Ölkə

Türmə işçisi sakinləri "Bandotdel"lə hədələyir - Ramil Usubova şikayət

29-04-2016, 11:25
Türmə işçisi sakinləri "Bandotdel"lə hədələyir - Ramil Usubova şikayət
Bir neçə gün əvvəl Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 8 ünvanında yaşayan sakinlərin İstiqlal.az-a müraciətini dərc etmişdik. Sakinlərin şikayəti yaşadıqları binanın birinci qatında yerləşən "Kabab evi" restoranından idi. 

Sakinlər deyirdi ki, binanın birinci qatı restorana çevrilərkən obyekt sahibləri zirzəmini də qazıblar. Nəticədə bina qəzalı vəziyyətə düşüb. "Təsəvvür edin ki, hətta evimizi sata bilmirik. Çünki Bakıda hər kəs bu binanı qəzalı bina kimi tanıyır",-deyə sakinlər bildirirdi. 

Onların sözlərinə görə, restoranın fəaliyyəti onlara normal yaşamağa imkan vermir:  "Evlərimizdə rütubət əmələ gəlir. Gəlib baxa bilərsiz. Divarlar qapqaradır, oboylar qopub düşüb". 

Sakinlər daha bir dəhşətli faktı da açıqlamışdılar: "Qonşulardan biri yaşlı qadındır, ağır xəstədir, "paralicdir". Onun evi 2-ci qatda, düz restoranın üstündədir. Evində rütubətdən oturmaq mümkün deyil. Tüstü, duman evin içindədir. Həmin qadının yaxınları restoran sahiblərindən xahiş etdi ki, heç olmasa vintalsiya sistemi düzəltsinlər. Onlar əvvəlcə bütün problemləri həll edəcəklərinə söz versələr də sonradan vədlərindən qaçdılar. Təsəvvür edin, qadını aldatdılar ki, evini təmir edəcəyik, o da kirayə çıxdı. Amma vədlərinə əməl etmədilər. O evdə də yaşamaq mümkün deyil. Qadın da evinə qayıda bilmir".

Restoranın sahibinə gəlincə, sakinlər bildirib ki, bu şəxs ədliyyə sistemində çalışır: Obyekt Ədliyyə Nazirliynin Kürdəxanı təcridxanasında işləyən Ceyhun Xəlilovdur.

Bu gün sakinlər yenidən İstiqlal.az-a müraciət edib. Onlar bildirir ki, müraciətləri dərc olunandan sonra restoran sahibi bəzi qonşulara zəng edərək hədə qorxu gəlib: "Ceyhun Xəlilov qonşuları Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ilə hədələyib. Deyib ki, orda dostlarım var, sizin başınıza oyun açacam. Saytı da məhkəməyə verəcəm. Biz buradan daxili işlər naziri cənab Ramil Usubova müraciət edirik. Cənab nazir, bizim şikayətimizdə hər hansı cinayət tərkibi yoxdur. Amma yaşadığımız binanı qəzalı vəziyyətə salan, ahıl, iflic xəstəsi olan qadını evindən didərgin salan şəxs bizi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsilə hədələyir. Xahiş edirik ki, bu məsələni diqqətdə saxlayasınız".

Sakinlər həmçinin bildirib ki, restoran sahibləri binanın arxası və qarşısında da artırma ediblər: "Həmin artırmanın üstü dəmir şiferlə örtülüb. Qış vaxtı yağış suyundan, yayda isə şiferin istisindən balkona çıxmaq olmur".

Administratorla əlaqə

077 611-55-22

[email protected]