Əsas Səhifə / Ölkə

YAP hakimiyyətinin Cəbhə-Müsavat məmurları - siyahıda ilginc adlar var...

2-01-2016, 08:57
Xəbər verildiyi kimi, Milli Məclisin 2015-ci ildə keçirilən son plenar iclasında (29 dekabr) Azərbaycanın milli valyutasının taleyi ciddi müzakirə mövzusu olub. Deputatlar manatın bir il ərzində iki dəfə ucuzlaşmasına görə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu kəskin ittiham ediblər.

Xüsusilə onun 1992-93-cü illərdə hakimiyyətdə olmuş "AXC iqtidarının uğursuz kadrı” olmasına dair deyilənlər diqqət çəkib.

Həmin dövrdə Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn isə buna kəskin reaksiya verib. "Elman Rüstəməov heç vaxt AXC üzvü olmayıb və AXC-ni təmsil etməyib. 1990-cı ildən Prezident Aparatında çalışıb və 1992-ci ildə ümidverən mütəxəsis kimi vəzifə verilib. AXC hakimiyyəti dövründə Mərkəzi Bankın siyasətini o müəyyən etməyib, rəhbər və bank siyasətinin müəyyənedicisi Cavanşir Abdullayev olub. Bu baxımdan, siyasi mənada AXC-nin kadrı kimi də Cavanşir Abdullayev sayıla bilər. Elman Rüstəmov 1995-ci ildə indiki iqtidar tərəfindən o vaxtkı Milli Bankın rəhbəri təyin edilib. 20 ildir ki, bu vəzifədədir və bu mənada, birbaşa indiki iqtidarın kadrıdır... Odur ki, Elman Rüstəmovu  tənqid edərkən AXC-ni xatırlatmaq sadəcə, ayıbdır və adamın gülüb, "ar olsun” deməyi gəlir” deyə P. Hüseyn bildirib. 

Qaynar.info-nun araşdırmasına görə, hazırda YAP hakimiyyətində bir çox yüksək post tutanlar AXC-Müsavat hakimiyyəti dövründə yuxarı vəzifələrə təyin olunublar. Onlardan bəziləri ya o vaxtki vəzigələrində qalır, ya da daha yuxarı postlara təyinat alıblar. 

Belə məmurlardan biri Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Belə ki, o, 1993-cü ildə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin olunub. Hazırda rəhbəri olduğu ASC məhz həmin qurumun varisidir. 

Hazırda ARDNŞ-in birinci vitse-prezidenti postunu tutan Xoşbəxt Yusifzadə isə 1992-ci ildə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti təyin edilib. Xatırladaq ki, ARDNŞ məhz "Azərineft” Dövlət Konserninin bazası əsasında yaradılıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə bu vəzifəyə 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bu vaxt artıq AXC iqtidara gəlmişdi. Hüseynovun təyinatı ilə bağlı sərəncamın altında isə o vaxt həm də prezident səlahiyyətlərini icra edən Ali Sovet sədri, Müsavatın sabiq başqanı İsa Qəmbərin imzası var. E. Hüseynov ölkənin ən stajlı icra başçısıdır.

Dövlət Statistika Komitəsinin mərhum sədri Arif Vəliyev 2014-cü ilin iyununda vəfat etməsəydi, böyük ehtimalla hələ də öz postunda idi. Vəliyev AXC-Müsavat iqtidarı zamanı adıçəkilən qurumun rəhbəri təyin edilmişdi və YAP hakimiyyəti zamanı bu yüksək postda qalmağı bacaran nadir iri məmurlardan idi.  

Həm də Milli Məclisin üzvü olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev də bu vəzifəyə AXC-Müsabvat iqtidarı dövründə gəlib. 1980-1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləyən, 1991-ci ildə isə Respublika Komitəsinin sədri vəzifəsinə seçilən Mehbalıyevin rəhbərliyi altında "Azərbaycan Həmkarlar İttifaqları Şurası və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə” təşkilat komissiyası yaradılıb. 1993-cü ilin fevralında AHİK-nın təsis qurultayı keçirilib. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Mehbalıyev AHİK-nın sədri seçilib və bu günədək də fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov da karyerasının yüksəliş dövrünə AXC-Müsavat hakimiyyəti dövründə başlayıb. O, 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi vəzifəsini daşıyıb. Sonradan bu qurum  Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi, 2003-cü ildən isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılıb. 
 
Hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri postunu tutan Cavid Qurbanov ən yüksək vəzifəyə məhz Cəbhə-Müsavat hakimiyyəti zamanı gətirilib. 1987-1992-ci illərdə "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyən Qurbanov, 1992-ci ildə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor postuna yüksəlib və bir il həmin vəzifədə qalıb. 

İlkin Hüseynli 
Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]