Siyasət

Ukraynada 2 düşmən diaspor rəhbərinə Bakıda medal verildi

5-06-2016, 00:34

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının 4-cü qurultayı keçirilir.

Bu münasibətlə dünən ölkə başçısı İlham Əliyev bir qrup şəxsə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə orden və medal verdi.

Medal alanlar arasında Ukraynada bir-birinə düşmən kəsilən 2 diaspor rəhbərinin də adı var. Onlardan biri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə Şuranın üzvü, tanınmış iş adamı Rövşən Tağıyev,

ikincisi isə "Demokratiyanın Nəbzi” Beynəlxalq İctimai təşkilatının təsisçisi, Diaspora TV-nin sahibi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri namizədi Hikmət Cavadov da var.

Titullarından göründüyü kimi, bu şəxslər heç də adi insanlar deyil. Onlar Ukraynada və  Azərbaycanın özündə də tanınandılar. Onların tanınmaqları təkcə diaspor sahəsində etdikləri əməllərinə görə yox, həm də bir-birinə qarşı etdikləri düşmənçiliklərilə olub. Bu haqda internet resurslarında birbaşa və ya dolayısı yolla çox saylı informasiyalar mövcuddur.

Ukraynanın diaspor həyatını yaxşı tanıyanlar da o şəxslərin qatı düşmən olduqlarını vurğulayırlar.

Maraqlıdır ki, eyni dövlətdə, hətta eyni şəhərdə fəaliyyət göstərən diaspor rəhbərlərinin bir-birinə düşmən kəsilmələri ilk hal deyil. Rusiya, Qazaxıstan və Avropa ölkələrinin böyük əksəriyyətində belə "münaqişələr” tez-tez olub və bu günün özünədək də davam edir.

Azərbaycanın diaspor rəhbərlərinin bir-birinə düşmən kəsilməsi görəsən nə ilə bağlıdır? Mütəxəssislər bu sualın cavabını belə izah edirlər. Diaspor rəhbərlərinin hər biri yaşadıqları şəhərdə böyük nüfuz sahibi olmaq, yerli icra və qanunverici orqanlarda vəzifə almaq və nəticədə yaratdıqları biznes şəbəkələrini genişləndirmək istəyir.

Görünür, adları çəkilən "rəhbərlər” – Rövşən Tağıyevlə Hikmət Cavadovun da yolları hardasa kəsişib və bu kəsişmə nöqtəsində onların heç biri güzəştə getmək istəməyib.

Gəlin dediklərimizi bir misalla təsdiq edək.

2013-cü ilin dekabrında Hikmət Cavadova məxsus avtomobil Kiyev şəhərində "Köhnə Bakı” restoranının dayanacağında yandırıldı.

Təxminən il yarım sonra isə Rövşən Tağıyev güllələndi.

Sonuncuya qarşı edilən digər sui-qəsdlər də var. Bütün bu olaylarda Ukraynada yaşayan yerli azərbaycanlılar hər iki şəxsin bir-birindən qisas almağını deyirlər.

Təbii ki, hələlik belə informasiyaları təsdiq edən elə bir fakt açıqlanmayıb. Ancaq çox böyük ehtimalla Ukryananın hüquq-mühafizə orqanlarının qovluqlarında belə sübutlar var və o sübutlar cinayət işinə daxil edilərək dondurulub.

Məqsəd Kiyev şəhərində, elə bütövlükdə ölkədə kriminogen durumu sabitləşdirmək, yanan ocağı söndürməkdir. İkinci həlledici amil isə Ukraynanın Rusiya ilə münaqişəsi, Krımın ilhaqı, Donbasın qaynar bölgəyə çevrilməsidir.

Rəsmi Kiyevin təbii ki, başı bu problemlərin çözülməsinə qarışıb. Azərbaycanın 2 diaspor rəhbərinin düşmənçiliyi onlar üçün heç də əsas düşündürücü faktor sayılmır.

Rəsmi Bakı da öz növbəsində diaspor həyatında baş verən bu biabırçılıqları sadəcə kənardan izləyir və konkret heç bir addım atmır. Atdığı addım isə belə üzdəniraq "rəhbərlər”ə medal verməkdir. Görünür, Azərbaycanın siyasi hakimiyyətinin əsas məqsədi ölkəni hazırkı iqtisadi böhrandan çıxartmaq, Qarabağda sülhə nail olmaqdır.

Diaspor üzvləri arasında mövcud olan ikitirəliklər, qarşıdurmalar, düşmənçiliklər, sui-qəsdlər, qarşılıqlı ittihamlar Ukraynada olduğu kimi arxa dalana atılıb.

Nəticədə isə yenə uduzan Azərbaycan olur və onun beynəlxalq nüfuzuna zərbə gəlir.

Zahid Səfərov

Administratorla əlaqə

077 611-55-22

[email protected]