Əsas Səhifə / Xəbərlər
Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib
1-06-2017, 23:28
Fonddan APA-ya verilən məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar olub.
Uşaq evinin sakinləri bu məkanda yay mövsümünün ovqatını duyublar, müxtəlif mahnılar, rəqslər ifa ediblər, məharətlərini göstəriblər. L. Əliyeva şən musiqi nömrələrinin sədaları altında uşaqlarla birgə rəqs edib. Bir-birindən maraqlı musiqi nömrələrinin ifa olunduğu tədbirin yaddaqalan məqamlarından biri də hamının birgə yallı getməsi olub.
Çay süfrəsi arxasında davam edən tədbirdə L. Əliyeva uşaqlarla söhbət edib, onların bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, xatirə şəkli çəkdirib.
Bir saylı uşaq evinin 120 sakini var. Burada 3 yaşdan 18 yaşadək uşaqlar yaşayır, təhsil və tərbiyə alırlar. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə inşa olunub, 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan verir.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.
Şənliyin sonunda uşaqlara və yay düşərgəsinə hədiyyələr təqdim edilib.