Əsas Səhifə / Yazarlar

Bəşəriyyətə məktub

1-01-2015, 17:36

Soyuq dekabr ayı idi. Ayın 16-sı olardı. Şaxtalar yenicə gəlməyə başlamışdı. Ancaq hələ qar görünmürdü. Yalnız çiskin yağışlar yağırdı. Səmadan düşən narın damcılar sanki yerlə rəqs edirdi. Artıq qarşıdan gələn yeni ilin ab-havası da duyulurdu. Şəhərdəki parklar əsrarəngiz bəzəkli yolkalarla, yollar, mağazalar , ağaclar isə rəngarəng işıqlarla bəzənmişdi. Olduqca çox gözəl görünürdü. Ən çox da şəhərin mərkəzi o qədər gözəlləşmişdi ki, adamı lap valeh edirdi. 2014-cü ilin çıxmasına sayılı günlər qalmışdı. Hər kəs 2015-ci ili böyük sevinc və səbirsizlik hissi ilə gözləyirdi. O, da həmçinin sevinirdi. Lakin o, bilirdi ki, yeni ildə onun həyatı yenə də həmişəki kimi dəyişməz qalacaq. İndiyədək çox yeni ili sevinclə qarşılamış, lakin bunların heç biri ona səadət dolu olan xoşbəxtlik gətirməmişdi. Bunu çox yaxşı xatırlayırdı. Ancaq yenə də ölmüş ümidləri bir gün diriləcək deyə yaşamağına davam edirdi. Axı onun da həyatında öz arzuları vardı. Onları gerçəkləşdirmək istəyirdi. Adı Günel idi. 21 yaşda olan tələbə qızıydı. Özəl universitetlərin birində təhsil alırdı. 4-cü kursda. Bu il məzun olacağından həmin günü böyük sevinclə gözləyirdi. Çox sevinirdi. İxtisası ən çox sevdiyi sahə filologiyaydı. Dərslərində də çox çalışqan və savadlı bir tələbəydi. Ancaq oxuduğu universitetdən heç razı deyildi. Ordakı tələbələrə ixtisasları ilə bağlı verilən primitiv “ali təhsil”, aşırı dərəcədə tələbə beynini dolduran lazımsız nəzəriyyələr, eləcə də bir neçə mühafizəkar meylli professor bir çox tələbəni olduğu kimi, Güneli də bezdirmişdi. Arzusu bu universiteti tez bir zamanda bitirib xarici ölkədə menecment ixtisası üzrə magistr təhsili almaqıydı. Müasir düşüncəli tolerant cəmiyyətə qaynayıb – qarışmaq, onların yiyələndiyi dünyagörüşünə sahib olub mədəni, maarifpərvər və ziyalı bir qadın olmaq istəyirdi. Sözün əsl mənasında tərəqqi etmək istəyirdi. Tək arzusu varıydısa o da bu idi. Onlar ailədə 4 nəfər idilər. Atası Kamran kişi, anası Sevinc xanım, qardaşı Kənan və özü. Kamran kişi vaxtilə polis məmuru olmuş, indi isə 51 yaşında təqaüdə çıxıb evdə otururdu. İmkanları da çox yaxşıydı. Kamran qadınların işləməsinə pis baxdığından Sevinc xanım da heç yerdə işləmirdi, 42 yaşında olan evdar qadınıydı. 26 yaşlı qardaşı Kənan oxumağa meylli olmadığından heç bir yerdə təhsil almamışdı, gündə bir restoranda ofisiant kimi işləyirdi. Günel isə ailənin ən kiçiyiydi. Sadəlövh olmasına baxmayaraq o, çox gözəl bir qızıydı, incə beli, mavigözləri, qızılgültək çöhrəsi var idi. Çevrəsindəki qızlardan isə daha çox öz səmimiyyəti və mənəvi paklığı, saflığı ilə seçilirdi. Amma nolsun ki??!!. Bu saflıq və gözəllik ona bircə dəfə də olsun sevinc və xoşbəxtlik gətirməmişdi. Sanki cəmiyyət bunları görmürdü, yaxud da əslində görüb görməməzlikdən gəlirdi. Fidan uşaqlıqdan şəhərdə böyüyüb başa çatsa da, onun ailəsi, xüsusən də valideynləri çox geridəqalmış düşüncə və dünyagörüşünə malik idilər. Vaxtıkeçmiş köhnə adət-ənənələri və qayda-qanunları göz bəbəkləri kimi qoruyub saxlayır, bütlərə çevrilmiş xurafat və mövhumatlara çox dərindən inanırdılar. Müasirlik, tərəqqi, azad həyat, dini çərçivələrdən kənar sərbəst düşünmək və insan hüquqları onlar üçün tamam yad olan anlayışlarıydı. Valideynləri onu və qardaşını avtoritar tərbiyə üsulu ilə böyütmüşdülər. Ailədə qoyduqları qadağaların, əmrlərın, cəzaların sayı hər dəfə getdikcə çoxalırdı. Bir şeyi sözlə-dillə başa salmaq əvəzinə əksinə nəyisə aşılamaq üçün uşaqlıqdan onlara ağır zərbələr endirər, şiddətlə döyər, uşaqlar kiçicik bir səhv edəndə isə acılayar, söyər və yaşıdlarının yanında onları pis təhqir edərdilər. Bu idi onların tətbiq etdikləri tərbiyə sistemi. Tək onların deyil, ümumiyyətlə Şərq cəmiyyətinin ta qədimdən bugünəqədər tətbiq etdiyi tərbiyə sistemi. Orta əsrlərdə fransız filosofu Jan Jak Russo “azad tərbiyə” ideyasını gətirsə də, onun heç ünsürləri belə sərhədləri aşıb bizlərə gəlib çatmamışdı. Konservant şəxsiyyətlərin üzündən. Çatanda da artıq heç kim tətbiq edə bilmirdi bunu. Müasir dövrümüzdə Azərbaycanda pedaqogika elmi inkişaf etsə də, ancaq çox təəssüflər olsun ki, avtoritar tərbiyə sistemi bu gün hələ də bir çox ailələrdə tətbiq olunmaqdadır. Şiddət dolu zərbələr övladların üzərindən heç əskik olmur. Belədi bu. Evin ən kiçiyi olduğunu bəhanə edib ailədə də ən çox Güneli sıxırdılar. Ona həddindən artıq nəzarət edir, hüquqlarını tapdalayır, azadlığını büsbütün əlindən alırdılar. Günel sərbəst heç nə düşünə bilməz, müstəqil olaraq heç bir qərarı verib ona uyğun hərəkət edə bilməzdi. O, sanki bir quluydu, nə desələr onu etməliydi. Onun həyatını idarəedənlər, onun yerinə qərar verənlər varıydı artıq. Məhz bu qərarlar onun müqəddəratını həll edirdi. Hər gün evdən universitetə, universitetdın evə. Zamanından və məkanından asılı olmayaraq universitetdən başqa heç yerə gedə də bilməzdi. Universitetdə ictimai işlərə qoşula bilməz, adicə hər ildə qeyd edilən Yeni il, Novruz