Xəbərlər

Ölkə ictimaiyyəti əminin qardaşı qızı ilə evlənməsini müzakirə edir

5-04-2017, 12:20

Dünəndən bəri Azərbaycanda əminin öz qardaşı qızını qaçıraraq evlənməsi ölkə gündəmində ciddi şəkildə müzakirə olunur. Ölkəmizdə belə bir halın ilk dəfə baş verməsi hər kəsdə təəccüb doğurmaqla yanaşı, ciddi qınağa da səbəb olub.

Millət vəkili Qənirə Paşayeva Gəncədə baş verən biabırçı hadisəyə sərt münasibət bildirib.

Oxu.Az xəbər verir ki, deputat “Facebook” profilində baş verən hadisəni və hadisə iştirakçılarını qınayıb. Q.Paşayeva həmçinin əmi ilə qardaşı qızınının nikahını kəsən din xadiminin cəzalanmasını istəyib:

“Gəncədə bir “insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də bu ola bilməz, yəqin, yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu, çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz.

Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nikaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalı və əgər məlumatlar doğrudursa, buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixoloji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir - bu cür dəhşətli hadisələrin artmaması üçün. Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq”, - deyə Qənirə Paşayeva yazıb.

Hadisələrin baş verdiyi məkan olaraq isə Gəncənin adı çəkilir. Gəncə şəhərindən seçilmiş deputat Naqif Həmzəyev isə bildirib ki, həmin şəxslərin Gəncə şəhərində qeydiyyatı yoxdur:

“Bu hadisədə Gəncənin adının hallandırılması düzgün deyil. Məsələni dəqiqləşdirmək lazım idi. Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur. Onlar sadəcə Gəncədə kirayədə yaşayıblar, heç müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar. Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.

Onun sözlərinə görə, nəinki Gəncədə, Azərbaycanda bu cür məsələlər qəbul olunmur: “Gəncədə də adət-ənənələr ciddi şəkildə qorunur, elə şeylərə yol verilmir və bağışlanılmır. O, psixoloji problemli bir insandır ki, 3 övladını qoyub qoşulub qaçıb. Bunların bir ağsaqqalı yoxdurmu ki, onlara yiyəlik etsin və yaxud ailənin dağılmağının qarşısını alsın. Görünür, problemli bir ailədir, təəssüflər olsun ki, belə bir hadisə baş verib, bunu qətiyyətlə qınayırıq”.

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, əminin qardaşı qızını qaçırması zinadır: “Bu, dinimizdə qeyri-qanunu cinsi münasibət, yəni zina hesab olunur. Zinanın ən ağır növlərindən biri ərli qadınlarla zina etməkdir. Digər tərəfdən insan üçün məhrəm kateqoriyasına aid edilən insanlar var. Əmi ilə qardaşı qızı bir-birinə məhrəm sayılır. Onlar arasında cinsi münasibət qətiyyətlə qadağan edilir. Bu, böyük bir günahdır, onların evli olması isə ayrıca bir günahdır. Din belə bir münasibəti kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil. Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir”.

Ş.Həsənli batil kəbini oxuyan din xadiminin cəzasının axirətdə veriləcəyini bildirib: “Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun. İdarəyə aidiyyəti olmayan adamlar bəzən kəbini düzgün oxumurlar. Bu hadisə ilə bağlı kəbin oxumaq günaha şərik olmaqdır. Şəriət qanunsuz dini kəbin oxumağı qadağan edir, amma bunun üçün hər hansı cəza yoxdur. O şəxslər öz cəzasını axirətdə alacaqlar”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Gəncədə əminin qardaşı qızını qaçırması, birlikdə yaşaması və “dini nikaha” daxil olması ilə bağlı Komitədə rəsmi məlumat yoxdur: “Hazırda hadisənin təfərrüatı, dəqiq olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir”.

Qeyd edək ki, Gəncə şəhərində tükürpədici hadisə baş verib. 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]