Gündəm

Rüstəm Usubovun "şanlı təqdimatı"

29-12-2016, 03:11

Baş prokurorun 1- ci müavini Rüstəm Usubovun təqdimatı əsasında daha 2 nəfər Cəbrayıl rayonundan olan məcburi köçkün həbs olunub. Onlar Ülvi Quliyev və Zaur Feyruzludur. Bununla da, dekabr ayının 22-də Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial problemlərin həlli tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirdikləri dinc yürüş-mitinq zamanı həbs olunanların sayı 5 nəfərə çatıb. Hadisə zamanı Cəbrayıl rayonundan olan 3 nəfər məcburi köçkün- Gülağa Alməmmədov, Cəlal Quliyev, İlkin İskəndərov həbs olunmuşdu. Həbs olunan 5 nəfərin hər birinə Cinayət Məcəlləsinin 186.2.2- ci (özgə əmlakı məhv etmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233- cü (ictimai qaydanı pozma) və 315.2- ci (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Görürsünüzmü, ölkəmizin hüquq- mühafizə orqanları, yüksək vəzifəli prokurorluq əməkdaşları nə qədər ayıq- sayıq "çalışırlar". Dövlət büdcəsini talayan, xalqın sərvətini oğurlayıb mənimsəyənlər, korrupsioner məmurlar qalır bir kənarda, evini- eşiyini, variını- yoxunu, torpağını itirən, sosial problemlərinin həll olunmasını tələb edən Cəbrayıl köçkünlərini şərləyib həbs edirlər. Özü də köçkünlərin həbs olunması, onlar haqqında həbs- qəti imkan tədbirinin seçilməsi Baş prokurorun 1- ci müavini Rüstəm Usubovun verdiyi "şanlı təqdimat" əsasında həyata keçirilir. 

"Şanlı təqdimat"- da diqqətimi bir məsələ də çəkdi. Qeyd olunur ki, "təqsirləndirilən şəxs Quliyev Ülvi Məhəmməd oğlu saat 20:30 radələrində bir qrup şəxslərə qoşulub Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşaraq idarə, müəssisə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər törədib, qanunsuz tələblər irəli sürüblər...". Maraqlıdır, doğurdanmı axşam saat 20.30 radələrində qəsəbədə idarə, müəssisə və təşkilatlar işləyirmiş və onların fəaliyyəti pozulub? Əgər həmin təşkilatlar deyilən saatlarda həqiqətən işləsəydi qaçqınları narahat edən problemlər olmazdı. Digər tərəfdən işığı yanmayan, qazı gəlməyən sakinin dinc şəkildə gəlib dövlət orqanından probleminin həll olunmasını istəmək nə zamandan qanunsuz tələb sayılır?
Amma Rüstəm Usubov bir məsələdə deyəsən "haqlıdır". Sosial problemlərinin həllini hökümətdən tələb etmək bizim hakimiyyət tərəfindən "qanunsuz tələb" sayılır. Yəni hökümət deyir ki, gedin başınızın çarəsini özünüz qılın, məndən kömək gözləməyin. Əks təqdirdə istəyinizi "qanunsuz tələb" adlandırıb sizləri həbs edərəm. Həbs olunmuş 5 nəfər Cəbrayıl köçkünü kimi...
Sosial tələblərlə dair keçirilən 22 dekabr aksiyası ilə bağlı Cəbrayıl rayonundan olan məcburi köçkünlərin həbsi sərbəst toplaşmaq və ifadə azadlığının pozulmasıdır. Birmənalı şəkildə siyasi motivlidir. Azərbaycan hakimiyyəti hər gün ölkədə siyasi məhbusların sayını artırır. Həm də özünə qarşı narazıların...

Oktay Gülalıyev, hüquq müdafiəçisi 

Administratorla əlaqə

077 611-55-22

[email protected]