Kriminal

Bakıda ana bakirəliyi pozulan 14 yaşlı qızını öldürdü - CİNAYƏT İŞİ

12-01-2017, 22:13
Bakıda ana bakirəliyi pozulan 14 yaşlı qızını öldürdü - CİNAYƏT İŞİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızını öldürən 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Xeberman.com xəbər verir ki, 2016-cı ilin avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Elzanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı xahiş edib. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Züleyxa Cəfərova həbs edilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən bugünkü prosesdə baş vermiş cinayətin təfərrüatı açıqlanıb. Qızı Elzanə Cəfərovanı boğaraq qətlə yetirməkdə təqsirli bilinən Züleyxa Cəfərova qızını öldürməsinin səbəbkarı kimi baldızı oğlu Fuad Heydərovu göstərib. Məlum olub ki, Fuad Heydərov qətlə yetirilən Elzanənin bibisi oğludur.

Züleyxa Cəfərova deyib ki, Fuad Heydərov qızını yoldan çıxararaq onunla cinsi əlaqədə olub. Bundan xəbər tutan ana işin qaydasına qoyulmasına çalışıb. O, qardaşı Şəhriyar Cəfərova zəng edərək kömək istəyib.

Züleyxa Cəfərovanın dediklərinə görə, 19 yaşlı Fuadın atası Heydər Heydərovla danışıblar və Heydərovlar qızı alacaqlarına söz veriblər. Amma sonradan bu danışıq pozulub. Fuad Heydərovdan polisə şikayət edən Cəfərova evə qayıtdıqdan sonra qızını boğaraq öldürüb.

Hadisəni törədən zaman hirsli olduğunu deyən Züleyxa Cəfərova özünü təqsirli bildiyini deyib.

"Qızımı öldürməsinə haqq qazandırıram”

Məhkəmədə zərərçəkmiş kimi mərhumun atası Anar Ağayev tanınıb. O, ifadəsində arvadının qızını öldürməsinə haqq qazandırıb və ona sağ ol da deyib. Əvvəllər məhkumluq həyatı yaşayan Anar Ağayev deyib ki, həbsdən çıxmasına bir ay qalmış bu hadisə baş verib: "Züleyxa çarəsiz qalıb ki, belə bir əməl tutub. Mən ona sağ ol deyirəm. Mənim etməli olduğumu o edib. Amma mən burda olsa idim, bəlkə də onlar mənim qızımın başına bu oyunu açmayacaqdılar”.

Anar Ağayev qızına təcavüz etməkdə günahlandırdığı Fuad Heydərovun da məhkəməyə gətirilməsinə narazılıq edib. Ancaq hakim bildirib ki, onlara təqdim edilən sənədlərdə Fuad Heydərovun həbsdə olduğu qeyd edilir. Sonradan aydınlaşdırıldı ki, Fuad Heydərov mərhuma təcavüz etməkdə təqsirli bilinərək həbs edildikdən bir müddət sonra azadlığa buraxılıb.

"Bu hadisəyə görə qısas alacam”

Məhkəmədə qarşı tərəfi təhdid edən Anar Ağayev qızının və arvadının başına gələnlərə görə günahkar olan şəxslərdən qisas alacağını deyib.

Şahid qismində həbs edilən qadının qardaşı Şəhriyar Cəfərov da ifadə verib. O da bacısının dediklərini təsdiqləyib və əlavə edib ki, bacısının belə bir niyyətinin olduğunu bilməyib: "Bacım mən rayonda olanda zəng elədi. Təcili onlara gəlməyimi istədi. Yolda olanda danışanda səsinin pis gəldiyini gördüm. Soruşanda qızının başına gələnləri danışdı. Bakıda Fuadın atası Heydərlə görüşdük. Gəncdir dedik, səhv ediblər dedik. Onlar da bu işi həll etmək üçün qıza sahib çıxacaqlarını dedilər. Amma sonra Heydər fikrini dəyişdi. Dedi ki, şikayət edin, kim günahkardırsa, cəzasını çəksin. Polisə gedib şikayət etdik. Mən rayona qayıdıb pul götürəcəkdim. Bacımla qızı da evə getdilər. Yolda zəng edib bacımla danışmaq istədim. Qızı boğduğunu dedi. Evə gələndə isə artıq gec idi”.