bayramı kimi ən yaddaqalan bayram tədbirlərinə də qatıla bilməzdi. Nəinki tək, hətta rəfiqələri, qız qrup yoldaşları ilə bir dəfə də olsa onu gəzməyə buraxmırdılar. Universitetdə qrup yoldaşı olsa belə oğlanlarla səmimi yoldaşlıq münasibəti qurmağı ona qadağan etmişdilər. Ən dəhşətlisi isə “azadlıq” sözünü “günahdır” deyərək işlətməyə ona yasaqlamışdılar. Azadlığı təbliğ edən və əzilmiş insan hüquqlarından bəhs edən ciddi bədii ədəbiyyatı, xüsusən də Cəfər Cabbarlının “Sevil” əsərini oxumağı ona qadağan etmişdilər. Günelin bu yaşda artıq heç bir həmcinsində oxşarı olmayan kifayət qədər böyük dərdləri, sıxıntıları varıydı, onun hər gün içi sızlayırdı bütün bu iztirablardan. Günelin oxuduğu universitet şəhərin mərkəzində - çox gözəl bir yerdə yerləşdirdi. Qrupdakı qızlar və rəfiqələri hər dəfə bəzənib şəhəri gəzməyə gedərkən onlara həsrətlə baxardı. “Görəsən mən də nə vaxtsa onlartək belə azad ola biləcəmmi?? , Görəsən mən də nə vaxtsa onlartək sərbəst qərar verib buna görə hərəkət edə biləcəmmi?? , Görəsən mən də nə vaxtsa onlara qoşula biləcəmmi??!.”. Bu cür xəyali suallarla özünə təsəlli tapmağa çalışırdı. Ancaq bu təsəllilər heç cürə onun dərdərini azaltmırdı, əksinə getdikcə artırdı. Ümumiyyətlə bir nüans var ki, onu hamı bilməlidir. Bakı şəhərində qadınların vəziyyəti iki cürdür. Birinci tərəf tamamən hüquqsuz halda olanlardır. Valideynlərindən və yaxud da tabe olduqları ərlərindən savayı öz həyatı ilə bağlı heç bir qərarı verib buna görə hərəkət edə bilməzlər. Tabe olduğu insanlar nə desə o da onları etməlidi. Bir növ quldarlıq cəmiyyətində olan qullar kimi. Günel və onun kimilər bu qrupa aiddir. İkinci tərəfdə olan qadınlar isə olduqca azadlıq içində üzür, çox sərbəstdir, istədiyi yerə gedir, istədiyi insanlarla əlaqə yaradıb onlarla yaxınlıq edə bilir, istədiyi yerdə işləyir, istədiyi geyimi geyib istədiyi partiyə, əyləncə mərkəzinə gedir, küçədə, yolda, parklarda istədiyi yerişi , hərəkəti edə bilir. Bir sözlə ürəyindən nə keçirsə onu rahat şəkildə yerinə yetirə bilir. Ancaq çox əfsuslar olsun ki, onlara güvənilib verilən bu azadlıqdan və demokratiyadan sui-istifadə edənlər də az deyil cəmiyyətimizdə. Ümumiyyətlə onlar azadlıq deyilən məfhumun nə olduğunu belə heç anlamırlar, bunun nə demək olduğunu dərindən dərk edə bilmirlər, buna görə də qədrini bilməyib onu yanlış şeylərlə, ifratçı özbaşınalıqlarla qarışdırırlar. Azadlıq hər ağlımıza gələn şeyi doğru olub – olmadığını belə bilmədən həyata keçirmək deyil. Azadlıq cəmiyyətdə müasir görünmək üçün hansısa özünü qlamur adlandıran gənc bir qızın zorla valideynlərinə brend firmadan dəbə uyğun bahalı paltarlar aldırıb sonra da qəsdən açıq-saçıq geyinərək şəhərin mərkəzində bir neçə özü kimisi ilə özünü oğlanlara göstərib digər qızlara acıq vermək deyil. Azadlıq bütün kitabxanaların , eləcə də bütün dünyanı bir şəbəkədə birləşdirən İnternetin, Google kimi böyük axtarış sisteminin məhdudiyyətsiz olaraq, sərbəst şəkildə hər kəsin istifadəsində olduğu bir müddətdə mənasız olaraq hər şeyi dövlətin üstünə ataraq əlində plakatla küçəyə çıxıb boş-boş istefa, azadlıq qışqırmaq da deyil. Azadlıq hansısa bir qorxağın gücü çatmadığı birini günahsız yerə bıçaqlamağı və yaxud da yersiz qısqanclığı üzərindən bir ailənin bütün üzvlərini qətlə yetirməyi deyil. Azadlıq Suriyadakı ananın radikalistcəsinə öz övladının əyninə kamikadze bombasını yerləşdirib “Cihaddır” deyərək qəbul etmədiyi hakim idarələrin əsgərlərinin üzərinə göndərməyi də deyil. Bunların heç biri azadlıq deyil, bunlar anormallıqdır, bədbəxtliyin ən axrıncı variantlarıdır. Azadlıq ilk öncə öz şəffaf hüquqlarını yaxşı bilib onları hər zaman müdafiə etməkdir. Azadlıq ən azından bir şəxsiyyət olaraq heç bir mənəvi və sosial əsarətə boyun əyməməkdir. Azadlıq cəmiyyətə sarmaşıq kimi dolanan cəhalətdən və mövhumatlardan qurtulub yalnız öz iradəsinə görə yaşamaq deməkdir. Azadlıq qəhrəman qadın obrazı olan Seviltək qadınların üsyankarlığı, cəhalət dünyasına bombatək atılmış “Ölülər” əsərinin baş qəhrəmanı kefli İsgəndərtək insanların mövhumatlara qarşı olan gülüşləridir. Azadlıq hər bir ədalətsizliyə, haqsızlığa, dövrü despotizmə, süründürməçiliyə, insan şəxsiyyətini, hüquqlarını alçaldan və insanlar tərəfindən yaradılıb bütləşdirilmiş hər cür dini və ictimai buxovlara, patriarxal adət - ənənələrə, vaxtı keçmiş qayda – qanunlara üsyan edib bunları rədd etməkdir. Hansı ki, bütün bu buxovlar və qayda-qanunlar quldarlıq quruluşundan bu günə qədər milyonlarla insanın həyatının, taleyinin məhv olmasına başlıca səbəb olmuşdur. Ancaq yenə də mühafizəkar adamlar və marionetkalar bu gün bunları qoruyub saxlayır. Günelin valideynləri də onlardan idi. Günel bu il məzun olduğundan magistraturaya hazırlaşmağa başlamışdı. Oxuyub təhsil almağa çox meylli idi. Heç bir tyutor yanına getmədən evdə gizlicə oturub imtahanlara hazırlaşırdı. Magistr təhsilini xarici ölkədə - Amerikada almaq istəyirdi. Ancaq valideynləri qızının xaricdə təhsil almağına heç cürə razı