Gündəm

Azərbaycandan milyardlarla dollar qaçıran məmurlar

29-01-2017, 00:01
Ötən ildən başlayaraq neftin qiymətinin 50 dollarlıq həddi güclə keçdiyi bir dövrdə ölkəyə daxil olan valyuta da, təbii olaraq azalıb. Heç kimə sirr deyil ki, Azərbaycanın gəlir mənbəyində neft-qaz məhsullarının payı 85 faizə bərabərdir

İstiPress-in məlumatına görə, belə olan halda alternativlər arasında sənayenin hələ bir neçə il sonra fayda verə biləcəyini nəzərə alsaq, o zaman ən real və perspektivli sahə kimi turizmin üzərində dayanmaq olar.

Bəs Azərbaycanda turizm niyə gəlir gətirə bilmir? Dünyanın 13 iqlim qurşağının 9 iqlim tipi ölkəmizdə mövcuddur. Bundan savayı, coğrafi qurluşunun müxtəlifliyi imkan verir ki, meşə, göl istirahətini seçənlər rahatlıqla şimal, qərb və cənub rayonlarındakı dağlara üz tuta bilsinlər. Eyni zamanda son illər Şahdağda yaradılan şərait və müasir infrastruktur qış turizmini cəlbedici edir və bu sahəyə marağı olan turist axınını təmin edə bilər. Turizm sektorunda müalicəvi istirahət də xüsusi paya malikdir. Azərbaycanda bu sahədə Naftalanla yanaşı, bir çox rayonlarda kifayət qədər resurs mövcuddur.

Bu qədər potensiala rəğmən ölkəyə təkcə 2016-cı ildə cəmi 2 milyona yaxın turist səfər edib. Müqayisə üçün qeyd edək ki, Gürcüstan həmin il ərzində 6 mln 300 min turist qəbul edib ki, onların 1.5 milyon nəfəri azərbaycanlıdır. Gürcüstan hökumətinin yanvarın 11-də açıqladığı statistikaya görə, ölkə 2016-cı ilin turizmdən 2 mlrd ABŞ dolları gəlir əldə edib. Azərbaycanda isə bu sahəyə maraq yeni olduğundan hələlik dəqiq hesablama aparmaq mümkün deyil, üstəlik bu barədə ictimaiyyətə məlumat da verilmir. Dövlət Statistika Komitəsinin saytındakı yerləşdirilən turistlərin sayını nəzərə alsaq, 2015-ci ildə (2016-cı il yerləşdirilməyib) bu rəqəm 61 min nəfər olub. Bu rəqəmi də hər bir turistin xərcləyə biləcəyi məbləğə, təqribən 1000 dollara vursaq, o zaman 61 mln dollar məbləğ alınır. Elə bir o qədər də yerləşdirilməyənlər kimi qəbul edə biləcəyimiz , müxtəlif üsullarla Azərbaycanda pul xərcləyən turstlərin ola biləcəyini nəzərə alsaq, yenə də turizmdən gələn gəlir heç 150 mln dollar da etmir.

Gürcüstan il ərzində turizmdən 2 milyard dollar, Azərbaycan isə 61 milyon dollar qazanıb.

Bu arada Maliyyə Nazirliyinin açıqlamasına görə, 2016-cı ilin büdcəsində 241 mln manat kəsir yaranıb. Bununla yanaşı, ötən ilin ilk 9 ayı ərzində də Azərbaycanın tədiyyə balansında 1 milyard 190 milyon ABŞ dolları həcmində kəsir əmələ gəlib. Deməli, ölkədə normal turizm mühiti olsaydı, neft gəlirlərinin azalması səbəbindən yaranan kəsirləri qarşılamaq olardı. Turizmin iqtisadiyyatın sahələrindən bir üstünlüyü də ondadır ki, bu sektor təkcə özünü deyil, digər sahələrdə də canlanma yaradır. Məsələn, gələn turistin alveri digər istehsal sahələrinə müsbət təsirini göstərir. Yeri gəlmişkən, 2017-ci ildə dünya bazarında neftin qiymətinin kəskin artmayacağı proqnozlaşdırıldığı bir zamanda, bu il də dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

Heç 150 mln dollar belə gəlir əldə edə bilmədiyimiz bir sahədən neçə milyard dollar itirdiyimizi hesablamaq üçün Gürcüstan əyani misaldır. ​İl ərzində 2 mlrd dollar gəlir əldə edən Gürcüstan iqliminin bizimkindən daha münbit olmadığını, üstəlik, işğal altında olan Dağlıq Qarabağı nəzərə almasaq, ərazisinin yenə də qonşu ölkədən böyük olduğunu nəzərə alsaq, Azərbaycanda məsuliyyətli turizm siyasəti yürüdülmüş olsaydı, deməli, 5 mlrd dollara yaxın gəlir əldə edə bilərdik.

Milyardlarla dollarları itirməyimizin səbəbi isə sadədir. Gürcüstanda təklif olunan xidmət qiymətə münasibətdə ucuzdur. Çünki Azərbaycanın indi başlamaq istədiyi yolu Gürcüstanın turizm şirkətləri 10-15 il əvvəl real baza şəraitində keçib və o zaman uzunmüddətli hədəf götürülərək, Türkiyədən turizm sahəsində çalışan mütəxəssislər cəlb olunub. Təbii ki, söhbət kiçik və orta turizm obyektlərindən gedir. Azərbaycanda da məhz bu seqmentdə problemlər var. Azərbaycanda yüksək keyfiyyətli qida, xidmət, qarşılanma, davranış və təbii ki, otel çox bahadır. Bu da, əsasən, 4-5 ulduzlu mehmanxanalardadır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi rəsmi saytında "ulduz" alan mehmanxanaların siyahısındakı 121 oteldən 93 ədədi 4-5 ulduzlulardır. Bu siyahıda üçulduzlu mehmanxanaların sayı cəmi 26-dır. Nə qədər qəribə səslənsə də, ölkədə otel kimi qeydiyyatdan keçən vur-tut 2 ədəd ikiulduzlu otel var ki, onların hər ikisi paytaxt Bakıda yerləşir. Gürcüstanda isə yalnız paytaxt Tiflisin "Qədim şəhər" ərazisində 50-yə yaxın üçulduz otel qonaqlara xidmət göstərir. Cəmi 2000 sakini olan Siqnaxi şəhərində onlarla üçulduz mehmanxana mövcuddur.