Məhkəmədə Fuad Heydərovun anası Pərvanə Ağayeva da ifadə verib. Bu zaman tərəflər arasında yaranan mübahisəyə hakim müdaxilə edib və tərəfləri sakitləşdirib.

"Oğlumla Elzanənin heç bir münasibəti olmayıb”

Pərvanə Ağayeva qızın ölümündə oğlunun heç bir günahının olmadığını deyib: "Oğlumla Elzanənin heç bir münasibəti olmayıb. Onlar bizə yalvardılar, Züleyxa ayağımıza düşüb dedi ki, bu işi həll edək. Onlar istədilər ki, qızlarını alaq. Biz də razılaşdıq. Amma sonradan şikayət etdilər polisə ki, guya mənim oğlum onların qızına qarşı belə bir hərəkət edib”.

Ailələr arasında sonradan əldə olunan razılığı pozmadıqlarını deyən Pərvanə Ağayeva verdikləri sözü sonadək tutduqlarını deyib. Təqsirləndirilən Züleyxa Cəfərova Pərvanə Ağayevaya sual olaraq "Əgər oğlunuz belə bir iş görməmişdisə, niyə bizimlə razılaşdınız? Niyə qızımı almağı qəbul etdiniz?”, deyə bildirib.

Pərvanə Ağayeva bu təklifi qohum olduqları üçün qəbul etdiklərini söyləyib. Züleyxa Cəfərova şahidin yalan danışdığını deyib: "Möhtərəm hakim, bu qadın yalan danışır. Fuadın atası danışıqlardan sonra razı oldu. Amma Pərvanə başdan bu işi qəbul etməmişdi. Əgər oğlu günahsız idisə, niyə belə bir razılıq olurdu? İndi belə rahat danışmasının səbəbi oğlunun azadlıqda olmasıdır. Onun necə azadlığa çıxması bəllidir”.

"Deyirdi ki, əgər qızımı almasanız...”

Məhkəmədə hadisənin əsas səbəbkarlarından biri kimi göstərilən 19 yaşlı Fuad Heydərov da ifadə verib. O, məhkəmədə deyib ki, dayısı qızının başına belə bir iş gəldiyini öyrənəndən sonra atası ilə onlara gediblər. Danışıqlardan sonra qohum olduqları üçün atası bu işi həll etmək üçün onunla evləndirilməsini istəyib: "Züleyxa qorxurdu. Deyirdi ki, əgər qızımı almasanız, Anar türmədən çıxanda ikisini də öldürəcək. Atam da dedi ki, qohumuq, əgər biz belə razılaşsaq, Anar da başa düşər. Uşaqların səhv etdiklərini qəbul edər. Biz də bu işi aramızda həll edərik. Amma sonradan onlar şikayət etdilər”.

Ancaq məhkəmədə məlum olub ki, Fuad Heydərov yalan danışır. Belə ki, onun istintaqa verdiyi ifadəsi prokuror Ramin Nağdəliyev tərəfindən elan olunarkən aydın olub ki, Fuadın istintaqda ifadəsi mərhum Elzanə ilə cinsi əlaqədə olduğunu təsdiq edib.

"Mənə gülə-gülə qız uşağı olmadığını bildirdi”

Şahid qismində istintaqa ifadə verən Fuad Heydərov bildirib ki, Elzanənin başına iş gələndən sonra atası ilə birlikdə onlara gediblər: "Evdə Elzanənin anası Züleyxa və qardaşları var idi. Yorğun olduğum üçün otağa keçərək yatmaq istədim. Bu zaman Elzanə yanıma gəldi və şit zarafatlar etdi. Mənə dedi ki, məktəbdə oğlanlarla danışır. Gülə-gülə qız olmadığını mənə bildirdi. Mən onun sözlərinə inanmadım, sonra o məni ehtiraslandırmağa başladı. Mən də özümü saxlaya bilmədiyim üçün onunla cinsi əlaqədə oldum. Bu zaman onun qız olmadığına əmin oldum”.

O, həmçinin istintaqa ifadəsində deyib ki, bir neçə dəfə Elzanə ilə könüllü cinsi əlaqədə olub. Fuad Heydərovun atası Heydər Heydərov da məhkəmədə dindirilib. Bu zaman onun dedikləri ilə oğlunun dedikləri arasında ziddiyyətlər yaranıb. Belə ki, ifadəsində oğlunun mərhumla heç bir münasibətlərinin olmadığını deyən Heydər Heydərov qohumlarına yaxşılıq məqsədi ilə onların evləndirilməsinə razılıq verdiyini deyib.

