İqtisadiyyat

“Varlıların benzini”nin bahalaşması nə vəd edir...

15-01-2017, 01:57
 “Varlıların benzini”nin bahalaşması nə vəd edir...Əksəriyyətin istifadə etdiyi "Aİ 92"-nin də qiyməti arta bilərmi? 
 
Rubrika.az musavat.com-a istinadən bildirir ki, Azərbaycana xaricdən idxal olunan "AI-95" Premium markalı benzinin qiymətində artım baş verib. ”AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi. 

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə şamil edilməyib. ”AI-92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Premium ("AI-95")markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Ekspertlər "Aİ” 92 markalı benzinin də bahalaşmasının qaçılmaz olduğunu vurğulayırlar. 

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Aİ 95 markalı benzinin qiymətinin artması yerli istehsal olan "Aİ 92" markalı benzinin bahalaşmasına şərait yaradacaq: ”Benzinin qiymətinin qalxacağı haqqında şayiələr gəzir, lakin Tarif Şurasının məsələyə münasibət bildirərək qeyd edib ki, gündəmdə belə bir məsələ yoxdur. Premium markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir. Guya, bu da "üzən” rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Lakin "Premium”u tək bir şirkət gətirir və satır. İndi dollar bahalaşır və bahalaşmaqda davam edəcək. Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq. Sadəcə, bu addım olsa, bu qiyməti dövlət tərəfindən tənzimlənən "Aİ 92" üçün də qiymət artımına zəmin yaradacaq. Benzinin qiymətinin qalxmasını, kommunal xidmətlərin bahalaşmasını və dolların bahalaşmasını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçılmaz olacaq”.

"Yeni Müsavat”a açıqlamasında bu məsələni şərh edən İlham Şaban isə qeyd etdi ki, benzinin bahalaşmasında təkcə manatın dəyərdən düşməsinin deyil, xarici faktorların da rolu var: "Sonuncu dəfə ”Aİ 95" və "Aİ 98" markalı benzinin qiyməti sonuncu dəfə 2015-ci ilin oktyabr ayında dəyişib və o gündən sonra dəyişməyib. Mən dəfələrlə qeyd etmişəm ki, bu düzgün deyil. Dünyada bir neçə dəfə xam neftin və xarici bazarda satılan benzinin qiymətində dəyişmələr oldu. 2016-cı ilin yanvar ayında neft və neft məhsullarının qiyməti aşağı düşdü. O zaman bizdə qiymət dəyişmədi. Digər tərəfdən yay aylarında neftin qiyməti 57 dollaracan artdı. Onda da benzinin qiyməti dəyişməli idi, yenə dəyişmədi. O zaman benzinin qiyməti faktiki olaraq subsidiyalaşdırılırdı. Artıq cari ilin oktyabrında və dekabrında neftin qiyməti qalxdı. 

Əgər biz bunu Gürcüstan bazarı ilə müqayisə etsək orada benzinin qiyməti bizdən 50 faizdən çox baha idi, bizim pulla təxminən 1.60 manat idi. Bizdə sadəcə idxal olunan yüksək oktanlı benzinin həcmi getdikcə azalırdı. İki devalvasiyadan sonra insanların bu markalı benzinə marağı azalmışdı. Ancaq 2016-cı ildə 2014-cü illə müqayisədə faktiki olaraq idxal həcmlər 3 dəfədən çox azalmışdı. Mənim ümidim ona idi ki, Azərbaycanda qiymət sərbəstləşdiriləndən sonra xaricdən idxal olunan benzinin qiymətində də fərqlər olacaq. Çünki qiymət sərbəst buraxıldıqdan sonra belə olmamalı idi. İndi hər yerdə vahid qiymət tətbiq etdilər - 1 manat 5 qəpik. Bu benzin ölkədə Qərb bazarında daxil olur. Bu mənada Gəncədə və Qazaxda daha ucuz olmalıdır, mərkəzə yaxınlaşdıqca bahalaşmalıdır. Çünki orada 450 kilometr yol gəlir və daşınma xərcləri artır. Ancaq Bakıda qiymətlər fərqli olacaqdı, çünki burada tələbat çoxdur, alıcılıq qabiliyyəti yüksəkdir. Hazırki qiymət siyasəti anormaldır. Biz hələ o mərhələyə çatmamışıq ki, hansısa bir seqmentdə bazar elementini görək”.

