Siyasət

Dövlət qulluqçusu illərlə qapı ağzında gözlədilir

18-08-2016, 00:47
Dövlət qulluqçusu illərlə qapı ağzında gözlədilir
Nazirliklər imtahanların bütün mərhələlərini başa vuranları niyə işə götürmürlər?

 

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilib. Milli Məclisdən bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib. Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.

"Bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, dövlət orqanının rəhbəri namizədi həmin vəzifəyə təyin etmir”

DİM Direkorlar Şurasının sədr müavini Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında bildirib ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatıb.

Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə edib və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib.

B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib. Namizədlər asanlıqla online rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir. Söylənilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürüblər.

"Bütün proseslər korrupsiya sxemləri olmadan tam şəffaf, obyektiv həyata keçirilirdi”

"Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Bizimyol.info-ya şərhində bildirib ki, dövlət qulluğuna məsələləri üzrə komisisyasının fəaliyyəti çox şəffaf idi. Bütün proseslər korrupsiya sxemləri olmadan tam şəffaf, obyektiv həyata keçirilirdi: "Çünki dövlət qulluğu məsələləri üzrə komissiya yaranan andan vətəndaş cəmiyyəti  onun bütün fəaliyyətində bilavasitə iştirak edirdi. Bütün hər şey vətəndaş cəmiyyətinin gözü qarşısında baş vermişdi. İndi dövlət qulluğu üzrə komissiya ləğv olundu, imtahan mərkəzi yaradıldı. Mərhəz həm də dövlət qulluğuna qəbulu həyata keçirir. Bilirsiniz ki, dövlət qulluğuna imtahan verən şəxslər bir neçə mərhələdən keçirlər. Ilkin mərhələ test imtahanıdır. Burada hər hansı bir müdaxilənin olması qeyri-mümkündür. Dövlət İmtahan Mərkəzi yaranandan sonra da eyni proses davam etməkdədir. Burada hər hansı bir problem yoxdu və olmasını da ehtimal etmirəm. İkinci mərhələ isə müsahibə mərhələsidir. Bur mərhələdə dövlət qulluğu üzrə komissiya çox böyük yenilik etdi. Bir tərəfdə dövlət qulluğu üzrə komissiyanın nümayəndəsi, şəxsin müraciət etdiyi dövlət orqanının nümayəndəsi və müstəqil ekspertlər olurdu. İmtahan boyu bütün proses videoya yazılırdı. Əlbəttə ki, bu imtahanda çıxış edən şəxsin razılığı ilə olurdu. Daha sonra əgər apellyasiya şikayəti olardısa, şikayət zamanı həmin videolentə baxmaqla həmin şəxsin iddialarına baxılırdı. Əgər doğurdan da iddiaçı sualları düzgün cavablandırarsa və ona qarşı yanlış yanaşma olarsa, bu zaman müsahibənin nəticələri dəyişdirilə bilərdi və yenidən müsahibə təyin olunurdu”.

Əliməmməd Nuriyev: "Namizədlər 2-3 ay, bəzən də 2-3 il gözləməli olurlar”