deyildilər. Günel bunu ilk dəfə anasına deyəndə bu cavabı almışdı. Sevinc xanımː - Nəəə? nə deyirsən? Amerikaya gedib orda təhsil almaq? Deyəsən ağlın çaşıb sənin. Sən öz başınasan bəyəm? Yoxsa biz ipini bir az boş buraqmışıq? Sən hara, xaricə gedib təhsil almaq hara? Atan bilsə səni övladlıqdan rədd edər. Qızsan otur qız yerində. Yenə oğlan olsaydın başa düşərdim, ama sən qızsan, gedib orda pis yollara düşərsən birdən. Avropa əxlaqsızlıq yuvasıdı. Olmaz !!!. Günelː - “Ay ana, axı niyə?? Mən ki sizə pis bir övlad olmamışam. Zatən dediklərinizdən də heç vaxt kənara çıxmıram. Nə deyirsiniz canla başla yerinə yetirirəm. Gündəlik həyatım da ev, universitet və yollarda keçir. Mənim qrup yoldaşlarım, taylarım xaricə gedib təhsil aldığı halda axı niyə də mən getməyim? Noolar ana?”bunu deyərək anasını qucaqlayır ki, bəlkə onu yumşalda bilsin. Elə bu andaca Sevinc xanım ona yağlı bir sillə vururː - “Kəs səsini sənə deyirəm. Ehhh... Əsəblərim korlandı lap. Sənə qadağa qoyuram artıq. Bu söhbəti bir də açıb məni də, atanı da əsəbiləşdirmə. Bağla bu məsələni elə burdaca. Qurtardı getdi. Nöqtə! İndi isə tez itil gözümün qarşısından.” Bunu deyib qurtarmışdı ki, yerə yıxılmış məsum Günelin gözlərindən göz yaşı axmağa başladı. Bu göz yaşları körpə uşağın göz yaşlarıtək pakıydı. Onu qəhər boğmağa başladı. Dinməzcə ayağa qalxaraq otağına gedib qapını bağladı. Və səssizcə ağlamağa başladı. Mənzərə heç də ürəkaçan deyildi. Çünki bu səssiz ağlayışlar onun içini boşaltmaq əvəzinə əksinə qəhərini daha da dərinləşdirirdi. Getdikcə göz yaşları daha da artır, kiçik yastığı bu yaşlarla dolurdu. Günel ağlayıb-ağlayıb sonda yuxuya getdi. Axşam saat 9 – a işləyirdi. Həmin gün Sevinc xanım bu məsələni Günelin atasına da danışdı. Kamran bunu eşitdikcə əsəbiləşib özündən çıxdı, bərk-bərk danışmağa başladı. Kamranː -Nəə? Xaricə getmək? Mən nələr eşidirəm yoxsa yuxumu görürəm aman Allah?? Həyatda olmaz bu. İnternet, televizor, facebook çıxardanın atasına lənət. İndiki dövr gənclərinin beynini yeyir lap. Bunun bircə məqsədi var, o da elə budur. Gənclərin beynini yeyib xarab etmək. Orda Avropa ölkələrini, müasir cəmiyyəti və onların sərbəst yaşayış tərzini görürlər və başlıyırlar onlara meyllilik etməyə. Özlərini avropalaşdırırlar. Axı bu bizim mentalitetə ziddir. Olmaz! Həyatda qoymaram getsin, istəyir lap müəllim aparsın, istəyir lap qonşu ölkələr – Türkiyə, Rusiya olsun yenə də qoymaram, gedib orda pis yollara düşəcək. Bilirəm bunu. Ona görə olmaz!!! Sevinc xanımː - “Kamran, əsəbləşmə, mən onu bu gün lazımınca bunları başa salıb cəzalandırmışam. Bundan sonra daha bu söhbət açılmayacaq. Narahat olma sən. Gəl ondansa belə edək. Agent tutub yaxşıca tapşıraq ki, Güneli şəhərdə daima izləsin. Açığı bugünki söylədiklərindən sonra Güneldən lap şübhələnməyə başlamışam. Onun universitetdə olduğu vaxt nələr etdiyini, kimlərlə oturub-durduğunu, hansı işlərlə məşğul olduğunu biz bilməliyik. Ona görə mütləq onu yaxşıca güdəcək bir agent tutmalıyıq ki, bizə bu işlərdə büsbütün yardımçı olsun. Bu arada onun əl telefonunu da əlindən alaq, qoy ağlı başına gəlsin. Hmmm?? Nə deyirsən bu barədə?? Razısanmı??”Kamran bic-bic gülümsəyərəkː - “Ahaaa , deməli belə, çox yaxşı üsuldur əslində bu. Niyə də olmasın axı?!! Mən razı. Elə həmən öncə işə tez başlasaq yaxşı olar.” Valideynləri nəhayət birlikdə razılaşıb qərara ortaq oldular. Və ertəsi gün Güneldən xəbərsiz olaraq danışdıqları kimi təcrübəli bir agent tapıb işi reallaşdırdılar. Telefonunu da əlindən aldılar. Günel artıq nəinki kiməsə zəng edə biləcəkdi, o, hətta metroda, avtobusda və yollarda ona iyrənc baxışlarla baxan insanlardan diqqətini yayındırmaq üçün telefonunda mahnıya da qulaq asa bilməyəcəkdi. Beləcə valideynləriona belə bir zərbə vurdular. Günel çox gözəl, ağıllı, eləcə də saf bir qızıydı. Geyimi də özütək çox sadə və mədəniydi. Universitetdə özünü hər gün 1000 cür kosmetik vasitələrlə bəzəyib sanki toya gəlirmiş kimi davranan qızlarla onun arasında yerlə-göy qədər fərq varıydı. Hər gün elə bir adam da yoxuydu ki, ondan öz saf səmimiyyətini əsirgəsin, çox diqqətcil və mehriban biriydi. Bütün bu xüsusiyyətləri ilə universitetdəki əksər qızlardan öndə dururdu. Elə universitet oğlanlarının meylləri də ondaydı. Tez - tez ona sevgi məktubları, gözəl güllər və müxtəlif hədiyyələr gələrdi. Güneli çox sevirdilər. Bunlar isə ənənəvi olaraq Günelin qrup yoldaşlarını, rəfiqələrini, “yaxın dostlar”nı qıcıqlandırar, onları olduqca əsəbiləşdirərdi. Getdikcə Günel artıq özünə qarşı içləri nifrət, həsəd və paxıllıqlarla dolu olan düşmənlər qazanırdı. Paxıllıqlarından ona elə nifrət bəsləyirdilər ki, artıq məqam axtarırdılar ki, Günelə şər-böhtan atıb onun adına el-aləmdə, eləcə də universitetdə nəsə qara bir ləkə yaxsınlar. Hətta belə qız tutmaq üçün maşınla universitetə gələn bir neçə ağzısulu oğlanı öyrədib onun üzərinə göndərmişdilər ki, onlar Günelə yaxınlaşıb ilişsinlər və nəticə də Günel üçün nəsə bir problem yaransın. Onun haqqında yalandan