstəntiqi Kamran Zülfüqarov Sarvan Abbasovun da əməllərində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar verib. Görəsən, hansı maraq müstəntiq Kamran Zülfüqarovu bu addımı atmağa məcbur edib? Nə üçün belə ciddi faktların üstündən susaraq keçib?
Cinayət işinin materiallarını (iş vərəqi, səhifə 64-89) araşdırarkən məlum olur ki, Abbasov Sarvan Yusif oğlu həmin şəxslərin hər birinə çatası 72000 manat pulu "Kapital bank”ın "Rabitə” filialından kassa məxaric orderinə əsasən 03 oktyabr 2014-cü il tarixdə çıxarıb. Qeyd edək ki, Mətanət Əkbərova da 30000 manatı Ağasadıx Əliyevə məhz 03 oktyabr 2014-cü il tarixdə verib.
Daha bir çox sual ortaya çıxır: Abbasov Sarvan kimdir? Nə üçün iddiaçılara çatası pulları bankdan o çıxarıb? O, nə üçün bankdan çıxardığı pulları iddiaçılara, yəni əsl sahiblərinə deyil, Mətanət Əkbərovaya verib? Nə səbəbə Xəzər rayon Pİ-nin müstəntiqi Kamran Zülfüqarov belə ciddi faktlara göz yümüb?
«O, bankdan təxminən 10 nəfərin pulunu götürərək gətirmiş və…»
Yenə də həmin cinayət işinin materiallarında (iş vərəqi, səhifə 28-32) Əkbərova Mətanət Əkbər qızına qarşı müstəntiqin 06 avqust 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirləndirilib. Mətanət Əkbərova isə ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyib.
Sual: "Araşdırmalar zamanı ifadəsi alınmış Abbasov Sarvan Yusif oğlu bildirmişdir ki, siz torpaq sahələrinin plana düşdüyünü, vətəndaşların kompensasiya almalarında köməkliyi lazım olduğunu, ona 500 manat məbləğində hörmət edəcəyinizi dedikdən sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini sizə vermiş, bundan sonra onun heç bir köməkliyi dəyməmiş və günlərin birində siz zəng vuraraq onu "Kapital bank”ın "Rabitə” filialına çağırmış, bir neçə nəfərin adından yazılmış etibarnamələri, müəyyən sənədləri verərək "Rabitə” filialından sənədləri təqdim edərək pulu götürməsini tapşırdıqdan sonra o, bir neçə bağlamada 100-lük, 50-lik əskinaslardan ibarət pulu götürərək torbanı içərisindəki pulla birlikdə sizə vermişdir. Siz göstərdiyi köməkliyə görə ona 500 manat məbləğində pil vermisiniz. Bu barədə nə göstərə bilərsiniz?”
Cavab: "Sarvan düzgün ifadə vermir. Mən ona pul verməmişəm, həmçinin onunla birlikdə banka getməmişəm. O, bankdan təxminən 10 nəfərin pulunu götürərək gətirmiş və mənə yalnız bacımın və İlahənin adına olan hərəsi 72000 manatdan olmaqla pulları vermişdi. Bildirmək istəyirəm ki, həmin torpaq sahələri mənə məxsus olmuşdur. Lakin mən bacıma və İlahəyə bu barədə məlumat vermədim, mən onlardan sadəcə başqa adla etibarnamə aldım. Mən Buzovna bələdiyyəsində işlədiyimdən öz adımdan istəmirdim ki, pul çıxarım. Bacım və İlahəyə məlumat ona görə vermədim ki, fikirləşdim birdən etibarnaməni ləğv elətdirərlər və mən pulları ala bilmərəm. Bundan başqa, diğər şəxslərin pulları isə Sarvan mənimlə özü pul sahiblərinə paylamışdır. Həmin şəxslərin də heç nədən şikayəti yoxdur”.
Sual: "Sarvan Abbasov ifadəsində heç kimə pul vermədiyini, pulun hamısını sizə verdiyini göstərir. Bu barədə nə deyə bilərsiniz?”
Cavab: "O, düzgün ifadə vermir, hadisələr mən göstərdiyim kimi olmuşdur. O, yəqin qorxduğundan elə ifadə vermişdir”.
Sual: "Siz Bakı şəhər BPİ-də izahat verərkən bildirmisiniz ki, Qəniyev Telmanın torpaq sahəsi olmamış, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev ona saxta sənədlər düzəltmiş və pul almışdır. Həmçinin Ərkinazın pulunu Mətləbə verdiyinizi qeyd etmisiniz. Bu barədə nə deyə bilərsiniz?”
Cavab: "Mən onu qeyd edə bilərəm ki, Mətləb Əliyev məni işdən çıxartdığı üçün əsəbiləşmişdim, ona görə ona qarşı belə ifadə vermişdim”.
Sənədlərə əsasən demək olar ki, müstəntiq Kamran Zülfüqarov Mətanət Əkbərovanın ifadəsində toxunduğu məsələləri araşdırmayıb və M.Əkbərova izahatına dair heç bir sübut təqdim etməyib. Eyni zamanda, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin bacısının əri Telman Qəniyevin 2014-cü il tarixdə plana düşən torpağı olmadığı halda, 72000 manat pul alıb. Amma Mətləb Əliyev 30.06.2015-ci ildə "Təzadlar”a verdiyi müsahibəsində Mətanət Əkbərovanın heç bir günahı olmadığını və pulların hələ verilmədiyini deyib.
Pullar saxta sənədlərlə bir il əvvəl alınmasına baxmayaraq, Mətləb Əliyev yenə də vaxtilə bələdyiyyə işçisi olmuş Mətanət Əkbərovanı müdafiə edib. Bütün bunlar sirli suallar yaradır. Hesab edirik ki, hüquq-mühafizə orqanları bütün bunlara aydınlıq gətirəcək.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
"Təzadlar”ın Araşdırma Qrupu