Ə.Nuriyev test mərhələsinin suallarının elə də çətin olmadığını deyir. Ekspertin sözlərinə görə, bu suallar ixtisasa uyğun tərtib olunur: "Daha çox proqramda nəzərdə tutulmuş suallar olur. Yalnız ümumi dünyagörüşü və şəxsi davranışla bağlı müabiqədən kənar suallar verilir. Bu da dünyanın hər yerində qəbul edilmiş qaydadır. İndi bilirsiniz ki, qanunvericilik dəyişdirilib. Komissiyanın tərkibində 2 dövlət orqanı nümayəndəsi, Dövlət İmtahan Mərkəzinin Nümayəndəsi, müshaibə mərhələsində də müstəqil ekpertlərin cəlb olunması davam edəcək. Bəhram müəllimin dediyi fikiri isə tamamilə bölüşürəm. Çox təəssüflər olsun ki, müsahibə mərhələsindən keçən namizədlər uzun müddət gözləməli olurlar. Bəzən 2-3 ay, bəzən isə 2-3 il gözləyirlər. Onların təyinat prosesində ləngimələr var. Əlbəttə, bu yolverilməzdir. Hesab edirəm ki, bir şəxs imtahandan keçibsə, onun işə təyin olunması prosesi sürətli olmalıdır. O baxımdan bəzi dövlət orqanları bunu ləngitdiyi üçün prosesin sürətlənməsinə ehtiyac var. Eyni zamanda bu dövlət orqanına inamın artmasına gətirib çıxara bilər. Çünki təsəvvür edin, bir şəxs 2 mərhələdən rahatca keçir. Ancaq 3-cü mərhələdə - təyinat prosesində müəyyən gecikmələr var. Bu da müəyyən söz-söhbətlərin olmasına gətirib çıxarır”.

Ə.Nuriyev  qeyd edib ki, bu Dövlət İmtahan Mərkəzinin də işi deyil. "Sırf namizədlərin müraciət etdiyi dövlət orqanının işidir. Bu fəaliyyətə ciddi nəzarət olunmasına ehtiyac var ki, imtahandan keçən şəxslərin işə təyinatı tez həyata keçirilsin. Bir çox hallarda qiymətləndirmə aparakən bu mərhələ nəzərə alınır. İddiaçı 2 mərhələdn keçir və 3-cü mərhələdə təyinat prosesi baş vermirsə müəyyən söz söhbətlərin olmasına gətirib çıxarır” – deyə Ə.Nuriyev bildirib.

Dövlət qulluğuna qəbul olunub gözlədilən namizədlərin statistikası

Dövlət qulluğuna qəbul üzrə dövlət komissiyasının rəsmi internet səhifəsində yer alan 04.08.2015 tarixli məlumata görə, 2012-ci il 7,14,17 avqust, 6 sentyabr və 5,24 oktyabrda ehtiyat kadrlar siyahısında qeydə alınmış namizədlərin sayı  134 nəfər olub. Onlardan 76 nəfəri vəzifəyə təyin olunub, 57 nəfəri isə müxtəlif səbəblərdən bu siyahıdan çıxarılıb, 1 nəfər isə hələ də siyahıdadır. 2013-cü ildə  16 aprel, 1 və 7 may tarixlərində olan müsabiqədə 123 nəfər ehtiyyat kadrlar siyahısına daxil olub. Onlardan 56-sı vəzifəyə təyin olunub,  67 nəfəri isə hələ də vəzifə təyinatı gözləyir. 2013-cü il 4, 25 oktyabr və 5, 11 noyabr tarixlərində 117 nəfər ehtiyat kadrlar siyahısına daxil olub.  38 nəfəri vəzifəyə təyin olunub, 79 nəfəri isə hələ də bu siyahıdadır. 2014-cü il 1,23,30 aprel, 20 may və 13 iyun 104  nəfər ehtiyyat kadrlar siyahısına yer alıb. Onlardan 29-u vəzifəyə təyin olunsa da 75-i hələ də təyinat gözləyir. 2014-cü il 26 sentyabr, 17 oktyabr, 4,14 noyabr 144 nəfər yenidən ehtiyyat kadrlar siyahısına daxil olub. Onlardan 30-u işlə təmin olunub,  114 nəfəri isə hələ də bu siyahıdadır. Ümumilikdə isə 2015-ci ildə 1207 nəfər ehtiyyat kadrlr siyahısına daxil olub. Onlardan 496 nəfəri vəzifəyə təyin olunub, 369 nəfəri isə müxtəlif səbəblərdən bu siyahıdan çıxarılıb. 342 nəfər isə hələ də gözləməkdədir...

Aysel İsgəndərli

Administratorla əlaqə

077 611-55-22

[email protected]