İqtisadiyyat

Azərbaycan da neft hasilatını azaldır, bəs sonra?

12-12-2016, 09:36

Natiq Cəfərli: "Bu, bir piar gedişidir, qısa müddətə neft bahalaşa bilər, ancaq...” 

 


OPEK-ə qeyri-üzv ölkələrin dekabrın 10-da Vyanada keçirilən görüşündə neft hasilatının ümumi həcminin sutkada 612 min barel azaldılması barədə qərar qəbul edilib. 

12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya 35 min, Bəhreyn və Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya isə 4 min barel azaltmağı qərara alıblar. Qeyd edək ki, bundan öncə də OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcminin sutkada 1,2 mln. barel azaldılmasına dair qərar veriblər. 

Ekspertlərin Azərbaycanın OPEK-in qəbul etdiyi qərarda iştirakı ilə bağlı fikirləri birmənalı deyil. Kimisi bunun ölkəmizin xeyrinə, kimisi də ziyanına olacağını deyir. Ümumi fikir isə ondan ibarətdir ki, qurumun qərarı dünyada neftin hasilatına və qiymətinə təsir etməyəcək.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, OPEK-in qərarı bir müddət neft bazarına psixoloji təsir göstərmək imkanına malikdir: "Bazarda neft hasilatının azaldılması sözünün özü belə qiymətlərə müsbət təsir etmək imkanına malikdir. Bazar bir müddət sonra artıq o detallara, fundamental dəyərlərə fikir verməyə başlayacaq. Azərbaycanda onsuz da son zamanlarda hasilatın azalması prosesi gedir. Hətta OPEK-in özü belə bir ay öncə Azərbaycanla bağlı proqnozlarını açıqlayanda 2017-ci ildə gündəlik hasilatın 30 min barel azalacağını proqnozlaşdırıb. Əgər 30 min barel Azərbaycanda neft hasilatı azalacaqsa, ölkəmizin üzərinə götürdüyü öhdəlik də 35 min bareldir. Bu, obrazlı desək, məlumun elanıdır. Bu toplantı olmasaydı, eləcə də, Azərbaycan bu öhdəliyi götürməsəydi belə, təbii olaraq bizdə hasilatın azalması prosesi gedir. 2017-ci ildən sonra hasilatın azalması daha sürətli gedəcək. Qısa müddətdə qiymətlərin yuxarı səviyyədə qalmasına kömək edəcək. Bir müddət sonra bazar oyunçuları fundamental məsələlərə, hasilatın azalmasının hansı qaydalara görə yoxlanılmasına, hansı nəzarət mexanizmlərinin olmasına fikir verməyə başlayacaqlar. 

Açığı, bir müddətdən sonra OPEK toplantısının, bu qurumdan kənar ölkələrin qəbul etdiyi qərarların neft bazarına ciddi təsir edəcəyini düşünmürəm. Getdikcə bu psixoloji effekt azalacaq, bazar öz fundamental dəyərlərinə qayıdacaq. Açığı demək lazımdır ki, hazırda neft bazarında qiymətlərə və hasilata əsas təsir edən ölkə, söz sahibi olan Amerikadır. ABŞ-da isə son vaxtlar hasilatın yenidən artdığını müşahidə edirik. Həftəlik o, 40-50 min barel əlavə neft hasil etməyə başlayıb. Hətta Amerika  gələn ilin əvvəllərindən 9.5 milyon barelə çatdıracağını bəyan etdi. Hasilat üçün nəzərdə tutulan buruqların sayı da ABŞ-da artır. Bütün bu göstəriciləri nəzərə alsaq, düşünürəm ki, gələn il bizi maraqlı bir neft bazarı gözləyir.

Image result for Natiq Cəfərli 

Ən azından OPEK ölkələrin anlaşması bir müddət bazara psixoloji təsir göstərəcək. Amma ən azı, bir aydan sonra bazar öz fundamental dəyərlərinə qayıdacaq. Əsasən hasilatın nə dərəcədə azalmasına, reallıqda nə qədər olmasına, satışın nə qədər həcmdə olmasına baxılacaq. OPEK ölkələrin anlaşmasına İran, Liviya, Nigeriya qoşulmadı. Bu ölkələrdə gələn il neftin hasilatının sürətlə artacağı gözlənilir. Bunlara ciddi önəm veriləcək. İnanmıram ki, OPEK anlaşmasının neftin qiymətinin artmasına ciddi təsiri olsun”.

İqtisadçı ekspert Azərbaycanın OPEK-ə və qurumun qəbul etdiyi qərarlara qoşulmasına da münasibət bildirdi: "Bu sırf piar bir addımdır. Azərbaycan çox istəyir ki, neftin qiymətləri artsın. Ölkəmizin o qurumda olması, qərarlara imza atması psixoloji olaraq, daha bir ölkə bu qərara qoşuldu anlamına gəlir. Reallıqda Azərbaycan OPEK-ə qoşulmasaydı belə, gələn il neft hasilatı azalacaqdı”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]