Lakin hakim Əhməd Quliyev ona xatırladıb ki, oğlu ifadəsində mərhumla cinsi əlaqədə olduğunu etiraf edib. Heydər Heydərov oğlunun belə bir ifadə verdiyinə inanmadığını deyib.

Təqsirləndirilən Züleyxa Cəfərova istintaqa ifadəsində qızı barədə ilginc ifadə verib. Züleyxa Cəfərova bildirib ki, 2001-ci ildə Anar Ağayev ilə ailə həyatı qurub, amma rəsmi nikahları olmayıb: "Anarla 2014-cü ildə rəsmi nikah bağlamışıq. Anarla birlikdə yaşadığımız müddətdə 2002-ci ildə Elzanə, 2007-ci ildə Rəhman və 2012-ci ildə Tunar adlı övladlarımız dünyaya gəlib. Anar ilk dəfə 2002-ci ildə oğurluq cinayəti törətdiyi üçün həbs edilib. O, 4 il 6 ay məhkum olunduqdan sonra 2006-cı ildə azadlığa çıxıb. Bundan sonra yenidən oğurluq cinayəti törətdiyi üçün 2013-cü ildə təkrar həbs edilib və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Özüm Balaxanı qəsəbəsində yerləşən "Təmiz Şəhər” zavodunda xidmətçi işləmişəm. Qızım Elzanə 69 saylı orta məktəbin 8-cı sinfini, oğlum Rəhman da həmin məktəbin 2-ci sinfini bitirib”.

"Qızım heç kimlə cinsi əlaqədə olmadığını bildirdi”

Züleyxa Cəfərova qeyd edib ki, 7 iyul 2016-cı il tarixdə, saat 23-24 arası evdə olduqları vaxtda qızı Elzanə əlləri ilə qarnını tutaraq sancılandığını bildirib, amma ona nə olması barədə heç nə deməyib: "Təcili Tibbi yardım Stansiyasına zəng edərək həkim çağırdım. Həkimlər Elzanəni sorğu-suala tutdular. Elzanə bildirdi ki, 2 gün əvvəl hamamda çimərkən yıxılıb və cinsiyyət orqanına nəsə batıb. Həkimlər Elzanəni 3 saylı şəhər klinik xəstəxanasının ginekologiya şöbəsinə apardılar. Həkimlərin müdaxiləsindən sonra onun cinsiyyət orqanından saç lakının qapağı çıxdı. Növbəti gün Elzanəni xəstəxanadan çıxararaq evə apardım. Həmin vaxt həkimlər bildirmişdilər ki, Elzanənin qızlıq pərdəsi pozulub, amma pozulma bu hadisə ilə bağlı yox, əvvəldən baş verib. Bundan sonra şübhələndiyim üçün Elzanədən dəfələrlə soruşmağıma baxmayaraq o, cinsi əlaqədə olduğu oğlanın adını açıqlamadı”.

"Dəfələrlə zorlaması barədə bildirməsinə əsəbləşdim”

Züleyxa Cəfərovanın ifadəsinə görə, qızının bu sözlərinə inanmayıb, onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün iyulun 14-də ərizə ilə Sabunçu rayon Prokurorluğuna müraciət edib və Elzanə məhkəmə-tibbi ekspertizadan keçirilib: "Sonradan Elzanə bildirdi ki, 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərov onu zorlayıb. Elzanənin zorlanması ilə bağlı 2016-cı ilin avqustun 3-də prokurorluğa müraciət etmişəm. Elzanə Fuadın onu dəfələrlə zorlaması barədə bildirməsinə əsəbləşdim. Dedim ki, Fuad onu həqiqətən bir dəfə yox, dəfələrlə zorlayıbsa, deməli, özün pozğunsan və onu ömür boyu bağışlamayacağımı bildirdim. Bu zaman Elzanə Fuadla dəfələrlə yox, bir dəfə cinsi əlaqədə olduğunu bildirdi. O, Fuadın cəzasını yüngülləşdirmək üçün onunla dəfələrlə cinsi əlaqədə olduğunu deyirdi”.

Proses yanvarın 23-də davam edəcək. (teleqraf.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]