Gündəm

BAŞÇI BİZNESİNİ GENİŞLƏNDİRİR - YENİ TALAN PLANI

12-05-2016, 21:47
Arif Qasımov rayonda fəaliyyət göstərən digər sahibkarların maraqlarına ciddi zərbələr vurur.

Artıq bir neçə müddətdir ki, ölkənin müxtəlif kütləvi informasiya vasitələrində Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun bir yüksək çinli dövlət məmuru olmasına rəğmən, sürəkli şəkildə biznes fəaliyyətilə məşğul olduğuna və bununla da ölkə qanunlarına tam etinasızlıq nümayiş etdirməsinə dair konkret faktların əks olunduğu materiallar dərc olunmaqdadır. O cümlədən bu xüsusda daxil olmuş məlumatlara görə, Arif Qasımov hələ Siyəzən rayonuna rəhbərlik etdiyi dövrdə burada bir neçə böyük ferma inşa etdirmişdi. Bu fermaları saхlamaq üçün də təbii ki, əkin və otlaq sahələrinə ehtiyac yaranıb. Başçı isə, bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını sözün əsil mənasında zəbt edib. Mənbələr bildirirlər ki, həmin ərazilər indinin özündə də Arif Qasımovun fermalarına хidmət edir.Digər tərəfdən isə, Arif müəllimin özü üçün yaratdığı biznes şəbəkəsi kifayət qədər çoxşaxəlidir. Məsələn, hazırda Siyəzəndə başçının bir neçə üzlük daşı istehsal edən sexləri də fəaliyyət göstərir. Həmin seхlər indiyədək rayonda görülən bütün təmir-tikinti işlərini inşaat materialları ilə təmin edib. Mənbələr iddia edirlər ki, Arif Qasımov bu sahəni tamamilə öz inhisarına alıb və onun göstərişilə əvvəllər eyni fəaliyyət sahəsində çalışmış sahibkarlar qısa müddət ərzində sıхışdırılaraq rayondan çıхarılıblar. Ümumiyyətlə, son illər Siyəzən rayonundan daxil olan məlumatlarda mütəmadi olaraq vurğulanırdı ki, icra başçısı yerli sahibkarlara hər zaman müxtəlif əngəllər yaratmaqla diqqəti cəlb edib. Qeyd olunurdu ki, Arif Qasımov Siyəzənin demək olar ki, bütün gəlirli sahələrini özünün və yaxın adamlarının nəzarətinə keçirib. Yerli iş adamlarına göstərilən təzyiqlərə nümunə kimi, Siyəzəndə həyata keçirilən abadlıq-quruculuq işlərinə sərf edilən vəsailərin də məhz sahibkarlardan alınması açıqlamalarda qeyd olunurdu. Məlumdur ki, yüksək vəzifəli məmurların, xüsusilə də rayon icra hakimiyyəti orqanlarına rəhbərlik edən şəxslərin hər hansı biznes sahəsinə maraq göstərmələri həm dövlətin, həm də eyni sahədə fəaliyyət göstərən digər sahibkarların maraqlarına ciddi zərbələr vurur. Belə ki, öz biznesini inkişaf etdirmək məqsədilə icra başçısı əlində olan bütün imkanlardan istifadə edərək, digər sahibkarları sıxışdırmağa başlayır. Nəticədə isə, qeyri-sağlam rəqabət mühitində işləmək iqtidarında olmayan sahibkarlar öz fəaliyyətlərini dayandırmalı olurlar. Digər tərəfdən isə, vəzifə sahibləri biznes şəbəkələrini genişləndirmək məqsədilə getdikcə daha çox sərmayə qoyuluşunu təmin etməyə çalışırlar. Bir məmurun gəliri isə, aydındır ki, dövlət vəsaitlərindən formalaşır. Təbii ki, burada söhbət təkcə məmurun aldığı məvacibdən gedə bilməz. Elə Arif Qasımovun fəaliyyətinin bəzi məqamları da bu deyilənlərə əyani sübutdur. Artıq qeyd olunduğu kimi, Arif Qasımov bu yaxınlara qədər Siyəzən RİH-nə rəhbərlik edirdi. Ondan əvvəl isə, bu məmur Nizami RİH başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi və Nizami rayon bələdiyyəsinin sədri vəzifələrində çalışıb. Bu iki vəzifə Arif Qasımova paytaxtın Nizami rayonunda özünə kifayət qədər möhkəm əsaslar yaratmaq imkanı verib. Məhz Siyəzən RİH-nə başçı təyin edildikdən sonra isə, o, artıq Nizami rayonunda da özünün biznes şəbəkəsini inkişaf etdirməyə başlayıb. Arif Qasımova məxsus olan kommersiya obyektlərindən təkcə biri, "Amazonka” adlanan obyekt artıq bu məmurun ambisiyaları barədə az-çox təəssürat yaratmağa kifayət qədər əsas verir. Əldə etdiyimiz məlumata görə, "Amazonka” paytaxtın 8-ci kilometr qəsəbəsi ərazisində, təxminən 1 hektarlıq ərazidə inşa edilmişdir. Həm də 3 mərtəbədən ibarət bu kompleksi konkret bir obyekt kimi təsnif etmək də olmaz. Belə ki, burada eyni zamanda şadlıq evi, ticarət mərkəzi, ictimai iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərirlər.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]