Əli Əhmədov Siyavuş Novruzova qarşı
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov fevralın 23-də Milli Məclisin iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsində hökumət üzvlərinin iştirak etməməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Ə.Əhmədov deyib ki, Milli Məclisin və deputatların əsas vəzifələrindən biri də odur ki, hökuməti tənqid etsinlər:
"Parlament elə bunun üçündür. Yəqin siz də xatırlayırsınız. Vaxtilə mən deputat olan zaman hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid etmişdim. Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, fevralın 23-də keçirilən Milli Məclisin iclasında Azərbaycanın Dövlət Büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş Dövlət Büdcəsinə dəyişikliklərin edilməsindən gedir. Bunlar fərqli-fərqli anlayışlardır”.
Baş nazirin müavini vurğulayıb ki, digər tərəfdən büdcənin hazırlanması Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələdir: "Təbiidir ki, büdcəyə dəyişikliklərlə əlaqədar kimin nə sualı varsa, ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir. Milli Məclisin son plenar iclasında da maliyyə naziri iştirak edirdi. Əgər büdcə ilə bağlı kimin nə sualı var idisə, o zaman həmin sualları ən səhih cavablandıracaq hökumət üzvü maliyyə naziridir.
Üçüncüsü isə əgər Milli Məclisdə müzakirələr zamanı hər hansı hökumət üzvünün orada iştirakı məqsədə uyğundursa, o zaman Milli Məclis rəhbərliyi lazım olan hökumət üzvlərini iclasa dəvət etməlidir”.
Ə.Əhmədov deyib ki, Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur: "Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur. Hökumətin parlamentdə tam tərkibdə iştirakı üçün gərək yerlər hazırlansın. Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü? Əlbəttə ki, xeyr. Həmin yerlər əvvəl kimlər üçün nəzərdə tutulurdusa, yenə də onlar əyləşmişdilər. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Əgər bizə dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Ona görə də qeyd edim ki, tənqid yaxşı şeydi, ancaq yerində edilsin”.