Xəbərlər
“Bakı Marafonu-2017” yə start verilib
30-04-2017, 11:03
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.
Xeberman.com xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.
Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
“Bakı Marafonu 2017” yarışında qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.
Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.
7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.
“Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.