Siyasət

Kremlin “qalaqurma siyasəti” – Azərbaycan üçün də böyük sınaq

3-10-2016, 13:06

Bakının Qərblə münasibətlərinin istiləşməsi fonunda Rusiya-Amerika münasibətləri korlanmağa doğru gedir; 2017 – iki qlobal gücün öz arasında haqq-hesabı "çürütdüyü” il olacaq; ekspert: "Azərbaycan bölgədə hegemon dövlətə çevrilə bilər...” 

 

ABŞ dövlət katibi Con Kerrinin ötən həftəsonu Suriya mövzusunda verdiyi açıqlamalar sensasion sayıla bilər. Amerika xarici siyasət idarəsinin başçısı ilk dəfə olaraq Rusiya ilə dərin ziddiyyətlərin olduğunu açıq etiraf elədi, Kremli diplomatik kələkbazlıqda suçladı, daha önəmlisi, iki ölkə münasibətlərinin yeni və daha kəskin mərhələyə girmək üzrə olduğunun, faktiki anonsunu verdi.

Həm Kerrinin, həm də ardınca Dövlət Departamentinin sözçüsü Con Kibrinin dövlət katibinin fikirlərinə verdiyi sərt tonda şərh göstərir ki, Ağ Ev Kremllə üstəlik, ultimativ dildə danışmağa başlayıb. Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırlaşması bunun başqa bariz sübutu hesab edilə bilər.

Müşahidəçilərə görə, baş verənlər Rusiya ilə ABŞ arasında münasibətlərin pozulmağa doğru getdiyinin təzahürüdür. Bu isə iki supergüc arasında gərginliyin tezliklə başqa konfliktli bölgələrə də sirayət edə biləcəyi deməkdir. Söhbət həmçinin, ABŞ və Rusiya maraqlarının potensial toqquşma nöqtələrindən sayılan Cənubi Qafqazdan gedir. Məsələ ilı bağlı sahə ekspertlərinin maraqlı şərhləri və ilginc proqnozları var.

***
Politoloq Qabil Hüseynli yerli mediaya müsahibəsində (Olke.az) bu və digər nüanslara toxunaraq deyir ki, Rusiyanın get-gedə güclənməsi, milli gəlirin çox hissəsini hərbi xərclərə ayırması və bu zəmində ABŞ və Avropanın maraqları olan bölgələri təhdid etməsi ABŞ-da həyəcan doğurmaqdadır: "Rusiya Gürcüstana hücum edib və onun iki böyük əyalətini zəbt edib, Avropa Birliyinin maraq dairəsində olan Ukraynanı məhv edib. Rusiya Ukraynanın iki böyük əyalətini işğal edərək qondarma respublikalar yaradıb və Ukrayna üçün çox böyük əhəmiyyətə malik Krımı da öz tərkibinə qatıb. Rusiya tam imperialist, işğalçılıq siyasəti həyata keçirir”.

Onun sözlərinə görə, 21-ci əsrdə yeni, demokratik və insan haqlarına, sosial ədalətə söykənən bir düzən quracağını düşünən ABŞ Rusiya tərəfindən qəfildən yaxalanıb: "Rusiya isə dünyaya yeni bir siyasət, işğalçılıq, kiçik dövlətlərə qarşı şantaj, ABŞ və Avropaya əzələ nümayiş etdirmək, Avropa İttifaqını parçalamaq, hətta Avropa İttifaqında bəzi dövlətləri işğalla hədələmək siyasəti həyata keçirməyə başladı. Rusiyanın bu siyasəti son olaraq Suriyada özünü göstərdi. Suriyadakı hadisələr nisbətən nizamlanmağa başladığı vaxt Rusiya orada peyda oldu və günahsız, əslən Azərbaycandan olan türkmənləri qırmağa başladı. Bununla da Suriyada vəziyyət daha da gərginləşdi. Rusiya Suriyaya böyük qüvvələr yerləşdirdi. Bu zəmində Rusiyanın Türkiyə ilə münasibətləri pisləşdi və Türkiyəni təhdid etməyə başlayan Rusiya PKK-nın dili ilə Türkiyəni böləcəyini bildirdi. Suriyaya Rusiyanın müdaxiləsi Suriyadakı hadisələri qızışdırdı və bu gün də qızışdırmaqda davam edir”.

Image result for Qabil hüseynli

Politoloqa görə, Rusiyanın iddiasının əsasında duran odur ki, ABŞ-ın hegemonluq etdiyi dünya düzəni dəyişməli, ikiqütblülük yaranmalı və Rusiya da fövqəldövlət olmalıdır. "Rusiya fövqəldövlət olmağa, ABŞ-la bərabər dünyanın taleyini həll etməyə, kiçik xalqlara hökm etməyə meyllidir. Bunu həyata keçirmək üçün hərbi avantüralardan geniş istifadə edir. ABŞ isə səbrlə Rusiyanın hərəkətlərini izləyirdi. Ancaq son dövrlərdə Rusiya ilə bağlı xüsusi bir strategiya həyata keçirməyə başlayıb. Bu strategiya Rusiyanı parçalamağa və kiçiltməyə yönəlib. Strategiyada Azərbaycanın da maraqları var. Bu strategiya Rusiyanın gücsüzləşdirilməsi və bizim regiondan vurulub çıxarılması ilə nəticələnəcək. O zaman Azərbaycanı öz bölgəsində hegemon dövlətə çevirəcək və öz problemini özü həll edəcək” - politoloq proqnoz edib.

