Əsas Səhifə / Gündəm

Nazim İsmayılovun “arzuolunmaz” əlaqələri

2-01-2016, 14:59
Son vaxtlar ölkə mətbuatında ardıcıl dərc olunan çoxsaylı materillardan da belə bir qənaətə gəlmək olur ki, bu gün əhalisinin məmur özbaşınalıqlarından daha çox əziyyət çəkdiyi bölgələrimizdən biri də Sabirabad rayonudur. Qəzetimizin səhifələrində dərc etdiyimiz yazılarda biz də dəfələrlə bu mövzuya toxunaraq bildirmişik ki, son vaxtlar bəzi rayon və bölgələrdə yerli vətəndaşlar, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksək çinli məmurları tərəfindən nəzarətə götürülür.
 
Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda da vurğulanır ki, bu gün Sabirabadın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, orada Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun "maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda özünü tam ixtiyar sahibi kimi apararaq, bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır. Bu xüsusda rayondan aldığımız məlumatlardan birində deyilir: "Başı öz biznes maraqlarına qarışan Nazim İsmayılov xalqın problemlərinə biganə yanaşır, insanlarda dövlətə qarşı inamsızlıq yaradır. Bu gün Sabirabad rayonu olduqca acınacaqlı vəziyyətdədir. Rayon rəhbərliyinin, şəxsən icra başçısı Nazim İsmayılovun qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində rayonda problemlər aşıb-daşır. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyi, bu məqsədlə büdcədən yetərincə vəsait ayırdığı bir zamanda Sabirabad rayonu sanki bu prosesdən kənarda qalıb. İndiyə kimi Sabirabadın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb.
 
Bu məbləğlə rayonda bəzi işlər görülsə də, yeyinti hallarına daha çox yol verildiyindən bir sıra obyektləri təmir etmək mümkün olmayıb. Təmir edilənlərdə isə ucuz tikinti materiallarından istifadə edilib. Yəni vəsaitin çoxu mənimsənilib…” Daha sonra daxil olan məlumatlarda vurğulanır ki, Nazim İsmayılovun Sabirabadda yol verdiyi neqativ hallardan biri də "torpaq alverinin” geniş vüsət almasıdır. Başçının fəaliyyətini tənqid edən sakinlərin sözlərinə görə, Nazim İsmayılovun rəhbərliyi dövründə Sabirabadda nə qədər boş torpaq vardısa, hamısı satılıb. Rayonda elə adam yoxdur ki, başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin.
 
Digər tərəfdən də, icra başçısının sabirabadlılara yuxarıdan aşağı baxması, bəzi məmurlara da təsir edib. Sakinlər bildirirlər ki, rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin rəhbərləri də onlara qarşı kobud münasibət göstərirlər. Bundan başqa isə, əldə etdiyimiz məlumatlarda Nazim İsmayılov həm də spirtli içkilərə çox aludə olduğu vurğulanır. Hətta bildirilir ki, günün ikinci yarısında, yəni nahar fasiləsindən sonra, icra başçısı artıq nə sakinləri qəbul etmək, nə də hər hansı qərar vermək iqtidarında belə olmur. Mənbənin deməyinə görə, bu gün Sabirabad RİH-nin fəaliyyətini faktiki olaraq, başçının adamı İlham Əsgərov həyata keçirir.
Lakin bütün bunlar, Sabirabad rayonunda uzun müddətdən bəri bərqərar olmuş məmur özbaşınalıqlarının əsas göstəriciləri olaraq, əslində bu gün artıq çoxlarına məlum olan faktlardır. Bununla belə, ölkədə cərəyan edən son hadisələrin fonunda, Sabirabad RİH başçısının adı "MTN işi” ilə bağlı müəyyən eplzodlarda da hallanmaqdadır. Bu xüsusda açıqlama verən mənbənin iddiasına görə, Nazim İsmayılovun "arzuolunmaz” əlaqələrinə dair əsaslı dəlillər mövcuddur…

 

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]