Analitika

Regionda daha böyük müharibə ehtimalı - Bu "oyun" Azərbaycana da ziyan vura bilər

8-06-2017, 10:22
"Son vaxtlar Qətər dövləti ətrafında cərəyan edən hadisələr və onun başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb dövlətləri ilə münasibətlərinin pozulmasının pərdəarxası var. Qətərin terrorda ittiham edilməsində əsas arqumentlərdən biri odur ki, bu ölkə İranla yaxınlıq edib. Hadisələri təhlil edərkən görmək olar ki, Qətər nadir ölkələrdəndir ki, İranla sıx əlaqələri var. Qətərin terroru dəstəkləməkdə və onu maliyyələşdirməkdə ittiham edilməsinin arxasında da onun məhz İranla yaxınlıq etməsi durur. Çünki hazırda regionda İranın təklənmə siyasəti həyata keçirilir və istəyirlər ki, Qətər də digər ərəb dövlətləri kimi İrana qarşı birlikdə çıxış etsin. O ki qaldı terrorçulara maliyyə dəstəyinin verilməsinə, bunu dövlət yox, varlı ərəb şeyxləri edir. Onların isə maliyyə resursları Qətərin dövlət büdcəsindən az deyil".



Bu barədə Milli.Az-a açıqlamasında son günlər regionda Qətər və İran ətrafında baş verən hadisələri şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib.



Onun sözlərinə görə, bütün bunların arxasında ABŞ-ın təhlükəli oyunları durur: "Qətər uzun müddətdir ki, ərəb dövlətləri arasında Səudiyyə Ərəbistanı ilə birlikdə antiterror koalisiyasının fəal üzvüdür. Lakin hər şey "İslam koalisiyası"nın yaradılmasına dair dövlət başçılarının son danışıqlarından sonra dəyişdi. Bir sıra ərəb dövlətlərinin Qətəri terrorizm mənbəyi, terrorçuları maliyyələşdirən mənbə kimi göstərməsi və ona qarşı diplomatik və digər qadağa xarakterli addımların atılması, səfirliklərin bağlanması, təyyarə uçuşlarının qadağan edilməsi, "Əl-Cəzirə"nin bürolarının bağlanması və s. məsələlərə ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına son səfəri kontekstindən baxmaq lazımdır.



Çünki Tramp məhz Ər-Riyada səfərindən sonra İrana qarşı kəskin bəyanat verdi, Səudiyyə Ərəbistanı ilə isə bu ölkəyə 109 milyard dollarlıq yeni silah-sursat, texniki avadanlıq satılmasına dair anlaşma imzaladı. Hazırda Səudiyyə Ərəbistanı Yəmənlə müharibə aparır. Səudiyyənin bu qədər böyük miqdarda silah-sursat alması isə yalnız daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilə bilər.



Əslində, ABŞ-ın bu qədər silah və texnikanın regiona göndərməsi o deməkdir ki, cənab Trampın İran və Yaxın Şərq siyasətində müəyyən dəyişikliklər baş verir və bununla əlaqədar kəskin və çox təhlükəli addımlar atılır. Hətta Almaniyanın xarici işlər naziri də deyib ki, Yaxın Şərqdə "tramplaşma siyasəti" gedir və terrorizmlə mübarizədə müəyyən ziddiyyətli məqamlar və böyük təhlükələr yaranır".



Ekspertin fikrincə, təhlükə odur ki, "İŞİD"ə qarşı mübarizə indi də İrana tərəf yönəldilir: "İran parlamentində və Xomeyni məqbərəsində terror aktlarının törədilməsi göstərir ki, İranı terrorçuların hədəfinə çevirmək üçün müəyyən addımlar atılır. Xatırlatmaq lazımdır ki, Suriyanın dövlət ordusu da bir müddət əvvəl antiterror əməliyyatları apararkən ABŞ tərəfindən bombardmana məruz qalmışdı. Belə ziddiyyətli məqamda regionda vəziyyət kəskin şəkildə dəyişir. İranda indiyədək belə səviyyəli terror aktları olmamışdı. İndi belə terror aktlarının törədilməsi göstərir ki, regionda vəziyyət getdikcə gərginləşir. Bu ərəfədə Rusiyanın cənub sərhədlərində böyük ordu təlimləri keçirməsi də göstərir ki, tərəflər böyük müharibəyə hazırlaşırlar".



E.Ələsgərov hesab edir ki, regionda vəziyyətin gərginləşməsi ölkəmizin də maraqlarına uyğun deyil və Azərbaycan bəzi ehtiyat tədbirləri görməlidir: "Belə məqamda Azərbaycan düzgün xarici siyasətinə sadiq qalmalı, ayıq-sayıq olmalı və öz təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlər görməlidir. Digər tərəfdən, əgər regionda yeni böyük müharibə olsa, bunun Azərbaycana nəinki heç bir xeyiri olmayacaq, hətta ölkəmizə böyük ziyanı dəyəcək. Əvvəla, Azərbaycanla İran arasında "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində dəmiryolu tikilir, iqtisadi əlaqələr genişləndirilir. Ona görə müharibə bu layihələrin də icrasına böyük zərbə olacaq. İkincisi və ən əsası, İranda milyonlarla azərbaycanlı yaşayır və müharibənin olsa, onların bura köçü baş verə bilər ki, bu da bizim üçün artıq yük ola, dövləti zəiflədə bilər".

İlkin İzzət
Milli.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]