Maraqlı

Dünyanı velosipedlə gəzən yeganə azərbaycanlı – Bakıdan Çinə, ordan Avstraliyaya

17-10-2016, 02:51
Tural Abbasov: "Dünya insanların düşündüyü qədər təhlükəli deyil”

"Mənim adım Tural Abbasovdur və mən velosiped sürməyi çox sevirəm. Habelə günəşi, dənizi, səyahət etməyi, musiqini, kitab oxumağı, dadlı yeməkləri və qəlyan çəkməyi də sevirəm.

1981-ci ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetindən "Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və maqistr dərəcələrim var.

2014-cü ilin sentyabrında ilk velosəyahət təcrübəsi kimi Azərbaycan üzrə 600 kilometrlik yürüş etdim. 2015-ci ilin may ayının sonlarında isə Birləşmiş Millətlər Təşkilatındakı işimi buraxıb, çoxdankı arzumu - velosipedlə dünyanı dolanmaq arzusunu həyata keçirməyə başladım.

Bu yolda haralara qədər gedib çıxacağımı bilmirəm, amma nə qədər ki gücüm və imkanım var, irəli pedallayacam. 2016-cı ilin yanvarında səyahətin "Böyük İpək Yolu boyu” adlandırdığım birinci mərhələsini bitirdim. Orta Asiyadan keçməklə, Bakıdan Çinə gəlib çıxdım. Sentyabrda isə Cənub-Şərqi Asiyanı tamamladım. İndi isə macəra eşqi məni Avstraliyaya gətirib. Yolda yaşadıqlarımı vaxt və imkan daxilində bu səhifədə bölüşürəm”…

VELOSƏYAHƏT ONA HƏR ŞEYİ VERİR – HƏYƏCANI DA, MACƏRANI DA, RİSKİ DƏ… 

Bəli, onun səhifəsindəki "barəmdə” bölümü bu cümlələrlə başlayır. Təqdimatdan da anladığınız kimi, söhbət qeyri-adi bir səyahət həvəskarından gedir. Bizim iş-ev arasında yol ölçdüyümüz bir zəmanədə həmyerlimiz dünyanın o biri nöqtəsində velosipedlə səyahət edir. Özü də necə səyahət… Musavat.com dünyanı velosipedlə gəzən həmyerlimizlə bu səyahətin detallarından danışdı. Təbii ki, virtual söhbət oldu. Qəhrəmanımızı üzbəüz görmək, onunla söhbətləşmək üçün Azərbaycana gəlişini gözləyəcəyik. 

Öncə Tural bəyin hazırda olduğu yer barədə. Müsahibimiz deyir ki, indi Avstraliyadadır. Daha dəqiq desək, Autbek və ya Qırmızı Mərkəz adlı, qitənin mərkəzini tutan böyük quraq ərazini şimaldan cənuba dogru keçir. Və bu nöqtədə bu sevimli hobbisi barədə aşağıdakıları deyir: "Velosəyahət iki sevimli məşguliyyətimi - səyahət və velo sürməyi birləşdirir. Böyük, ömrün sonunadək yaddaqalan bir səyahət etmək, dünyanı görmək çoxdankı arzum idi. Özü də bunu tipik turizm rejimində deyil, məhz macəra, risk, ekstremal üslubda etmək istəyirdim. Velosəyahət bunların hamısını mənə verir”.

"BÖYÜK AMBİSİYALI PLANIM PLANET ƏTRAFINDA DÖVRƏ VURUB EVƏ QAYITMAQDIR” 

Səyahətini təkbaşına gerçəkləşdirir müsahibimiz. Deyir, bu yolda iki "nəfər” olaraq irəliləyirlər. Özü və velosipedi: "Böyük ambisiyalı planım planet ətrafında dövrə vurub evə qayıtmaqdır. Bu planı hissələrə bölmüşəm və addım-addım gedirəm. Artıq Böyük İpək yolu boyu və Cənub-Şərqi Asiya etapları bitib. İndi 3-cü etapı edirəm. Sonra ABŞ-ı və Avropanı keçib vətənə dönmək istəyirəm. Ümid edirəm ki hər şey istədiyim kimi alınacaq”. 

Maraqlıdır, müsahibimiz marşrut planını necə qurur? Hansı ölkədə neçə gün qalır? Olduğu ölkədə mütləq olaraq getdiyi məkanlar haradır? T.Abbasov deyir ki, ölkədəki marşrut planı bir neçə faktorlardan asılı qurulur: "Məsələn, vizanın müddəti, iqlim, yolların vəziyyəti, növbəti ölkəyə keçmək üçün sərhəd keçid məntəqələrinin yerləşməsi və s. Habelə yolboyu maraqlı, baxmalı yerlər varsa, çalışıram yolumu ordan da salım. Velosəyahət əslində görünə biləcəyi qədər çətin deyil. Əgər baza sağlamlığın, kifayət qədər pulun, vaxtın, xarici dil biliyin, macəra eşqin və daxili intizam hissin varsa, burda xüsusi çətin heç nə yoxdur”. 