Azərbaycanın daxildə yüksək oktanlı benzin istehsal etməsi məsələsinə gəlincə, İlham Şaban bildirdi ki, ölkədə belə bir imkan yoxdur: "Azərbaycanda heç vaxt yüksək oktanlı benzin istehsal edilməyib. Çünki bu növ benzinin istehsalı o qədər də asan məsələ deyil. Azərbaycanda heç requlyar markalı benzin də istehsal edilmir. Dünyada oktan dərəcəsi 93 olan benzinə requlyar markalı benzin deyilir. Azərbaycanda istehsal edilən benzin 92 markalıdır. Bizdə 93 belə yoxdur. Biz texniki parametrlərində görə ”Aİ 92" markalı benzini istehsal edə bilirik. İkincisi bizdə indiyədək yüksək oktanlı 95 dərəcəli benzin istehsal edilməyib. Sadəcə kimyəvi müdaxilə yolu ilə benzinin oktan dərəcəsi artırılıb. Ona görə də sürücülər ondan ancaq şəhərlərarası məsafəyə gedəndən ondan vururdular, qısa müddətdə istifadə edirdilər. Çünki o qaldıqca tərkibi uçurdu. O adi benzin idi, sadəcə tərkibini zənginləşdirmişdilər. Hazırda Dövlət Neft Şirkəti açıqlama verib ki, bu zavodun modernizasiya işlərinə 1,5 milyard yatırılacaq və 2020-ci ilin ikinci rübündə Avro 5 standartına uyğun benzin istehsal edilə bilsin. Həm istehsalın həcmi artırılacaq, həm emal zavodu indiki 5, 5 milyon emal gücündən 7,5 milyon emal gücünə qalxacaq. Onda bu yanacağın keyfiyyəti də artacaq. Ancaq bir məsələ də var ki, uzun zaman çəkəcək. Səbəb isə odur ki, zavod işləyə-işləyə modernizasiya olunacaq. Təxminən 4-5 il müddətində həm dizel , həm də benzin qurğusu tikilib başa çatacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Azərbaycanda premium markalı benzinin qiymətinin artmasına münasibət bildirib. Deputat mətbuata açıqlamasında qeyd edib ki, "Aİ-95" markalı benzinin qiyməti Azərbaycan Tarif Şurası tərəfindən tənzimlənmir: ”Ancaq ölkədə istehsal olunan digər benzin markalarının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə də "Aİ-95" markalı benzinin qiymətinin tənzimlənməsi dövlətin əlində olan məsələ deyil. Bu benzin xaricdən idxal olunduğu üçün, qiyməti artırılıb”.

Deputat bunun səbəbini dolların bahalaşması ilə əlaqələndirib. O həmçinin qeyd edib ki, "Aİ-95" markalı benzinin qiymətinin qalxmasının ümumi əhaliyə ciddi təsiri olmayacaq: ”Çünki "Aİ-95" markalı benzini daha çox imkanlı şəxslər lüks avtomobillərinə tökürlər. Azərbaycanda əksər sürücülər ”Aİ-92" və "Aİ-72" benzinindən istifadə edirlər. Ona görə də ”Aİ-95" markalı benzinin qalxması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək".

V.Əhmədov daxildə istehsal olunan "Aİ-92" və ”Aİ-72" benzinlərinin qiymətinin qalxmasını arzuolunmaz hesab edib: "İndiki şəraitdə ”Aİ-92" və "Aİ-72" benzin növlərinin qiymətinin qaldırılması məqsədəuyğun deyil. Şəxsən mən bunu məsləhət görmürəm. Əhalinin vəziyyətini və manatın devalvasiyasını nəzərə almaq mütləq lazımdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]