Ölkə

Başçının bazarı bağlandı: vergi müfəttişləri plan doldurur

11-12-2016, 00:40
Dekabrın 9-da Beyləqanda bazarındakı dükanların əksəriyyəti bağlanıb. Bəzi dükanların sahibləri isə dükanlarını qapadıb qaçırıblar...

Bu barədə rayondan Politika.Az-a məlumat verilib. 

Məlumata görə, vergi işçiləri boş bazarda meydan sulayıblar. Buna səbəb plan doldurmaq olub. Beyləqan rayon Vergi İdarəsinin əməkdaşları deyiblər ki, ilin axırıdır, verginin planında kəsirlər var. 

Bunu aradan qaldırmaq üçün məcburən 20-30 nəfərə cərimə yazmaqla vəziyyətdən çıxmaqdan başqa əlacları yoxdur. Bazar işçiləri isə vəziyyətdən çıxış yolunu 5-10 gün qaçıb gizlənməkdə görürlər. 

Prezident İlham Əliyev sahibkarları iki il vergi yoxlamasından azad edib. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, iş adamlarına, obyekt sahiblərinə işləməyə imkan verilməlidir. Vergilər naziri Fazil Məmmədovun Beyləqandakı müfəttişləri isə plan doldurur.

Politika.Az xəbər verir ki, Beyləqan bazarı başıbəlalı məkandır. Bir neçə gün qabaq da Beyləqanın mərkəzində yerləşən bazara verilən elektrik enerjisi kəsildiyi üçün orada ciddi problemlər yaranıb. Bu barədə xəbər yaymışdıq. 

Yada salaq ki, işıq pulunu ödəmədikləri üçün Beyləqan Rayon Elektrik Şəbəkəsi (REŞ) qeyd olunan bazara verilən elektrik enerjisini kəsib. Uzun müddətdir ki, bazarın elektrik təminatına məsul olan şəxslər bazarda çalışan şəxslərdən hər ay 4 manat işıq pulu yığırlar. 

Lakin onlar yığdıqları pulları REŞ-yə köçürmək əvəzinə mənimsəyiblər. Nəticədə bazarın REŞ-nə 5000 manat işıq pulu borcu yaranıb və bu səbəbdən də bazara verilən elektrik enerjisini kəsiblər. 

Bazar qaranlıq olduğu üçün müştərilər bazara gəlmirlər. Hələ bazar ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin vəziyyətləri daha da çətinləşib. İşıqsız çay qaynatmaq, yemək bişirmək və s. bu kimi işlər mümkün olmur. 

Politika.Az xatırladır ki, hər ay bazardan çalışan şəxslərdən işıq pulu adı ilə pul yığıb mənimsəyən şəxslər bazarın REŞ-ə yaranmış 5 000 manat borcunu yenidən bazarda çalışan şəxslərin hərəsindən 10-15 manat pul yığmaqla ödəmək istəyirlər. 

Bütün bunlar bazarda çalışan şəxslərin narazılığına səbəb olub. Mənbə bildirib ki, keçmiş İH başçısının oğlu olan bazar sahibi indiki icra başçısı Vaqif Abdullayevlə hesablaşır. Belə demək olarsa, şərikdirlər. 

Ona görə heç kəs onun bu poliqonuna dur deyə bilmir. Görünür, alverçilərdən işıq pulunu yığıb mənimsəyənlər də məhz bazar rəhbərliyindəki şəxslərdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]