Gündəm

Bir naziri dindirə bilmirsinizsə…

20-12-2016, 01:07
Bir naziri dindirə bilmirsinizsə…

"Nardaranda tutulanlara işgəncə verib bir-birinin üstünə atıblar, üst-başlarındakı qan bir-birinə qarışıb. Hətta ekspertlər də müəyyənləşdirə bilməyib ki, kimin üstündəki kimin qanıdı…”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və onunla birlikdə həbs olunanlara qarşı hal şahidi kimi istifadə olunan adamdan Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarını yazdığına görə 10 il azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsində də istifadə olunubmuş. Bayramın üzünə durub guya, cibindən və evindən narkotik tapılmasına şahidlik etdiyini iddia edən İntiqam Kərimov Nardaran işində də guya, adamlardan silah-sursat çıxdığını görüb. Özü də həmin bu İntiqam Kərimov narkoloji dispanserdə qeydiyyatda imiş. Bütün bu faktların üstünü dekabrın 19-da Hardaran işi üzrə məhkəmədə vəkil Yalçın İmanov açıb.

Bugünkü məhkəmə iclası da Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfər təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib. Onlar yenə də öz məhkəmələrinə buraxılmayıblar.
Vəkil Yalçın İmanov Taleh Bağırzadə və digər təqsirləndirilənlərin öz məhkəmələrində iştirakına imkan verilməsi barədə vəsatət verib. Amma Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Vəkil Zibeydə Sadıqova təqsirləndirilən Şamil Abduləliyevin anasının yas mərasimində iştirakına icazə verilməsi üçün məhkəmədən Penitensiar Xidmətə müraciət olunmasını istəyib. Amma bu vəsatət də təmin edilməyib.
Vəkil Fariz Namazlı təqsirləndirilən Abbas Hüseynovun telefon danışıqları əks olunmuş və iş materiallarına əlavə edilmiş diskə Abbasın özünün iştirakı ilə məhkəmədə qulaq asılması haqda vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Ramil Usubov yenə məhkəməyə çağrıldı

Vəkil Nemət Kərimli isə yenə də Daxili İşlər naziri Ramil Usubovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb: "Keçən məhkəmə iclaslarından birində Ramil Usubovun 2015-ci il dekabrın 2-də verdiyi müsahibədə Nardaran hadisələri ilə bağlı səsləndirdiyi fikirlərə toxunduq. Nazir o çıxışında deyir ki, Nardaranda əməliyyat zamanı polislərlə yanaşı, 5 nəfər məhv edilib, həmçinin o əməliyyat barədə göstəriş prezident İlham Əliyevdən gəlib. Əməliyyatı da DİN, Baş Prokurorluq və MTN birgə keçirib. Aşkar göründü ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirib, girib dinc əhalini güllələyib çıxıblar. İş materiallarında da əməliyyatda MTN-in iştirakı barədə bir cümlə yoxdur. Nazir deyir ki, əməliyyat prezidentin göstərişi ilə keçirilib, amma iş materiallarında yazılıb ki, guya, xüsusi dəstənin mbvcudluğu barədə "bandotdel”ə məlumat daxil olub, onun əsasında da əməliyyat keçirilib.

Bizim məhkəmədə bu vəsatətimizdən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti böyük bir açıqlama yayıb. Yazıblar ki, "ölkənin konstitusion quruluşunu zorla dəyişdirmə və qanuni hakimiyyəti silah yolu ilə devirməyə çalışdıqlarına görə Müsəlman Birliyi Hərəkatının rəhbərliyi, vəkillər…” Vəkillər nə vaxtdan baş vermiş hadisədə ittiham olunur? Sonda da yazıblar ki, "layiqli cavablarını alacaqlar”. Artıq Daxili İşlər Nazirliyi bizə cəza verəcəyindən danışır. Bununla da vəkillərə qarşı hücuma keçiblər. Bu açıqlama birbaşa məhkəməyə təzyiqdir. Daxili İşlər Nazirliyi nə bilir ki, hakimlər bu şəxslərə cəza verəcək? Bu açıqlamada həm də adamların təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulub. Şəxsən Ramil Usubov adamların bu hüququnu pozub. Ona görə də xahiş edirik, həmin açıqlama iş materiallarına əlavə olunsun və Ramil Usubov şahid qismində dindirilsin”.

Bir naziri dindirə bilmirsinizsə…

Vəkil Yalçın İmanov həmkarının vəsatətinə münasibət bildirərkən qeyd edib ki, Nardaran işi üzrə məhkəmə prosesinin gedişində ağlasığmaz olaylar baş verdi: "Şahidləri aparıb işgəncə verib, təzyiq etdilər, məhkəməyə gələnlər həbs edildi. Məhkəməyə Nardaran sakini Fail Şahbazov gəlirdi, ona görə ona 30 sutka inzibati həbs verdilər, indi də barəsində cinayət işi başlayıb, silah saxlama ittihamı veriblər. Dəfələrlə hüquq-mühafizə orqanları bu məhkəmənin gedişinə təsir göstərən hərəkətlərə yol verdilər.
Açıqlamada yazırlar ki, nazirin müsahibəsində beş nəfərin öldüyü haqda ona görə yanlış məlumat gedib ki, həmin vaxt ilkin informasiya belə olub. Halbuki, Nardaran əməliyyatı noyabrın 26-da olub, müsahibə isə dekabrın 2-də – əməliyyatdan altı gün sonra verilib. Nazirliyin bəri başdan təqsirləndirilən şəxslərin ağır cəzalanacağını bəyan etməsi o deməkdir ki, hökm artıq hazırdır. Əgər biz bir naziri şahid kimi çağıra bilmiriksə, hansı məhkəmədən danışırıq?!”
Bu vəsatət də təmin edilməyib.

