Siyasət

Rusiya Azərbaycanı niyə sevmir?

15-10-2016, 22:57
Rusiyanın Azərbaycana qarşı sərgilədiyi ikili münasibət daim müzakirə olunan məsələlərdən biridir. Şimal qonşumuz Cənubi Qafqazda öz maraqlarını təmin etmək, region liderliyini qorumaq üçün hər zaman Gürcüstan və Ermənistan üzərindən daha çox siyasət yürüdür. 

Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfində olan, torpaqlarımızın itirilməsində birbaşa rol oynayan şimal qonşumuzun siyasəti dəyişməz olaraq qalır...

Maraqlıdır, Rusiyanın marağı Cənubi Qafqazla bağlıdırsa, bunu Azərbaycanla dostlaşaraq həyata keçirə bilməzmi?

Ekspertlər Rusiyanın ölkəmizə qarşı olan mənfi münasibətini bir sıra amillərlə izah edirlər. Onlar hesab edirlər ki, buna səbəb Azərbaycan-Türkiyə arasında qardaşlıq əlaqəsidir. Dini və milli faktoru önə çəkərək, bu iki amilin tarix boyu rusların türklərə, xüsusilə, azərbaycanlılara qarşı nifrət bəsləməsinə səbəb olduğunu deyənlər də az deyil. Hər iki ölkə arasında əlaqələrin hər zaman yüksək səviyyə də olmasına arqument kimi də, Rusiyanın region lideri olduğu göstərilir. 

Politoloq Qabil Hüseynli Rusiyanın çətin proqnoza yatan ölkə olduğunu bildirdi: "Adını unutduğum bir mütəfəkkir deyib ki, Rusiyanı ağılla dərk etmək mümkün deyil. Bu da siyasi liderlərin xarakteri, siyasi elitanın davranışları ilə qırılmaz sürətdə bağlıdır. Bu məsələ Azərbaycana münasibətdə də özünü göstərir. Müəyyən müddətdə Azərbaycan-Rusiya münasibətləri yaxşı səviyyədə olur. Hər halda zahirən bu belə görünür. Amma elə ki, məsələ Dağlıq Qarabağa gəldi, burada Rusiyanın mövqeyi obyektiv olmur. Rusiya bölgədə özünü jandarm rolunda aparır. Bu zaman bölgədəki dövlətlər müxtəlif münasibətlərdən yanaşır. Burada isə xristian təəssübkeşliyi özünü açıq şəkildə büruzə verir. Ya onlara kömək edir, ya da problemlərinin həllinə süni əngəllər yaradır. Ermənilərlə bağlı Rusiyanın ənənəvi münasibəti var. Bunun kökləri uzun tarixə gedib çıxır. Azərbaycana qarşı münasibətdə dini və milli faktor sözsüz ki, mühüm rol oynayır. Rusiya hazırda Azərbaycan üzərindən siyasətini qurmaq arzusunda ola bilər. Amma Azərbaycanın siyasi rəhbərliyi müstəqil siyasət yürüdür, kiminsə əlaltısı olmaq fikrində deyil. Ermənistan müstəqilliyinin bir hissəsini Rusiyaya verib, sərhədlərini Rusiya qoruyur, düşmən ölkədə rus bazaları var, aralarında uzun müddətlik hərbi saziş imzalanıb. Amma Azərbaycanın siyasi rəhbərliyi ölkənin suverenliyini hər şeydən uca tutur. Qərb bizdən uzaqdır, amma Rusiya çox yaxındır. Şimal qonşumuz proqnoza çətin yatan dünyanın super güclərindən biridir. Azərbaycan tərəfi hər zaman Rusiya ilə münasibətlərdə maraqlı tərəf olub. Ölkəmiz heç zaman Rusiya üçün problem yaratmayıb. Əksinə bölgədə Rusiyanın münasibətlərinin qorunması üçün müəyyən töhfələrini verib”.

"Sivilizasiyalar və konfliktlər” analitik Mərkəzin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Rusiyanın tarix boyu bizə olan münasibəti milli və dini faktora söykənib: "Müasir Rusiya özünü Sovetlər Birliyinin, daha uzağa getsək rus imperiyasının, lap daha uzaqlara getsək III Romanın davamçısı hesab edir. Türklərlə savaşa-savaşa öz ərazilərini böyüdüblər. Azərbaycana qarşı daim dini və milli amili əsas götürüblər. Türklərin ərazilərində öz dövlətlərini qurmaları türk xalqlarına qarşı belə münasibətlər sərgiləmələrinə səbəb olub. Təbii ki, burada Türkiyə ilə yaxınlığımız da mühüm rol oynayır. Bütün bunlara baxmayaraq, Rusiya ilə daim əlaqələrimizin müsbət olması suallar yaradır. Bir faktı deyim ki, SSRİ-dən çıxmaqla bağlı keçirilən referendumda ermənilər bizdən çox soveti tərk etməyə səs verdilər. Mübahisələr ola bilər ki, Azərbaycanda keçirilən həmin referendum saxta olub. Amma fakt faktlığında qalır. Azərbaycanda olan hakimiyyətlər Rusiya ilə münasibətlərdə hər zaman ehtiyatlı olublar. Nə qədər ruslara qarşı müsbət mövqedə olsaq da, nəticəsi olmayacaq, onlar ermənilər tərəfdə olacaqlar. Bizim üzərimizdən də heç zaman maraqlarını təmin etmək üçün siyasət qurmayacaq. Onlardakı milli şovinist, anti-türk hissləri buna heç zaman imkan verməyəcək. Rusiyada hakimiyyətdə kimin olmasının önəmi yoxdur. Əgər Azərbaycan üzərindən siyasət qursa, dövlətimiz kimi bir müttəfiq qazanar. Hər cəhətdən Azərbaycanın resursları Ermənistanla bərabər deyil. Amma onlar bizə inanmırlar, düşünürlər ki, son anda Türkiyənin yanında olacağıq”.


Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]