Xəbərlər

İlham Əliyevdən Ciddi göstəriş

11-04-2017, 23:08

Prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı dünənki göstərişindən sonra bir çox qərarlar qəbul oluna bilər. Çünki vəziyyət elə də yaxşı olmadığı üçün prezident İlham Əliyev bu məsələyə toxunaraq müəyyən göstərişlər verdi.

Bu sözləri BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında süni qiymət artımı ilə bağlı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda qiymət artımı ciddi narahatlıqlar yaradıb: "Dünən dövlət başçısı Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı göstəriş verdi. Deməli, qiymət artımı insanları narahat etməyə başlayıb ki, bu məsələ diqqətdədir. Əslində bu məsələni biz çoxdan qaldırmışıq. Azərbaycanda xeyli qiymət artımı var. Hətta Azərbaycanda istehsal olunan məhsulların da süni qiymət artımı həyata keçirilir.

Həm obyektiv, həm də subyektiv qiymət artımı var. Obyektiv qiymət odur ki, xaricdən dollarla mal alıb gətirib satırsan. Dolların da məzənnəsində müəyyən dəyişiklik olduğu üçün aldığın malın qiymətində avtomatik artım olur. Bu, başadüşünüləndir. Amma bir də var süni qiymət artımı. Azərbaycanda istehsal olunan malı maya dəyərindən artıq, yüksək qiymətə, yəni gəlirliliyi hardasa 10-12 faizdirsə, götürüb 50-60, hətta 100 faizə satırlar. Bu problem Azərbaycanda cox ciddidir. Uzun müddətdir ki, bu proses gedir”.

Vahid Əhmədov dərmanların qiymətlərində də bu halların baş verdiyini qeyd edib: "Son vaxtlar dərmanlarda necə qiymət artımı olduğunun şahidiyik. Ona görə də bu çox ciddi problemdir”.

Deputat hesab edir ki, ümumiyyətlə, Azərbaycanda qiymət siyasəti ilə əlaqədar problem var: "Bu kökündən həll olunmalıdır. Cənab Prezident də dünən çox ciddi göstəriş verdi. Yəqin ki, burada müəyyən problemlər öz həllini tapacaq. İqtisadiyyat Nazirliyinin xüsusi departamenti var. O departament bu qiymətlə məşğul olmalıdır və süni qiymət artımının qarşısı alınmalıdır. Çünki süni qiymət artımı narazılıqlara gətirib çıxarır, insanlar qiymətlərin çox yüksək olmasından gileylənir. Yəqin ki, bununla bağlı müəyyən qərarlar qəbul olunacaq. Amma süni və ya ümumi qiymət siyasəti ilə əlaqədar xüsusi qərarlara və analizlərə da ehtiyac var".

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında süni qiymət artımı ilə bağlı məqama da toxunub. Dövlət başçısı qeyd edib ki, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var: "Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]