Yazarlar

İşgəncəyə bərabər əfv sərəncamı

17-03-2017, 21:42
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Bir ildən sonra nəhayət ki, növbəti əfv sərəncamı imzalandı. Amma çox təəssüf ki, bəzi gözləntilərə rəğmən, bu dəfə də ümidlər doğrulmadı. Əksinə, siyasi məhbusların azadlığa çıxması baxımından son zamanların ən pis əfv sərəncamı oldu. 167 nəfərlik siyasi məhbus siyahısından cəmi 4 nəfərin adı bu siyahıda yer aldı ki, onlardan biri AXCP fəalı Elvin Abdullayevin cəza müddətinin başa çatmasına təxminən 100 gün qalmışdı. Əslində, bu əfv sərəncamı siyasi məhbus ailələri, cəmiyyət üçün mənəvi işgəncə oldu…

Təbii ki, 412 nəfərin adının yer aldığı əfv sərəncamı tərəfimizdən araşdırılıb daha detallı qiymətini alacaq. Amma bu sərəncam cəmiyyətin aldadılmasına yönəlik, başdan-ayağa imitasiyaya xidmət edən, insanların hissləri ilə oynayıb, onları xəyal qırıqlığına uğradan ugursuz sərəncam oldu.

Bu sərəncam həm də əfv siyasətinin mahiyyətinə, fəlsəfəsinə uyğun olmayan ədalətsiz addımdır. Biz bütün məhbusların ədalətli şəkildə azadlığa çıxmasının tərəfindəyik. Amma təkcə bir fakta diqqət yetirək; azadlığa çıxacaq 412 nəfər məhbusun 240 nəfərdən çoxu Bakıda və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ağır cinayət törətməkdə suçlu bilinərək, uyğun cəzaya məruz qalıb. Bu insanlar adam öldürməkdən tutmuş, adam oğurluğuna, dövlətçiliyə xəyanatə qədər ən ağır cinayətlərlə mühakimə olunub. Necə ola bilir, ağır cinayət törətmiş şəxslər dövlət başçısının bir sərəncamı ilə azadlığa buraxılır, amma sağlamlığını Vətən uğrunda, Qarabağ döyüşlərində itirmiş, heç bir cinayəti olmayan Asif Yusifli, eləcə də “Əsgər ölümlərinə son!” dediyinə görə həbs olunan İlkin Rüstəmzadə kimi günahsız insanlar həbsdə saxlanılır? Bu addımın harası humanist və ədalətlidir?

Bu sərəncamla hakimiyyət başqa sahələrdə olduğu kimi siyasi məhbusların əfvlə azadlığa çıxacağına dair olan bütün ümidləri də puç elədi. Əksinə sübut etdi ki, o, siyasi məhbusları həbsdə saxlamaqla onlardan və ailələrindən qisas, intiqam alır. Onu da sübut etdi ki, bu hakimiyyətdən nəyisə ancaq mübarizə, güclü təzyiq, məcburetmə yolu ilə almaq olar. O bu xalqa, siyasi müxalifətə başqa yol buraxmadı. Ancaq bir yol saxladı: MÜBARİZƏ!

Gəlin siyasi məhbusların, bütünlükdə insanlarımızın, xalqımızın, milli-mənəvi dəyərlərimizin azadlığı uğrunda mübarizəmizi artıraq və sivil yolla daha sistemli, ardıcıl davam etdirək!

Administratorla əlaqə

077 611-55-22

[email protected]