Xəbərlər

Dövlət Dəniz Administrasiyasının "Bureau Veritas"ın mənzil-qərargahında yoxlama keçirib

7-03-2017, 18:43

Administrasiyadan Xeberman.com -a verilən məlumata görə, “Tanınmış Təşkilatlar haqqında” Məcəllənin (RO Code) 3-cü Hissəsinin tələblərinə əsasən Tanınmış Təşkilat və ya Təsnifat Cəmiyyətinin fəaliyyətinin qiymətləndirilməsi, onun beynəlxalq konvensiyaların və yerli qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyənləşdirməsi, həmçinin “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə texniki nəzarətin həyata keçirilməsi üçün Dövlət Dəniz Administrasiyası tərəfindən razılıq verilmiş təsnifat cəmiyyətlərinin yoxlanılması ilə əlaqədar tədbirlər haqqında” Dövlət Dəniz Administrasiyasının müvafiq əmrinin icrasını təmin etmək məqsədi ilə “Bureau Veritas” təsnifat cəmiyyətinin Fransanın paytaxtı Paris şəhərində yerləşən mənzil – qərargahında 27 fevral – 03 mart 2017 – ci il tarixlərində Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov və Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsinin müdiri Seymur Mirzəyev tərəfindən yoxlama həyata keçirilib.

Dövlət Dəniz Administrasiyası tərəfindən səlahiyyət verilən “Bureau Veritas” təsnifat cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığın səviyyəsi və həmin təsnifat cəmiyyətinin dəniz nəqliyyatı sahəsində fəaliyyətinin Beynəlxalq Konvensiyaların tələblərinə uyğunluğu, eyni zamanda “Tanınmış Təşkilatlar haqqında” Məcəllənin (RO Code) 3-cü Hissəsinin tələblərinə əsasən təsnifat cəmiyyətinin keyfiyyətli idarəetmə sisteminə dair sənədləşmələri, daxili təlimat və sirkulyarlardan istifadə etmək imkanları, Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsinə aid sənədlərdən istifadə etmək imkanları, eləcə də Azərbaycan Respublikasının təftiş və auditlərində əməkdaşlığın, məlumat və statistikanın ötürülməsinin səviyyəsinə nəzər yetirilib.

Həmçinin, “Bureau Veritas” təsnifat cəmiyyəti tərəfindən sertifikatlar verilmiş gəmilərin milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğu, adıçəkilən təsnifat cəmiyyətinin texniki heyətinin daxili qayda və qanunlar barədə kifayət qədər biliyə malik olması və texniki heyətin öz vəzifələrini yerinə yetirərkən müstəqil qərar qəbul etməsinə təsir edə biləcək hər hansı təzyiq və qərəzli münasibətin olub olmaması yoxlanılıb.

Eyni zamanda “Bureau Veritas” təsnifat cəmiyyətinin təsnifatında olan gəmilərin və bu təsnifat cəmiyyəti tərəfindən gəmiçilik şirkətlərində aparılan yoxlamaların Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyən edilməsi, eləcə də qeyd olunan tərəflər arasındakı məlumat mübadiləsinin səviyyəsi yoxlanılıb.

Yoxlama nəticəsində Azərbaycan Respublikasının milli qanunvericiliyinin və “Tanınmış Təşkilatlar haqqında” Məcəllənin tələblərinə uyğun olaraq, “Bureau Veritas” təsnifat cəmiyyətinin fəaliyyətinin ümumilikdə qənəatbəxş olduğu müəyyən edilib. Həmçinin, adıçəkilən təsnifat cəmiyyətinin fəaliyyətində bəzi sahələrin daha da yaxşılaşdırılması yönündə tövsiyələr verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]