Gündəm

“Evimizdə bir başıpapaqlı qoymayıblar”

17-11-2016, 21:53
“Evimizdə bir başıpapaqlı qoymayıblar”

Nardaran işi üzrə məhkəməyə gələnlər təhdid olunur

"Gedib evdə uşağınızın üzünə necə baxacaqsız ki, ləyaqətli insanların üzünə durub, onlara şər atmısız, yalan demisiz?”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərin işi üzrə noyabrın 16-da davam etdirilən məhkəmə prosesi yenə də bir sıra maraqlı məqamlarla yadda qalıb. Məlum olub ki, təqsirləndirilən şəxslərin yaxınlarına məhkəməyə gəldiklərinə görə təzyiq göstərilir. Bu barədə əvvəlcə Taleh Bağırzadə məlumat verib. O bildirib ki, Nardaran işi üzrə məhkəməyə gələn şəxslərdən şəxsiyyət vəsiqələri yığılır. Sonra da bu yolla kimlərin iştirak etdiyini müəyyənləşdirib, o adamlara təzyiq göstərirlər: "Xüsusilə Nardarandan gələn insanlara, qadınlara belə, polis tərəfindən hal-hazırda konkret təhdid var ki, ora getməyin”.

"Özləri öz hökumətləri barədə görün nələr yazırlar”

Taleh Bağırzadə hakimlər kollegiyasından bu məsələnin qarşısının alınması üçün tədbir görülməsini istəyib.

İlahiyyatçı həmçinin iş materiallarına əlavə olunmuş "Taleh Bağırzadənin müraciəti” adlı kitabçadan da danışıb. Bir daha bəyan edib ki, bu kitabça onların həbsindən hazırlanıb və orada yazılanlar da polislərin özlərinin təxəyyülünün məhsuludur: "Adam başqasının evinin içini bilmir. Ola bilər, evin içində od yansın, tüstülənsin. Biz hakimiyyəti tənqid edəndə onun yalnız tüstüsünü görürük, özləri isə içini görürlər. Bunlar kitabçada mənim adımdan "haramçılığı və fahişəliyi tərənnüm edən hökumət” ifadəsini yazıblar. Özləri öz hökumətləri barədə yazıblar bunu. Biz belə şeylər deməmişik. Hakimiyyət başına bir əlac qılmalıdır ki, öz içində olan adamlar, konkret Daxili İşlər Nazirliyi bu cür sözləri onun ünvanına deyir. Bu tam ciddi məsələdir. Bütün bunlar göstərir ki, hökumət ağlını itirib. Bunlar özləri özlərinə belə sözlər deyirlərsə, məhkəmənin getməyinin, bizi mühakimə etməyin nə mənası var?”

Hakim Əlövsət Abbasov bildirib ki, məhkəməyə gələnlər proses iştirakçıları sayılmırlar. Ona görə də məhkəmə onlarla bağlı heç bir addım ata bilməz, yalnız özləri müvafiq orqanlara müraciət edə bilərlər.

"Xof yaratmaq istəyirlər ki, adamlar məhkəməyə gəlməsin”

Fuad Qəhrəmanlı məhkəməyə gələnlərin təhdid olunmasını repressiya adlandırıb: "Hamı bilir ki, istər məhkəmə, istər prokurorluq – hamısı eyni mərkəzdən idarə olunur, eyni siyasət yürüdür. Bu, siyasi repressiya dalğasıdır. Ona görə də harasa müraciət etməyin xeyri yoxdur. Çünki eyni zehniyyətdir. Görürlər ki, şahidlərə hədə-qorxu gəlməklə istintaqın, ümumiyyətlə, hakimiyyətin mahiyyətinin ifşasının qarşısını ala bilmirlər, indi də prosesi lokallaşdırmağa çalışırlar. Çalışırlar, xof yaratsınlar ki, adamlar məhkəməyə gəlməkdən çəkinsinlər. Biz bu məsələni qaldırmaqla, onun obyektiv araşdırılmasını gözləmirik, sadəcə, məsələnin ictimailəşməsini istəyirik. Sizdən isə istədiyimiz odur ki, heç olmasa, göstərəsiniz ki, hakim kimi, apardığınız prosesə bu qədər kobud şəkildə müdaxilə olmasın. Heç olmasa, müəyyən formal görüntüləri saxlayın”.

Vəkil Nemət Kərimli də şəxsiyyət vəsiqələrinin yığılmasına etiraz edib: "Şəxsiyyət vəsiqəsinə baxıb, adamların özlərinə qaytarmalıdılar. Əgər şəxsiyyət vəsiqəsi alınırsa, bu, girov götürmədir və inzibati məsuliyyətə səbəb olan bir haldır”.

Təqsirləndirilən Abbas Hüseynov bu məhkəmə prosesini izləyən ictimai-siyasi xadimlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb dindirilməsini yada salıb: "Arif Hacılını, Gözəl Bayramlını "bandotdel”ə çağırıb deyiblər ki, siz niyə Nardaran hadisəsində həbs olunanların hüquqlarını müdafiə edirsiz? Yaxud Yasamal Məhkəməsi bizim yaxın dostlarımızdan birinə burada iştirak etdiyi üçün 30 sutka həbs verib. Bu yaxınlarda Lənkərandan gələn qardaşlarımızı tutub aparıblar bölməyə ki, siz niyə burada iştirak edirsiniz? Əgər bu hallar hamısı baş verirsə, deməli məhkəmənin özünün də marağı var”.