söz-söhbətlər, şayiələr yaransın və adına xələl gəlsin. Tək istədikləri də bu idi. Onların qəlbləri şeytan xislətli idi. Baxın, bunlar belə “sədaqətli” və “etibarlı” rəfiqələriydilər. Bu gün demək olar ki, hər universitetdə oğlanlı, qızlı belə adamlara rast gəlmək mümkündür. Beləcə günlər keçir, agent hər gün öz vəzifəsini yerinə yetirir, “rəfiqələri” onun torbasını tikməyə çalışır, Günel isə getdikcə boğulurdu bu cəmiyyətdən. Beləcə günlər qovurdu bir-birini. Dekabrın 22 – si. Səhər saat 12-ə işləyir. Günel qəmgin halda auditoriyada oturub fikrə dalmışdı. Azərbaycan ədəbiyyatı dərsi gedirdi. Müəllimin birbaşa konspektdən olaraq yerindən söylədiyi monoton mühazirəsini isə tələbələrin artıq heç birisi dinləmirdilər. O, həm də dərs saatlarının az qalmasını bəhanə edərək Molla Pənah Vaqifdən sonra dahi ədiblərimiz olan - Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmməaquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və s. bu kimi mövzuları buraxıb birbaşa sovet şairlərinə keçmişdi. Sovet şairi olması ilə fəxr edən proletar şairləri ağız dolusu tərifləyirdi. Tələbələr də hər dəfə eyni adları eşitməkdən cana yığılmışdılar. Müəllimin konservativliyi də burdan sezilirdi. Nəhayət zəng vuruldu. 2-ci dərs də bitdi. 3-cü dərsə olan fənnin müəllimi isə deyilənə görə xəstələnmiş, buna görə dərsə gələ bilməmişdi o gün. Günelgilin qrupu dərsdən bu gün tez çıxacaqdı. Beləcə 3-cü dərsin zəngi vurulanda onlar artıq dərsdən çıxdılar. Qrup yoldaşı Samir neçə gün idi ki, Günelə demək istədikləri varıydı, sanki ondan xoşlanmışdı. Etiraf üçün uyğun vaxt, yaxşı imkan və məkan axtarırdı . Günel hər gün evdən universitetə, universitetdən evə gedib gəlirdi. Onu başqa bir yerdə tapmaq mümkün olmurdu. Bu neçə gündə də Günellə təklikdə danışmaq üçün heç cür münasib şərait yaranmamışdı. Lakin bu gün yaranacaqdı. Samir zaman itirmədən universitetin koridorunda Günelə yaxınlaşdı. Samirː -“Günel, olar səni bircə dəqiqə?” Günel ona sarı dönüb incə bir təbəssümlə gülümsəyərək “Aha, əlbəttə Samir, buyur. Sənə necə kömək edə bilərəm?” Valideynləri Günelə qrup oğlanlarıyla heç bir səmimi dostluq əlaqələri qurmağa icazə verməsələr də, o, qəlbindəki səmimiyyətini kimsədən əsirgəyə bilmirdi. Günel belə bir qızıydı. Samirː -Günel səninlə danışa bilərəm? Sənə vacib söyləyəcəklərim var. Mütləq danışmalıyam səninlə bu gün. Günelː -Buyur Samir, eşidirəm səni, danış. Samirː
- “Yox Günel, bu mövzu universitet dəhlizində danışılacaq qədər asan bir şey deyil, ciddi məsələdi, mümkünsə gəl yaxınlıqdakı Xaqani bağına gedək. Orda danışım sənə hər şeyi. Burda belə diqqəti çəkməyək. Dərsdən də tez çıxmışıq onsuzda. Məncə səninçün heç bir problem yaranmaz.” Samir nolursa olsun onu mütləq həmin gün ora aparmalıydı. Çünki hər şey əsas elə o vaxt başlayacaqdı. Günel gördü ki, həqiqətən Samir haqlıdır, dərsdən bu gün 1 dərs tez çıxıblar və xeyli oturub danışa bilərlər. Əgər tez evə getsə də valideynlərini buna heç cürə inandıra bilməyəcək. Həm də Samirin israrından sonra onun kimi mədəni və ağıllı bir oğlanın istəyini rədd edə bilməzdi. Onlar Xaqani bağına gəlib skamyaların birində əyləşdilər. Dekabr ayı olsa da hava günəşli idi. Günəş parlaq şəfəqlərini mavi səmadan şəhərə saçırdı. Yaxında yerləşən bağcalardan uşaqları hər gün bu bağa gəzdirməyə gətirərdilər. Və parkdan gələn bu uşaqların davamlı gülüş səsləri istər-istəməz adama o qədər müsbət təsir bağışlayırdı ki, hətta belə parkda özünü yalnız hiss edən insanların simasında maraqlı bir təbəssüm yaradırdı. Fəvvarələrin şırıltısı isə insanın ruhumu sakitləşdirdi. Ağaclar çılpaqlaşmışdı. Ancaq Xaqani bağı yenə də öz füsunkarlığını qoruyub saxlamaqda idi. Bu bağın artıq xeyli yaşı var. Bəziləri ona Molokan bağı, bəziləri isə 9 Yanvar bağı deyir. Belə bir gözəl məkan və ab-havada Samir öz etirafını edəcəkdi. Günelː
- “Bu da sənin Xaqani bağın. Buyur, indi danış görüm nə olub axı?! Eşidirəm səni Samir, başla görək.” Samir başlayaraqː “Əslində bilirsən Günel?? Sənə önəmli bir şeyi demək istəyirəm. Artıq neçə müddətdir ki, səndən çox xoşum gəlir. Sənə demək istəyirəm ki, səni çox sevirəm. Bunu nə vaxtdandır ki, qəlbimdə gizlədirdim, indi isə bilməyini istəyirəm. Universitetdəki səndən xoşlanan digər oğlanlar sənə anındaca yaxınlaşıb öz sevgi etiraflarını edirdilər, ancaq məndə belə olsun istəmədim. Uyğun bir şərait axtarırdım və onu da bu gün tapdım nəhayət.” Günel ona edilən bu etirafdan həqiqətən çox təəccübləndi, özünü azca itirdi, qəlbi sürətlə vurmağa başladıː “Samir mən nə deyəcəyimi bilmirəm, açığı səndən heç belə bir təklif də gözləmirdim, amma əsası odur ki, sən bunu vaxtında etiraf etdin. Sənə bir qrup yoldaşı kimi mənim böyük hörmətim var. O ki, qaldı verəcəyim cavaba mən hələ ki, heç bir qərar verə bilmərəm Samir. Özbaşına ümumiyyətlə heç bir qərarı verə bilmərəm. Bir müddət zaman keçməlidir. Bir-birimizi yaxşı tanımalıyıq. Gərək xasiyyətimiz bir-birinə uyuşsun, sonra mən bunu evə deyim. Sən mənim ailəmi, valideynlərimi heç tanımırsan Samir. Mənəm