YOL QEYDLƏRİ: "SAĞ QALMAQ” REALİTİ ŞOUSU DAVAM EDİRDİ”.... 

Velotur qəhrəmanının bəzi yol qeydlərindən parçalar: 

"Baliyə aparan yol: Yava üzrə böyük gəzintini iki mərhələyə böldüm : Bandunq-Coqcakarta və Coqcakarta-Banyuvanqi. Malayziyada olduğu kimi, "yemək, yatmaq, pedallamaq” rejimində sürməyi, gündə ən azı 80 km qət etməyi və Coqcakartada uzun fasilə etməyi qərara aldım. Beləliklə, avqustun 5-də "Bali” velo-əməliyyatı başladı.
 
Bandunq da Cakarta kimi yatmır. Qaldığım Camika rayonunda gecə və səhər bazarı vardı. Artıq səhər tezdən qida məhsulları ilə dolu arabalar və motolar ora-bura var-gəl edirdilər. Yol ayırıcıları isə vulkandakı lava kimi qaynayırdı. Dejavü, istəyirsən saat 5-də oyan, istəyirsən 6-da, şəhərdən çıxış unudulmaz, adrenalin dolu xoş anlar bağışlayacaq.


"Yad ölkədə pedal çevirmək Bakı kimi böyük şəhərdə yaşamaqdan heç də daha çox riskli deyil”  



Günortaya doğru Yava yenidən öz gözəl simasını mənə çevirdi. Yol nisbətən rahatlaşdı, kənd və qəsəbələr, xəfif tüstüyə bürünmüş dağlar və düyü əkinləri peyda oldu. Yol ziqzaqvari və enişli-yoxuşlu idi. Naqreqə doğru sərt enişlər və Ticaviyə eynilə sərt dırmanış yadımda qaldı. Yolboyu kalan tualet vardı. Demək olar ki hər bir dükan və ya restoranın öz pullu tualeti vardı. Bir kvadrat kilometrə düşən bu qədər tualet elanı heç vaxt görməmişdim. Əgər motobaykla bir yüngülcə toqquşmanı və gündə 2-3 dəfə baş verən "millimetraj”ları nəzərə almasam, növbəti günlər macərasız keçirdi. "Millimetraj” deyəndə, yük maşını və ya avtobusun bir neçə millimetr aralı sürətlə ötüb keçməsini nəzərdə tuturam. Ona görə yüngül formada da olsa, "Sağ qalmaq” realiti-şousu davam edirdi. Təbiət zövq verirdi. Bəli, Yavada ancaq kənd yerində yaşamaq lazımdır”. 

"VAXTİLƏ İŞLƏMİŞƏM VƏ BU SƏYAHƏT ÜÇÜN KİFAYƏT QƏDƏR PUL TOPLAMIŞAM. İNDİ İSƏ XƏRCLƏYİRƏM” 

Səyahət, yeni dünyaların kəşfi, həyəcan, ekstrim... Bunların hamısı gözəldir gözəl olmasına, bəs pul? Yazımızın qəhrəmanı rahat səyahət etmək üçün maddi resursları necə əldə edir? Tural bəy anladır: "Əlbəttə, pul ciddi faktordur. Amma onu da qeyd edim ki, velosəyahət bəlkə də ən ucuz səyahət formasıdır, çünki çox şeyə qənaət etmək olur. Məsələn, yeməyini özün bişirə bilərsən, çadırda yata bilərsən və s. O ki qaldı mənə, səfərin əvvəlində dostlarım, şirkət sahibləri mənə velosiped və bəzi avadanlığın alınmasında yardım etdilər, daha doğrusu, hədiyyə etdilər. Cənub-Şərqi Asiyadan bəri rominq xərclərimi Bakcell öz üzərinə götürüb. O ki qaldı bütün digər gündəlik xərclərə, hamısını öz vəsaitim hesabına ödəyirəm. Vaxtilə işləmişəm və bu səyahət üçün kufayət qədər pul toplamışam. İndi isə xərcləyirəm. Belə olmasaydı heç bu işin altına girməzdim”.

