İqtisadiyyat
Azərbaycanda benzin bahalaşacaq - təfsilat
14-02-2016, 00:31
Aprelin 1-dən etibarən Rusiyada avtomobil yanacağı bahalaşacaq.
Virtualaz.org saytı «Forbes» jurnalının rus xidmətinin məlumatına əsasən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi büdcə gəlirlərinin artırılması məqsədilə ölkə ərazisində benzinə və dizel yanacağına tətbiq edilən aksiz vergisinin artırılması haqqında qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Mənbəyə görə, Rusiya hökuməti təqdim edilmiş qanun layihəsini bəyənib.
Sənədə əsasən, aprelin 1-dən Rusiya ərazisində benzinin 1 litri 2 rubl (AMB-nin rəsmi məzənnəsinə görə, təxminən 4 qəpik ), dizel yanacağının 1 litri isə 1 rubl (2 qəpik) bahalaşacaq.
Bu addım Rusiya büdcəsinə illik 89,3 milyard rubl (1,768 milyard manat) əlavə gəlir gətirəcək.
Ekspertlərin dəyərləndirməsinə görə, anoloji addımın Azərbaycanda da atılacağı gözlənilir. Çünki Azərbaycanın da əsas gəlir mənbəyi Rusiyada olduğu kimi neft sektorudur və neftin ucuzlaşması büdcə gəlirlərinin kəskin azalmasına səbəb olub. İndi hökumət büdcəni doldurmaq üçün əlavə mənbələr axtarır. Bu mənbələrdən biri də neft məhsularının daxili satış qiymətini artırmaqdır.
Nəzərə alsaq ki, Azərbaycan hökuməti əksər hallarda Rusiya hökumətinin addımlarını təkrarlayır, onda benzinin bahalaşmasının qaçılmaz olduğu üzə çıxar. Yeri gəlmişkən, SOCAR prezidenti Rövnəq Abdullayev bu günlərdə benzinin daxili satış qiyməti ilə neftin ucuzlaşması arasında əlaqənin olmaması ilə bağlı açıqlama vermişdi. Bunu bahalaşmanın anonsu kimi də qiymətləndirmək olar.
Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb.
Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.