Deməli, problemin bəlkə də ən başlıcası məlumdur. 30-a yaxın 2-3 ulduzlu oteldə neçə turist qala bilər - bunu təxmin etmək o qədər də çətin deyil.

Azərbaycanda "ulduz" 121 oteldən 93 ədədi 4-5 ulduzlulardır.

Keçək qiymət məsələsinə. Əgər istənilən turist Gürcüstanda 20-90 dollar arasında 2 və 3 ulduzlu oteldə istədiyi xidmətləri ala bilərsə, bizdə belə keyfiyyətli xidmət yalnız dördulduzlu otellərdə göstərilir ki, burada qiymətlər 150-250 dollar arasında dəyişir. Əgər Azərbaycanda 2 il əvvəl 30 dollara gecələmək üçün məkan tapmaq mümkün deyildisə, bu gün az sayda olsa da, belə obyektlər var. Ancaq burda təklif olunan xidmətin çeşidi, qida, qarşılanma, davranış, az qala sıfır həddindədir. Çünki bu qiymətə turist ya səhər yeməyinin daxil edilməməsi, ya təklif olunan yeməklərin həddən artıq baha olması və çeşidinin azlığı, otaqlarda olan şəraitsizlik və digər çatışmazlıqlarla qarşılaşa bilər.

Azərbaycan Dövlət Statistika Komitəsinin 2015-ci ilə olan göstəricisinə görə, (2016-cı il yerləşdirilməyib) ölkədə irili-xırdalı, ulduzu olan - olmayan obyektlərin sayı 536 olub. Bu 2014-ci ildən cəmi bir ədəd çoxdur. Gürcüstanda isə təkcə qonaq evlərinin (guesthouse) sayı 600-ə qədərdir. Bura 2 ulduzludan başlayaraq 5 ulduzluya qədər olan otellərin sayı daxil deyil.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilir ki, ölkədə ulduz almaq məcburi olmadığından bölgələrdə kifayət qədər 2-3 ulduz otel lisenziyası ala biləcək obyektlər var. Fevraldan isə reyestr sistemi işə düşdükdən sonra hər təsnifata uyğun obyektlərin hamısı qeydiyyata alınacaq.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, Azərbaycanda turizmin gəlir gətirə bilməməsinin əsas səbəbləri turizm xidmətinin çeşidinin azlığı , menecment və marketing sahəsində mütəxəssislərin yoxluğu və təbii ki, şişirdilmiş qiymətlərdir.

"Əsas problemlərin sırasında yerli icra orqanlarının müdaxilələri, inhisarçılıq, iqtisadiyyatın liberallaşmaması aradan qaldırılmalıdır”.

“Bir vaxtlar Azərbaycanda iri neft gəlirlərinin xərclənməsi hesabına yaranan turizm obyektləri bu gün real bazar şəraitinə uyğunlaşmalı, dövlətin hesabına əldə etdikləri turistləri bu gün öz reklam və təşviqatları ilə cəlb etməlidirlər. Sözsüz ki, əsas problemlərdən biri kimi yerli icra orqanlarının müdaxilələri, inhisarçılıq, iqtisadiyyatın liberallaşmaması aradan qaldırılmalıdır”.

Rəşad Həsənov bildirir ki, hökumətlə yanaşı obyekt sahibləri də zərurətdən məcburi islahatlar aparmalı olacaqlar: “Ölkədə viza siyasəti davam etdirilməlidir. Gürcüstan 80-ə yaxın ölkə ilə vizasız gediş-gəliş təmin edib. Bununla yanaşı, azbüdcəli hava yolları şirkətlərinin cəlbi mütləqdir. Ölkədə turizmə sərmayə yatırmaq istəyənlərə vergi güzəştləri tətbiqi də sahənin inkişafı və xarici mütəxəsisslərin sektorda çoxalmasına gətirəcək. Sahibkarlar isə hər şeydən əvvəl Azərbaycanda təkrar turizmin möhkəmləndirilməsinə nail ola bilərlər. Bir dəfə turizm obyektindən razı qalan xarici həmin məkana yenə gəlmək barədə düşünməlidir. Buna isə qiymətdən daha çox xidmət və xoş rəftarla nail olmaq mümkündür. Əfsus ki, əksər turizm obyektlərində işçilər adi davranış qaydalarına belə riayət etmir”.

Mütəxəssislər ərəb ölkələrindən gələn turistlərin sektorda canlanma yaratdığını nəzərə alaraq ən azı İran, Türkiyə kimi qonşu ölkələrlə də viza rejminin ləğvinin müsbət nəticə verəcəyi qənaətindədir. Sadalanan problemlərin ən azı 50 faizinin həllini taparsa post-neft dövründə iqtisadiyyatın gətirə biləcəyi valyutadan daha çox vəsait daxil ola bilər. Belə olan halda həm hökumətin, həm də sahibkarların indidən turizm mövsümünün başlamasına bir neçə ay qalmış ciddi düşünmək üçün xeyli vaxtı var. Qalır nəticə çıxarıb, gəlir əldə etmək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]