hər dəfə onların geridəqalmış adət-ənənələrinə, köhnə qayda-qanunlarına qurban gedən hüquqsuz qız. Onlara deyib razılıqlarını almamış nəinki kimləsə sevgi olmağımı, hətta əgər bilsələr ki, indi səninlə təkbətək belə parkda oturmuşam onda mənim kitabım bağlandı, məni daha universitetə belə buraxmazlar. Zatən ordan başqa mənim üçün gedə biləsi başqa bir yer də yoxdu, bu il məzun olacağam inşallah, kiçicik bir səhvə yol versəm nəticədə onu da itirər və bütün günü evdə dustaq qalaram. Nəticənin belə ola biləcəyini də çox yaxşı bilirəm.” Bunları demişdi ki, onu qorxu basmağa başladı, paranoyaya düşdü. Tez-tez boylanıb ətrafa baxırdı, sanki qəlbinə danmışdı və o bilirdi ki, indi kimsə tanışlardan onu 100% bu parkda oğlanla skamyada oturub söhbət edən görür. Samir onu belə gördüyündə sakitləşdirdi. Lakin hər şey həqiqətən də Günelin düşündüyü kimi idi . Ona paxıllıq edən bir neçə qız qrup yoldaşı dərsdən çıxarkən onları parkda bir yerdə mehribancasına oturub söhbət edən görür. Günelə ləkə yaxıb adına xələl gətirmək üçün axrı ki, əllərinə neçə aydır axtardıqları şans düşmüşdü artıq. Şeytancasına gülüb sevinirdilər. Günelin Samirlə birlikdə gizlincə şəkillərini telefonlarına çəkib həmin fotoları guya Günel parkda saatlarla oğlanla sevişirmiş şərhi ilə sosial şəbəkələrə, xüsusən də facebookdakı səhifələrə yerləşdirdilər. Adına böhtanlar yaxdılar. Söhbət tez bir zamanda bütün universitetə də yayıldı. Artıq universitetdə Güneli yaxşı bir qız deyil, pozğun biri kimi tanımağa başlamışdılar. Bir böhtan bir təmiz qızı bir andaca pozğuna çevirdi. Rektordan tutmuş müəllimələr və onu tanıyan-tanımayan da daxil olmaqla bütün tələbələr, küçədə-bacada hər kəs onu söyürdü. Universitetdə ona ləkə yaxan qızlartək pozğun olduğu halda heç kəsin gözü onları görməyib, məhz yayılan şayiəyə inanıb Güneli pozğun adlandırması heç də dövri paradokslara bənzəmirdi. Günelin arxasınca işlər çevrilirdi, lakin onun isə xəbəri belə yoxuydu olanlardan . Valideynlərinin tutduqları agent də həmçinin onları parkda bir yerdə görmüşdü. Bunun nə məsələ olduğunu öyrənmək üçün həmin universitetin tələbələrindən bunu soruşmaq qərarına gəldi. Bədbəxtlikdən də qarşısına elə bayaqkı Günelin parkda oğlanla şəkillərini çəkib ona ləkə yaxan qrup yoldaşları çıxdı. Agentː
- “Salam qızlar, üzr istəyirəm sizdən, bircə dəqiqə olar sizi? Bir-iki söz soruşacam .” Qızlar ona sarı gəldilər. Sanki bilir və gözlüyürdülər ki, həmin adam onlardan Güneli soruşacaq. Agent hardasa 35 yaşında olardı. Qızlardan biri dillənərəkː “Buyurun müəllim, eşidirik sizi.” Agentː
- “Qızlar, mən Günelin əmisiyəm, bilmirəm bilirsiniz ya yox, onu ailədə həmişə xüsusi nəzarət altında böyüdüblər. O, heç vaxt cızığından çıxmağa belə cürət edə bilməyib. Yolum təsadüfən burdan keçirdi , indicə gördüklərim məni lap çaşbaş salıb. Bayaqdan baxıram o parka, Günel orda bir oğlanla oturub söhbət edir. Müdaxilə etmək də istəmirəm, birdən həmin oğlan onun qrup yoldaşı və ya ana qohumlarından biri olar deyə. Kimdiki elə o oğlan, tanımırsızki?” Qızların sevinci birə-beş qalxdı. Elə bil bayaqdan bu sualı gözlüyürdülər ki, kimsə yaxınlaşsın onlara sorsun. Qızlardan biri özünü tülkülüyə vuraraq yalanlar uydurmağa başladıː
- “Müəllim, heç bilmirik bunu sizə necə söyləyək. Amma madam ki, siz onun doğmaca əmisiniz bunu sizdən heç cürə gizlədə bilmərik . O, oğlan artıq neçə ildir ki, Günellə sevgilidir. Nə onun qrup yoldaşıdır, nə də ki qohumu. Hardasa tanış olublar. Demək olar ki, hər gün görüşürlər. Ancaq oğlanın fikri heç ciddi deyil, Güneli sevmir. Onunla gəzmək, əylənib vaxt keçirmək üçün münasibətdədir. Qız isə onu həddindən artıq çox sevir. Günel bizim yaxın qrup yoldaşımızdır, bunları da özü bizə söyləyib, bağlandığından ondan ayrıla da bilmir. Sərsəri olub onun dərdindən. Biz yaxın rəfiqələri kimi kömək etmək üçün onunla dəfələrlə bu məsələdə danışmışıq. Oğlandan tez bir zamanda ayrılmağını tövsiyə etmişik. Ancaq nə xeyiri, bunları qulaq ardına vurub keçdi və indi bağlandığı həmin avara oğlana görə bizi – uzunmüddətdir yaxınlıq etdiyi yaxın rəfiqələrini də artıq silib. Ümumiyyətlə, son zamanlar Günel çox aqressiv, diqqətsiz və kobud olub. Dərsləri ilə heç məşğul olub eləmir, gündəlik dərs qiymətləri də çox aşağıdır. Bu günlərdə qış imtahanları da başlayır. Ancaq bütün bunlar və evdəkilər heç vecinə belə deyil. Fikri-zikri elə həmin oğlandır. Biz də çox narahatıq ki, sonu pis nəticə ilə qurtarar. Onu yetərincə cəzalandırmalısınız ki, o, əvvəlki Günelə geri qayıtsın. Bu qədər. Müəllim, ifadələrimizdəki kobudluqlara görə də sizdən çox üzr istəyirik. Lakin bunları sizə söyləmək bizim borcumuzdu, sizin tam haqqınızdır bunları bilmək. Bir əmi kimi siz bilməlisiniz ki, qardaşınız qızı nə işlərlə məşğul olur.” Agent özünü yalandan əsəbiləşmiş kimi göstərərəkː
-“Ahaa, deməli belə, yaxşı Günel, biz sənə göstərərik bunun nə demək olduğunu.” Qızlar bu sözü eşidəndə şeytani qəlblərindəki sevinclərindən uçurdular, bunu biruzə verməsələr belə. Bütün bunları danışdıqları qarşılarındakı adamın Günelin doğma əmisi olduğuna inanırdılar. Bədbəxt insanlar. Ancaq heç bilmirdilər ki, o adam da özləri kimi Günelə iftira atıb adına ləkə yaxmaq üçün alçalaraq eyni iyrənc yollara əl atmışdır. Qızlar onları başbaşa buraxıb aradan çıxmağa çalışdılar ki, agent əmisi bəlkə bu hadisəyə yerindəcə müdaxilə edib Güneli elə ordaca da möhkəm döyə. Qızlarː
-Müəllim, əgər soracağınız başqa sual yoxdursa biz artıq gedək, tələsik gedəcəyimiz yer var. Agentː
- “Aha, əlbəttə qızlar, buyurun yol sizindir, bu arada bunları mənə danışdığınız üçün sizə öz dərin təşəkkürümü bildirirəm. Mən özüm bu məsələ ilə xüsusən məşğul olacağam. Atası ilə birgə onu möhkəm cəzalandıracağam. Belə. Siz də gedin artıq, yolunuzdan qalmayın. Sağ olun.” Qızlar sevincək çıxıb getdilər. Agent olanları Günelin valideynlərinə sübut etmək üçün qızların səsini telefonunun səsyazma yerinə yazmış, Güneli isə oğlanla birlikdə fotoaparatıyla şəkillərini çəkmişdi. Və vaxt itirmədən tez bir zamanda evlərinə gedərək bugünkü bütün olayları onun valideynlərinə çatdırdı. Agentː
-Kamran müəllim və Sevinc xanım, siz mənə xüsusi bir vəzifə tapşırmışdınız, onu canla-başla yerinə yetirərək nəhayət həll edib bitirdim. Artıq qızınızın sizdən gizlətdiyi şeylərin hamısı məlumdur. Bu gün gördüm ki, qızınız Günel səhər dərsdən bir saat əvvəl tez çıxaraq bir oğlanla Molokan bağına gəldilər və skamyaların birində əyləşərək deyib-gülməyə başladılar. Oğlan birdən qohumunuz olar deyə müdaxilə etmədim. Məsələni dəqiqləşdirmək üçün elə ordaca Günelin bir neçə yaxın rəfiqə qrup yoldaşını tapıb xəlvətcə qırağa çəkdim. Özümü onlara Günelin əmisi kimi təqdim edərək olanları onlardan öyrənməyə çalışdım. Onlar da mənə inanıb Günellə bağlı bütün gerçəkləri danışdılar. Dedilər ki, həmin oğlan onu heç sevmir, onunla yalnız vaxt keçirib əylənmək üçün yaxınlıq edir. Qısası fikri heç ciddi deyil. Deyilənə görə, hər gün xəlvətcə görüşürlərmiş. Qız oğlanın onu sevmədiyini bilsə də, bağlandığından ondan heç cürə ayrıla bilmir. Günel özü bunu rəfiqələrinə etiraf edib. Həmin rəfiqələri onunla bu məsələdə dəfələrlə danışıb həmin oğlandan ayrılmağını tövsiyə ediblər. Lakin Günel onların heç birini dinləməyib, hətta həmin oğlana görə uzun müddət yaxınlıq etdiyi bu cür rəfiqələrini də silib. Son zamanlar çox aqressivləşib kobud və diqqətsiz olduğunu söylədilər. Yaxın günlərdə imtahanlarının yaxınlaşdığını vecinə belə almayaraq dərsləri ilə heç məşğul olmurmuş. Qiymətlərinin də çox aşağı olduğunu da dedilər. Bu qədər. Buyurun, bu da qızların danışıqlarının səsyazması və qızınızın oğlanla birlikdə olarkən fotoaparatımla çəkdiyim şəkilləri.” Bunları deyib dəlil materialları onlara verdi. Onlar şəkillərə baxıb səsyazmanı dinlədikdən sonra başlarına elə bil qaynar su tökdülər. Əsəblərindən Kamranın gözləri, Sevincin isə üzü qızardı. Kamran özünü toparlayıbː “Yaxşı oğlum, aydındı, sən üzərinə düşən vəzifəni tez bir zamanda tam yerinə yetirdin. Danışdığımız kimi. Götür bu sənə vəd etdiyim pul mükafatı” Cibindən 1000 manatlıq çek çıxarıb imzalayaraq ona verdi və dediː “Artıq vəzifən tamamlanıb, azadsan, gedə bilərsən.” Agent həmin bu 1000 manat üçün Günelə böyük bir böhtan ataraq adına ləkə yaxılmasının başlıca səbəbkarlarından oldu. Kamran onu casus təyin edərkən Güneldən şübhələndiyini, onunla bağlı sevmədiyi bir çox şeyləri danışmış və qızını yaxşıca izləməyi ona tapşırmışdı. Qızıyla bağlı problemli və gizli nəsə bir şey tapdığı təqdirdə ona böyük bir məbləğdə pul mükafatı verəcəyini də vəd etmişdi. Agent isə işə başladığı ilk həftədə Güneldə heç bir qüsur-problem tapmadığı halda məyus olmuşdu. Atasının ona vəd etdiyi pul mükafatını tez bir zamanda almaq üçün Günelə qarşı xüsusi bir təxribat hazırlamışdı. Məhz pul onu bu yola əl atıb alçalmağına səbəb oldu. Agent əslində Günelin başına gələnləri çox yaxşı bilirdi. Çünki bütün bu olayların hamısını da elə özü təşkil etmişdi. Hadisələr həmin gün belə qurulmuşdu: O gün 3-cü saata olan fənnin müəllimini tapıb rüşvət vermişdi ki, qəsdən həmin gün dərsə gəlməsin. Həmçinin Günelin mədəni və sakit oğlan kimi tanıyıb inandığı Samir də casusun adamıydı. Onu öyrədib göndərmişdi ki, Güneli boş keçən dərs vaxtı etiraf etmək adıyla parka gətirib söhbət eləsin. O da sübut üçün fotoaparatıyla onları birlikdə şəkillərini çəkib Günelin valideynlərinə göstərsin. Qızların Güneli oğlanla gördüyü vaxt onların şəkillərini çəkdiklərini görəndə isə agent hiss etdi ki, qızlar bütün ölkəyə Günel barədə şayiə yaymaq istəyirlər və buna elə indidən hazırdılar. Sevindi ki, həmin qızların amalı ilə öz amalı eynidir. Günelə böhtan atıb adına ləkə yaxmaq. Belə bir hiyləyə əl atdı. Qızların səsini gizlincə telefonuna yazıb Günelin valideynlərinə daha bir sübut aparmaq üçün onlara yaxınlaşdı. Və özünü Günelin əmisi kimi təqdim edərək istədiyi cavabı onlardan alıb səslərini yazdı. Beləcə bu iyrənc hərəkəti ilə bəlkə də həyatındakı ən böyük günahına batmış oldu. Pul üçün özünü alçaldıb azadlığa kor baxan məsum bir qızın bədbəxtliyinə səbəb oldu. Sonda isə vicdanı belə sızlamadan ona uzadılan pulu sevincək halda götürərək çıxıb getdi. Agent gedəndən sonra Kamran əsəbindən yenə qışqırıb coşmağa başladı. Kamranː
- “O, özün nə sanır belə? Ona kim icazə verib axı belə? İpi boş düşüb deyəsən. Özbaşına hərəkət etmək ? Oğlanla gəzmək? Adına söz çıxartmaq? Məni el-aləmdə rüsvay etmək? Yoox, nə qədər ki, mən sağam bunu belə qoymayacağam. Göstərəcəm ona bunun nə demək olduğunu.” Kamran bu məsələni öyrənmək üçün universitetə getdi. Bütün bu söz-söhbət artıq universitetdə də yayılmışdı. Ordakılardan soruşduqda isə bütün müəllim və tələbələr olayın doğru olduğunu ona söylədilər.Kamran bunu ordakılardan da eşidəndə artıq əsəbləri son həddə çatmışdı. Beləcə qızının sənədlərini alıb onu universitetdən çıxartdırdı. Günel bu il 4- cü kursuydu , sevinirdi ki, məzun olacaq və bu günü çox səbirsizliklə gözləyirdi, ancaq atası onu bu sevincdən də məhrum etdi. Kamran universitetdən çıxıb əsəbi halda evə gəldiyində Sevincin Güneli möhkəm danlayıb söyməsini gördü. Bu isə onun soymuş əsəblərini yenidən şiddətləndirdi. Günelə hücum çəkib onu şiddətli dərəcədə döyməyə başladı. Min cür əxlaqsız söyüşlər yağdıraraq məsum qızın bədəninə şiddət dolu ağır zərbələr endirirdi. Və getdikcə artan bu zərbələr Güneli lap əldən salırdı. Qardaşı bu acımazsız və qəddar mənzərənin şahidi olsa da, bacısına bircə qram da yazığı gəlib onun müdafiəsinə qalxmadı . Artıq o da şayiələrə inanıb bacısından üz döndərmişdi. Atası Güneli palaztək çırparaq yıxıb sürümüşdü. Günel düz yarım saat atasının təhqiramiz söyüşlərinin və ağır zərbələrinin günahsız qurbanı oldu. Ağzı-burnu partlamış, üz-gözü , eləcə də bədəni gömgöy olmuşdu. Sonda artıq zərbələrə tab gətirməyib huşunu itirdi. Valideynləri isə bundan heç təsirlənməyərək onu otağına aparıb atdılar və qapını da kilidlədilər. Məsum qız birdən- birə bu cür döyülüb bu hallara düşməsinin səbəbini də anlaya bilmirdi. Bəlkə də Günel həyatında nələr olduğunu, arxasından hansı işlər çevrildiyini, ona necə bir tələ hazırlandığını bilsəydi həmin gün heç evə də dönməzdi. Evə gəldiyində valideynlərinin ona heç bir söz demədən döyüb söyməsini heç cürə başa düşüb həzm edə bilmirdi. Oyanandan sonra bunun nə demək olduğunu göz bəbəkləritək çox istədiyi yeqanə qardaşından öyrənməyə çalışsa da, Kənan heç onun üzünə belə baxmadı. Günel baş verənlərin qarşısında aciz uşaqtək donub qalmışdı. Heç kim ona heç nə demək istəmirdi. Sonda o, bütün olanları, eləcə də universitetdən xaric olunduğunu evə çörək almağa gedərkən taksafondan yaxın qrup yoldaşına zəng edərək öyrəndi. Nəhayət bildi ki, ona bunu paxıl qrup yoldaşları və atasının ona tutduğu casus agent hazırlayıb. Günel də getdikcə nifrətlər yaranmağa başlamışdı cəmiyətə qarşı. Universiteti də, ordakı parazit qrup yoldaşlarını da birdəfəlik sildi. Lakin bu heç nəyi dəyişmədi. Onu hələ qarşıda daha acınacaqlı vəziyyətlər gözləyirdi. Atası onu tez bir zamanda orta əsr müsəlman – şərq cəmiyyətinin qaydalarına uyğun varlı bir tacir tanışına zorla ərə verdi. Bu izdivacda Günelin bu məsələyə razı olub-olmadığı ilə də heç maraqlanmadı. Günel isə yaşca özündən 30 yaş böyük olan bir kişiyə ərə verildiyini biləndə atasının ayaqlarına qapandı. Yalvarıb- yaxardı ki, tanıyıb sevmədiyi, üzünü ömründə bir dəfə də olsa görmədiyi, özündən yaşca olduqca böyük birinə ərə verməsin. Ancaq bu yalvarışlar heç bir şeyi dəyişmədi. Atası artıq qərarını vermişdi. Günel yanvar ayında zorla ərə verilib öz ailəsindən də betər köhnədünyagörüşlü, gerilikçi bir ailəyə düşdü. Beləcə daha bir gənc qız saqqallı yaşlının toruna düşdü. Qaynanası, baldızı onu gəlin gələn gündən qaralamışdılar, tez-tez onu sözləşib döyürdülər. Yazıq qızcığazın həyatı vəhşi insanların arasında çürüməkdə idi. Onu demək olar ki, hər gün döyürdülər. Bir gün Günel usanıb buna etirazını bildirəndə əri tərəfindən amansızcasına möhkəm döyüldü. Ağzından qapqara qan gəlmiş, əli-ayağı, bütün bədəni gömgöy göyərmişdi. Artıq danışmağa da taqəti qalmamışdı. Günel solmuş qızılgültək günü-gündən getdikcə arıqlayaraq əldən düşmüşdü. Daha əvvəlki gözəlliyi qalmamışdı. Güzgüdə özünə baxanda içi qan ağlayır, onu bu günlərə salan cəmiyyətə nifrət edirdi. Artıq qış fəsli bitmiş, gözəl yaz fəsli gəlmişdi. Mart ayı təzə gəlmişdi. Hər tərəf çiçəklənib əlvanlaşmışdı. Ancaq Günelin həyatındakı qış sanki əbədi idi, o bitmək bilmirdi. Niyəsə heç kim ona yaxın gəlmək, 5 – cə dəqiqə də olsun onu dinləyib başa düşmək istəmirdi. Hər gedib gələn bu yazıq qızı kötək altına salmışdı. Sanki o, bu həyata əzilmək, tapdalanıb üstündən keçilmək üçün gəlmişdi. Günel artıq buralarda yaşamaq istəmirdi. Bir müddət belə davam edəndən sonra günlərin birində o, qəflətən qeyb oldu. Valideynləri, əri, bütün nəsli onu hər yerdə axtardılar. Polis idarə və bölmələrinə, eləcə də telekanallara bu barədə xəbər verdilər, lakin Güneldən yenə bir səs çıxmadı. Üstündən 1 ay keçdi. Bir gün poçtalyon valideynlərinə Güneldən onlara göndərilmiş bir məktub gətirir. Ondan qalan son xatirə idi bu məktub. Üzərində iri tünd qırmızı hərflərlə “Bəşəriyyətə məktub” kəlməsi yazılmışdı. Tələsik onu açırlar. İçində belə yazılmışdı:
“Salam ata, ana. Bilirəm, indi bu məktubu dərin bir qəhərlə göz yaşları içində oxuyursunuz. Bu sətirlərdə yazılan misralar məndən sizə xatirə qalacaq sözlərimdi. Odur ki, məktubu yaxşıca oxuyaraq mənə diqqətlə qulaq asınız. Bəlkə bundan sonra məni anlayarsınız. Çünki sizlər məni ömründə bir dəfə də olsa başa düşmədiniz. Məni azca da olsa dinləmək də istəmədiniz. Buna çox peşmansınız. İndi isə məcburən dinləmək üzrəsiniz. Tapdaladıqlarınız mənim saf hüquqlarımıydı və bunu bildiyiniz halda onları mənə çox gördünüz, azadlığımı əlimdən aldınız. İblisqəlbli bir neçə qrup yoldaşım və tutduğunuz həmin alçaq agent mənə qarşı plan hazırlayaraq üzərimə böyük bir böhtan atdılar. Tək istədikləri adıma qara ləkə yaxmaqıydı və heç vicdanları belə sızlamadan onu da etdilər. Olanlar bütün aləmə yayıldı. Cəmiyyət mənə pozğun damğasını vuraraq özündən təcrid etdi. Siz də bütün bunlara inanıb məni universitetdən çıxardınız, şiddətli dərəcədə döydünüz, hələ bu yetmədi özümdən 30 yaş böyük olan qoca bir kaftara ərə verdiniz, onlar da məni sanki olanlar azıymış kimi bütün günü doymadan döydülər. Artıq bir gün partladım. Üsyan etdim. Qərara aldım ki, nə olursa olsun heç nəyə baxmayaraq buralardan getməliyəm. İndi isə mən gedirəm, gedirəm buralardan, daha dogrusu sizlərdən, sizin şəxsiyyəti alçaldan və köhnəlib geridəqalmış qayda – qanunlarınızdan qurtulub təzəcə qanad açmış qaranquştək azad olmağa gedirəm. Gedirəm bütünlüklə təcrid olunduğum bu iyrənc və xəstə cəmiyyətdən. Gedirəm buralardan. Görürəm mənə kiçicik yer belə yox burada, qalmağımın da mənası yox artıq. Bilirəm, indi məni itirdiyinizə görə çox peşman olmusunuz. Mənim geri qayıtmağımı istəyirsiniz??? Xeyr, mən daha qayıtmayacağam sizlərə. Elə bilirsiz özümə qəsd edəcəm??? Xeyr, mən bu səfər əsla əvvəlkilər kimi özümə intihar etməyə də getməyəcəyəm, çox şükürlər olsun Allaha intihar edəcək qədər ağlımı itirməmişəm hələ, özümdən sonrakılara da böyük bir nümunə olacam ki, artıq heç bir mənimtək əzilmiş hüquqsuz qadın intihara əl atmasın, zatən həyatda heç bir şey intihar etməyə də dəyməz heç, o ki, qaldı sizin qayda-qanunlarınız . Mən bu günlərdə fərqli bir tarix yazdım buralardan çıxıb getməyimlə. Mənim izimi, heç tozumu da tapa bilməyəcəksiniz artıq. Bu məktubu da kimsə bilməsin deyə avamcasına heç gizlətməyə də çalışmayın. Onu bilin ki, bu gün bu məktubun surətini ölkənin hər yerinə yazıb göndərmişəm. İnternet saytlardan, sosial şəbəkələrdən tutmuş bütün polis idarələrinə, məscidlərə, mətbuat idarələrinə, jurnal və qəzet redaksiyalarına, televiziyalara, prezidentin özünə belə göndərmişəm. Hətta internet üzərindən belə bu məktubu xarici ölkələrə də göndərmişəm. Odur ki, tarixə yazılacaq bu hadisədən nəinki bizim ölkənin, eləcə də bütün bəşəriyyətin də xəbəri olacaq. Qoy hər kəs bilsin ki, məni üzdə müasir olub ancaq əslində 7-ci əsr cahil ərəb düşüncəsini qoruyub saxlayan konservativ beyinli marianet cəmiyyətin lənətə gəlmiş “mentaliteti”, iyrənc qayda – qanunları tapdalayıb əzərək bu günə qoydu. Mənə pozğun, əxlaqsız damğasını vurdular. Halbuki əxlaqım da, tərbiyəm də, mənəviyyatım da safıydı. Bu gün bütün bu buxovlara, qayda - qanunlara artıq əvvəlkitək təkcə içimdə deyil, realda da üsyan edirəm. Və çox xoşbəxtəm, çox azadam, qəfəsdən qaçıb qurtulmuş qaranquştək azadam. Siz həminki cəmiyyətin içindəsiniz, mən isə artıq 1 aydır ki, Avropanın ən sivil, qabaqcıl və inkişafetmiş ölkələrinin birindəyəm. Tək ingilis dilini bilməyim və aldığım İELTS dərəcəsi ilə istədiyim universitetdə istədiyim ixtisas üzrə təhsil alıram. Artıq önümü tutan da yox. Burda ictimai işlərə yetərincə qatılıb sosiallaşıram. İstədiyim kitabı almaqda və oxumaqda sərbəstəm, elə birinci tapıb oxuduğum kitab da sizin mənə əbədi yasaqladığınız Cəfər Cabbarlının “Sevil” əsəri olub. Bu əsər həqiqətən də mənə əsarətdən oyanmağımda böyük bir dəstək oldu. Buna inana bilərsiniz, bunu mən oxumuşam artıq. Hətta son zamanlar özüm ingiliscə bir kitab da yazmağa başlamışam. Kitabın adı belə olacaq “Azərbaycan qadınlarının azadlığı” (The Emancipation of Azerbaijani women ). Yaxında kitabın üzərində adımı görəndə də təəccüblənməyəsiniz. Qoy inqilabi üsyanım sizlərə böyük bir dərs, qadınlara isə ibrətamiz bir nümunə olsun. Bəlkə bundan sonra patriarxal adət - ənənələrinizi, köhnəlib vaxtıkeçmiş və heç nəyə lazım olmayan qayda - qanunlarınızı artıq yığışdırasınız və daha heç bir yerlərdə Aysellər, Fidanlar, Aytənlər, Nərminlər, Arzular, Günellər özlərinə qəsd etməzlər. Heç olmazsa onlara yazığınız gəlsin, kimsənin intihar etməsinə səbəb olmayın. Haydi sağlıcaqla qalın. SON!”
“ İmza : Günel
Tarix 22.04.2015 ”

Müəllif : Xəyal Abdullayev (Gənc Yazar)
Bakı Asiya Universiteti, Filologiya fakültəsi, 3-cü kurs.

Administratorla əlaqə

077 611-55-22

[email protected]