Dünya

Türkiyə milliyyətçiləri yeni qurultaya getməyə hazırlaşır

4-01-2016, 10:08

MHP daxilindəki "müxaliflər” növbədənkənar qurultay üçün lazım olan imzaları topladıqlarını açıqlayıblar




Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra əsas müxalifət partiyalarında "daxili müxalifət” yenidən fəallaşıb. Demokratik seçki təcrübəsinə əsasən siyasilər seçki uğursuzluğuna görə partiya sədrlərini günahlandırır və çıxış yolu kimi ən ilk variantı, yəni sədr dəyişikliyi və ya başqa adla etimadın təzələnməsi təşəbbüsünü irəli sürürlər.

Hazırda həm CHP, həm də MHP-də bu təşəbbüslər hər iki partiyanın növbədənkənar qurultaya gedəcəyini göstərir. Milliyyətçi Hərəkat Partiyasında isə partiyadaxili müxalifət artıq qurultaya getmək üçün əsas mərhələni qət edib. Türkiyə mediasının məlumatına görə, növbədənkənar qurultay tələb edən partiyadaxili müxalifət qurultayın keçirilməsi üçün gərəkli olan imzaları topladığını açıqlayıb. 
Bu barədə mətbuata MHP sədrliyinə ən iddialı namizədlərdən biri, keçmiş millət vəkili və parlament sədrinin müavini postlarını tutmuş Meral Akşener məlumat verib. M.Akşener bayram təbrikində bildirib ki, artıq qurultayın keçirilməsi üçün gərəkli imzalar toplanıb və yaxın günlərdə partiyanın mərkəzi aparatına təqdim ediləcək. 

Sitat: "Növbədənkənar qurultay tələbi ilə başlatığımız fəaliyyət tamamlanma mərhələsindədir. Bu mərhələdən sonra digər imza toplayan dostlarımızla birlikdə təyin edəcəyimiz ortaq bir vaxtda əlimizdəki imzaları birləşdirərək mürəciət prosesini başladacağıq”.

O da məlum olub ki, "müxalifətçilər” qurultay üçün gərəkli olan 275 imzanı artıq toplaya biliblər. İmzalar və lazımı hüquqi prosedurlar yerində olarsa, nizamnaməyə əsasən partiya rəhbərliyi növbədənkənar qurultay qərarı verməlidir. Ancaq o da məlumdur ki, MHP-nın hazırkı rəhbərliyi qurultay təklifinə isti yanaşmır. MHP başqanı Dövlət Bahçeli yetərli sayda imzanın olacağı təqdirdə belə mövcud nizamnamənin partiyanı növbədənkənar qurultay qərarı verməməsi üçün əsasları qoruyub saxlayır. 
Partiya daxili müxalifət isə qurultay tələbləri yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bəyan edib. Türkiyənin mövcud qanunlarına görə, bu halda məhkəmə partiyanın rəhbərliyinə keçici olaraq 4 idarəçi təyin edir və bu idarəçilər növbədənkənar quurltay elan edirlər. daha öncə bu durum Səadət Partiyası ətrafında baş verib. 

Türkiyə mətbuatının yazdığına görə, artıq MHP rəhbərliyi qurultay tələblərini müzakirə etmək üçün MHP-nin Kızılcahamamda yerləşən düşərgəsində mövcud vəziyyəti müzakirə edəcək. Qeyd edək ki, son parlament seçkilərindən sonra MHP-nin üzvləri Meral Akşener, Sinan Oğan və Koray Aydın partiyanın növbədənkənar qurultaya getməsi tələbi ilə çıxış ediblər. Sözügedən şəxslər MHP sədriliyinə iddialı olduqlarını açıqlayıblar. Ancaq gələn son bilgilərə görə, MHP sədrliyinə iddialıların sayı 3 nəfərdən çoxdur. 

Kənan Rövşənoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]