Siyasət

Azərbaycanlılara qarşı erməni-gürcü təxribatı - (Foto, