Əsas Səhifə / Media

Həbsdəki jurnalistin anası əfv istədi

3-03-2017, 01:42
Həbsdə olan jurnalist Abuzər Cəfərlinin anası, Bakı şəhəri, Yeni Suraxanı massivi Boru Təmir Zavodunda yaşayan məcburi köçkün Almaz Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.

A. Cəfərova müraciətində oğlunun əfv edilməsini xahiş edib:

"Oğlum Cəfərli Abuzər Talış oğlu 2015- ci ilin sentyabr ayında Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı cinayət məcəlləsinin 178.2- ci maddəsi ilə cinayət işi açılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan mərhum edilib. Biz ərazisi işğal olunmuş Ağdam rayonundan 24 ildir məcburi qaçqın həyatı yaşayırıq.

Torpağımız, evimiz- eşiyimiz erməni işğalı altında qalıb. Bakıda bir təhər yaşayırıq. Həyat yoldaşımı itirmişəm. 2 oğlum Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edib, müharibə iştirakçısıdır. Abuzərin bizim yanımızda, ailəsinin başında olmaması güzəranımıza, dolanışığımıza, bütünlükdə yaşayışımıza çox pis təsir göstərir.

Oğlum Abuzər 20 ildən yuxarıdır ki, mətbuatda çalışır. İşlədiyi dövrdə həmişə çalışıb ki, obyektiv və ədalətli olsun. Mən oğlumun günahsız olduğuna inanıram. Amma bütün hallarda məhkəmənin qərarına da hörmətlə yanaşıram. Ola bilsin ki, onun da hərəkətlərində hansısa nöqsanlar və səhvlər olub. Səhvsiz insan olmur.

Cənab prezident, xahiş edirəm, səlahiyyətinizdən istifadə edərək bizim durumumuzu, ailə vəziyyətimizi nəzərə alaraq oğlum Cəfərli Abuzər Talış oğlunun əfv olunmasına, azadlığa çıxıb ailəsinin yanına qayıtmasına yardımçı olasınız.

Həyatın hər üzünü görmüş bir ağbirçək ana kimi inanıram ki, o bundan sonrakı ömrünü daha mənalı, xeyirxah və qanunlara sayğı üzərində quracaq.

Müraciətimə diqqətlə yanaşacağınıza əmin olduğumdan öncədən təşəkkür edirəm!

Hörmətlə,Cəfərova Almaz Yunus qızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]