Ekspert Rusiya-ABŞ münasibətlərinin çox gərgin həddə çatdığına xüsusi diqqət yönəldir: "Bu hədd artıq o dərəcədədir ki, Suriyada bu iki dövlət toqquşa bilər. Bu isə bütün dünyaya sirayət edəcək. Kreml və Ağ Evin ortaq məxrəcə gəlmə imkanları mümkünsüzdür. İki dövlət arasında soyuq müharibə dövrünə xas münasibətlərin bərqərar olması isə gələcəkdə bu münasibətləri iri miqyaslı qarşıdurmaya çevirə bilər”.
***
Baş verənlər və gözləntilər sözsüz ki, Azərbaycan üçün də mühüm önəm daşıyır. Özü də elə bir məqamda ki, Bakı ilə Qərb, o cümlədən Avropa Birliyi (AB) arasında əlaqələr təzədən istiləşməyə üz tutub. Azərbaycan Milli Məclisinin son iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qəbul etdiyi qərar bunun mühüm təzahürüdür.

Image result for Kreml

Bakının Qərblə isti münasibətləri isə Moskvanı həmişə, yumşaq desək, qıcıqlandırıb. Zamanında Azərbaycanın AB ilə assosiativ üzvlüklə bağlı danışıqlarına Rusiya XİN-in yüksək çinli rəsmisinin sərt reaksiyasını bu yerdə yada salmağa dəyər. Az sonra Moskva onun razılığı olmadan Xəzərdə transmilli qaz kəmərlərinin çəkilməsinin mümkün olmayacağı barədə hədə dolu, təxribatçı bəyanat səsləndirmişdi.

Məsələ də ondadır ki, Kremlin Azərbaycana əsas iki ciddi təsir rıçaqı var - Dağlıq Qarabağ konflikti (Ermənistan) və Xəzər hövzəsi vasitəsilə. Hər ikisinin qayəsində hərbi təhdidlər amili dayanır. Təsadüfi deyil ki, Bakıdakı son Beynəlxalq Müdafiə sərgisi ərəfəsində Rusiya Bakıya hərbi gəmi göndərmişdi. Bu, dostluq mesajından daha çox, Azərbaycanı diqqətli olmağa çağıran növbəti xəbərdarlıq idi...

***

Image result for Sülhəddin Əkbər

Öz növbəsində təhlükəsizlik eksperti Sülhəddin Əkbər "Yeni Müsavat”a deyib ki, 2017-ci il postsovet məkanı üçün, Azərbaycan üçün sınaq ili olacaq: "Postsovet məkanı uğrunda Amerika, NATO və Avropa Birliyi bir tərəfdə dayanıb, Rusiya isə digər tərəfdə. Qarşıdakı dövrdə bu qarşıdurmanın daha da dərinləşəcəyi gözlənilir. Ukraynada müharibə gedir, Azərbaycan-Ermənistan müharibə vəziyyətindədir. Mərkəzi Asiyada gedən prosesləri də hər kəs görür. Rusiya və Amerika arasında gedən vəkalət müharibəsi onu göstərir ki, qarşıdakı müddətdə bizim regionda sabitliyin pozulması gözləniləndir”.

S.Əkbərə görə, qarşıdakı zamanlarda postsovet məkanında vəziyyət aydın şəkildə ortaya çıxacaq: "Qara dəniz məsələsinə diqqət çəkmək istəyirəm. Postsovet məkanında birinci istiqamət Qara dəniz, ikinci istiqamət Cənubi Qafqaz və Xəzər, üçüncü isə Mərkəzi Asiyadır. Hər üç istiqamətdən Rusiyanı təhdid gözləyir. Bu baxımdan təhdidlərlə bağlı səslənən fikirlər əsaslıdır. Rusiya Türkiyə, İran və postsovet ölkələrini ətrafına yığaraq, ”qalaqurma siyasəti" aparır. Regionda strateji maraqların, xüsusən siyasi hakimiyyət maraqlarının üst-üstə düşməsindən Rusiya regional müdafiə xətti qurmaq üçün istifadə edir".

Beləliklə, Azərbaycanı daha bir sınaq gözləyir. Seçim imkanları isə geniş deyil. Əksinə. Onu da unutmaq olmaz ki, ABŞ-dakı prezident seçkilərdə qələbəsi daha çox ehtimal olunan Hillari Klinton Rusiyaya, Putinə münasibətdə sərt siyasət tərəfdarlarındandır. Demək, Kreml-Ağ Ev rəqabətinin daha da kəskinləşəcəyi ehtimalı bir az da artır.
Kəsəsi, 2017-ci il həqiqi mənada geosiyasi seçimlər, "kartların açıldığı” il ola bilər - o cümlədən də ABŞ və Rusiya maraqlarının toqquşduğu 4 bölgədən biri kimi Güney Qafqazın ölkələri üçün, özəlliklə də Azərbaycan üçün.

Siyasət şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]