Narkoman hal şahidləri

Vəkil Yalçın İmanov əməliyyat-axtarış və maddi sübutların götürülməsinə dair protokolları imzalamış hal şahidlərinin məhkəmədə dindirilməsi, həmçinin həmin protokolların yolverilməz sübut kimi iş materiallarından çıxarılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, buradakı hal şahidləri bir sıra başqa siyasi motivli işlərdə də eyni statusla çıxış ediblər. Bu da onların polisin qeyri-rəsmi əməkdaşları olması, lazım gələndə onlardan istifadə edilməsi qənaəti yaradır.

"Məsələn, bu işdə guya, təqsirləndirilən şəxslərdən qumbara, bıçaq çıxarılmasının şahidi olmuş İntiqam Kərimov bu yaxınlarda 10 il azadlıqdan məhrum edilmiş "heykəl məhbusu” Bayram Məmmədovun işində də hal şahidi olub. Guya, Bayramın cibindən narkotik çıxmasının şahidi olub. O, Turqay Əhmədovun, Nuriyev soyadlı bir bir adamın işində də hal şahidliyi edib”, – vəkil vəsatətini əsaslandırarkən bildirib.

Yalçın İmanov məhkəməyə İntiqam Kərimovun başqa işlərdə də hal şahidi olduğunu təsdiqləyən sənədlərlə yanaşı, onun, eləcə də Nardaran işində adı keçən başqa bir hal şahidi Hüseynağa Məmmədovun narkoloji dispanserdə qeydiyyatda olması haqda da arayış təqdim edib: "İttiham tərəfi yaxşı başa düşür ki, o adamlar məhkəməyə gəlsə, Nardaran əməliyyatında tutulan şəxslərdən silah-sursat tapılması barədə deyilənlərin qurama olduğu bir daha ifşa olunacaq. Ona görə də hal şahidlərinin adlarını məhkəmədə dindiriləcək şahidlərin siyahısına əlavə etməmişdilər. Siz də məhkəmə olaraq, bunu başa düşdüyünüzə görə onların əlavə şahid kimi dindirilməsi haqda bizim vəsatətimizi təmin etmədiniz. Amma biz bu vəsatəti yenidən qaldırırıq və onların imzaladıqları protokolların sübutlar siyahısından çıxarılmasını xahiş edirik”.
Bu vəsatət də təmin olunmayıb.

DİN-in açıqlaması ilə polislərin dedikləri arasında ziddiyyət

Daha sonra Yalçın İmanov xatırladıb ki, 2015-ci ilin noyabrın 5-də Sabuçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasına görə məhkəmədə dindirilən polis əməkdaşları ora təxminən 150 nəfərin toplaşdığını deyib, lakin Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında orada 60 nəfər aksiya iştirakçısının olduğunu bildirilib. Vəkil həmin açıqlama ilə polislərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyərək rəsmi açıqlamanın işə daxil edilib tədqiq olunması barədə yazılı vəsatət verib. Vəsatət təmin edilməyib.
Vəkil Zibeydə Sadıqova təqsirləndirilən Şamil Abduləliyevə hələ anasının ölüm xəbərinin çatdırılmadığını vurğulayaraq, qardaşının məhkəmədə bir neçə dəqiqəlik də olsa, onunla görüşünə imkan yaradılması barədə şifahi vəsatət verib. Bu vəsatət də təmin olunmayıb.

Adamları döyüb bir-birinin üstünə atıblar, qanları qarışıb…

Vəkil Yalçın İmanov bu iş üzrə müxtəlif məsələlərlə bağlı rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi haqda da vəsatət qaldırıb: "Təsəvvür edin, Nardaranda tutulan adamları döyüb, işgəncə verib bir-birinin üstünə atıblar. Onların üstündəki qanlar bir-birinə qarışıb. Elə bir vəziyyət yaranıb ki, ekspertlər müəyyənləşdirə bilməyiblər ki, kimin üstündəki kimin qanıdı…”
Vəkilin vəsatəti yenə də təmin olunmayıb.

Vəkil Yalçın İmanovun başqa bir vəsatəti Fuad Qəhrəmanlı haqda olub. Müdafiəçinin sözlərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fuad Qəhrəmanlının, Taleh Bağırzadənin "facebook” statuslarını toplayıb, Baş prokurora təqrir yazıb: "Maraqlıdır, adamların "facebook” profillərini izləmək də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinin vəzifələri siyahısındadır? Bu adam statusları toplayır, sonra da kimlərinsə barəsində tədbir görülməsini istəyir. Xahiş edirəm, çağırıb onu dindirək, bütün bunları soruşaq”.
Bu vəsatət də təmin olunmayıb. Məhkəmə dekabrın 21-də davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]