"Bu faciə sizlərə də çatacaq”

Təqsirləndirilən şəxslərdən İbrahim Xudaverdiyev məhkəmənin nəzərinə çatdırıb ki, həyat yoldaşının məhkəmədə iştirak etməməsi üçün polis qaynını çağırıb: "Şəxsən bizim evdə başıpapaqlı kişi qalmayıb. Tutulub hamısı. Hələ tutula-tutula da gedirlər. Mənim yoldaşımın qardaşını – qaynımı çağırıblar polisə deyiblər ki, "bacına de, məhkəməyə gəlməsin”. Azərbaycanda yaşayırıq, hamı yaxşı nə bilir ölkədə nə baş verir. Uşaq türmədədir deyə, mən hələ ehtiyat edirəm, çox şeyi danışmıram. Zəhmət çəkib parlamentdə qərar qəbul eləsinlər ki, söz azadlığı cinayətdir, biz də işimizi bilək, dilimizi qoyaq qarnımıza. Bu faciə günün birində sizlərə də çatacaq”.

Xeyirlə Şərin qarşıdurması

Taleh Bağırzadə qeyd edib ki, Hardaran işi üzrə məhkəmə prosesini beynəlxalq hüquq-müdafiə təşkilatları da diqqətlə izləyir: "Bu proses sıradan məhkəmə deyil, Xeyrilə Şərin qarşıdurmasıdır. Nə etsələr də, bu hakimiyyət məğlubiyyətə məhkumdur, çünki şər cəbhəsidir”.

Təqsirləndirilən Cabbar Cabbarov isə deyib ki, məhkəməyə gələnləri təhdid etmək əvəzinə, Mehriban Əliyevanın ünvanına nalayiq ifadələr işlədənlərin, saxta kitabçada "oğru İlham Əliyev” ifadəsini yazanların kimliyini araşdırıb ortaya çıxarsınlar.

Məsciddən çıxıb ünvansız söyüş söyürdü…

Daha sonra məhkəmədə Sabunçu rayonu, 15-ci polis bölməsinin sahə müvəkkili Emin Babayev Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun necə həbs olunması barədə şahid ifadəsi verib: "5 noyabrda axşam 7-8 arası Yusif Qurbanovla xidmətdə idik. Elçin Qasımov məsciddən çıxdı, uca səslə söyüş söyürdü. Onu intizama dəvət etdik, tabe olmadı. Maşına mindirib, Sabunçu Rayon Polis İdarəsinə apardıq”.

Polislərdən kim yalan danışır?

Vəkil Yalçın İmanov polisdən soruşub ki, Elçin Qasımovu niyə bölməyə yox, idarəyə aparıblar. Cavabında deyib ki, həmin vaxt bölmədə heç kim yox idi. Vəkil təəccüblənib ki, məgər axşam 19-20 radələrində bölmədə heç kim olmur? Şahid bu zaman deyib ki, onlara idarəyə aparmaq təlimatı verilib.

Emin Babayev deyir ki, Elçin Qasımovu idarəyə təhvil verəndən sonra çıxıb gedib. Bu zaman vəkil məhkəmənin nəzərinə çatdırıb ki, onunla birlikdə olan digər polis əməkdaşı istintaqa ifadəsində səhərə kimi idarədə Elçin Qasımovun yanında gözlədiklərini deyib.

Bundan başqa, Emin Babayev sualları cavablandırarkən bildirib ki, Elçin Qasımov ünvansız söyüş söyəndə onunla aralarında təxminən 10 metr məsafə olub. Lakın digər polis Yusif Qurbanov ifadəsində arasında xeyli məsafənin olduğunu, heç nə eşidilmədiyini deyib.

"Ruhanini şərləmək vicdan məsələsidi”

"Siz 15 ildir polis işləyirsiz, ruhani ilə alkaşın fərqini ayırd edə bilmirsiniz? Mən xeyli vaxtdır ki, burada dindarlarla bir yerdəyəm, onlar ruhani statusu olmayan sadə mömin insanlardır. Onlardan nəinki söyüş, heç kobud söz də eşitməmişəm. Elçin Qasımov kəndin axundudur. Hansı məntiqlə bunları deyirsiz? Əslində, burada məntiq yox, vicdan məsələsi var. Çünki hüquq-mühafizə sistemi məntiq tanımır. Ruhanini şərləmək üçün başqa variantlar işlətmək olar. Hansı məntiqlə və vicdanla demək olar ki, ruhani Elçin Qasımov söyüş söyür? Elçin Qasımov elmlər namizədidir, Elmlər Akademiyasının üzvüdür. Bəzi polis əməkdaşları burada gəlib ifadə verəndə qızarırdılar, amma siz qızarmadınız. Yəqin məşq eləmisiz”, – Fuad Qəhrəmanlı şahid polisə deyib.

"Yalan danışmaqdan utanmırsan?”

Abbas Hüseynovun sualına cavab olaraq, polis deyib ki, Elçin Qasımov İmam Rza məscidindən çıxanda söyüş söyürdü. Abbas Hüseynov onu yalan danışdığını deyib: "O ərazidə o adda məscid yoxdur. Orada "Əbülfəz Ağa” məscidi olub. Siz utanmırsız yalan danışırsız? Gedib evdə uşağınızın üzünə necə baxacaqsız ki, ləyaqətli insanların üzünə durub, onlara şər atmısız, yalan demisiz?”

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]