Tural bəyin səyahəti 2015-ci ilin iyun ayında başlanıb və 2017-ci ilin sonuna qədər bitirmək istəyir. Maraqlıdır, nələr öyrənir səyahət boyunca? Öncə izahat verir ki, bu, çox geniş mövzudur, amma qısaca da olsa bəzi detalları açıqlayır: "Birincisi, velo ilə səyahət edəndə təbiət, dünya, insan icmaları, dillər, mədəniyyətlər və s. tədricən dəyişir, bir-birinə keçir.

Beləcə, dünyanı doğrudan da bütov, vahid bir fenomen kimi qavramaga, görməyə başlayırsan. İkincisi, görürsən ki, insana yaşamaq, sağ qalmaq üçün bütün lazımi, minimum şeylər asanlıqla bir velosipedə sığa bilər. Bu, sadəliyi öyrədir. Ümumilikdə dünya insanların düşündüyü qədər təhlükəli deyil. Yad ölkədə pedal çevirmək Bakı kimi böyük şəhərdə yaşamaqdan heç də daha çox riskli deyil. Bunu tam ciddi deyə bilərəm”. 

"VELOSİPED ALLAHINA ŞÜKÜRLƏR EDİRƏM”

Yol qeydlərinə davam…. "Tayland planeti”: Bu gözəl səhər yeməyinin şəklini artıq yeni fotoaparatla, daha dəqiq, yeni obyektivlə çəkdim. Hua Hinin çıxışında yerləşən rahat kafedə oturub, dərimlə göydən yağan alovu hiss edərək, tənbəlliyim ucbatından yataqdan gec qalxıb yola düzəlməyimə görə özümü qınayırdım. Keçən gün bu kurort şəhərinə gəlib "Village Market” adlı nəhəng alış-veriş mərkəzində şəhərdə, lap bəlkə də bütün sahilboyunda, yeganə foto-texnika dükanını tapmışdım. Büdcəmə xoşagəlməz zərbə idi, amma daha neynəmək olardı. Vita brevis, ars longa .
 
Uzun ayrılıqdan sonra ürəyim yenidən dənizi görməyə tələssə də, hələ Phetçaburidə görüş yeri kimi burdan daha cənubda yerləşən Ao Noy adlı kənar bir məkanı seçmişdim. Görüş yerini isə, hər bir keçmiş sovet pionerinin bildiyimi kimi, dəyişmək olmaz.

Ölkəni sarıyan "7/11” supermarket şəbəkəsinin obyektləri sevimli dayanacaq və "zapravka” yerlərim idi. Xoşuma gələn o idi ki, heç kim mənə gözünü zilləmir və "hardan-hara” sualları ilə yaxınlaşmırdı. Ona görə içəridən soyuq hava buraxan qapıların yanında rahat əyləşib istirahət etmək, yemək və sərin içkilərdən ləzzət almaq olardı. Əvvəl dediyim kimi, yemək bol idi. Adətən gündüzlər bax belə ətli-göyərtili əriştə yeyirdim. Kalori 2-3 saata bəs edir, mədədə də ağırlıq olmur. Habelə çoxlu banan yeyirdim. Axşama isə artıq əsaslı yemək porsiyası alırdım. Məsələn, toyuq əti ilə düyü və ya qızardılmış əriştə və desert. Bəli, mənim əzizlərim, əgər "şam yeməyini düşmənə ver” deyiminin əks sübutunu istəyirsinizsə, mən – üç kişinin yeməyini aşıran və yenə də arıq və simpatik qalan oğlan hazır. İndi il yarım bundan əvvəlki şəkillərimə, eybəcər qarnıma və şişman sifətimə baxarkən, velosiped allahına şükürlər edirəm.

"PLANET BİZİM FƏALİYYƏTİMİZ NƏTİCƏSİNDƏ ERROZİYA EDİR”

2015-ci ilin iyunundan başlanan dünya səyahəti… Gəldiyi nəticə nədir? Dünya çoxmu qorxulu, qəddardır? Cavabı belə verir: "Bu planet doğrudan da gözəldir. Burda doğulub müvəqqəti yaşadıgımıza görə çox xoşbəxtik. Amma təəssüf ki insanların sayı həddən artıq çoxdur və getdikcə də artır. Bu da öz təsirin göstərir. Tullantıların həcmi artır. Planet bizim fəaliyyətimiz nəticəsində erroziya edir. Turizm sahəsi və pul qazanmaq hərisliyi bir çox cənnətməkan yerlərin axırına çıxır və ya yaxın gələcəkdə çıxacaq. Bunu görmək çox üzücüdür. Ona görə hamıya tövsiyəm budur ki, əgər səyahət etmək, dünyanın maraqlı gözəl yerlərini görmək planları varsa, çox gözləməyin”. 

Sevinc TELMANQIZI, 
Musavat.com 


 





Administratorla əlaqə

077 611-55-22

[email protected]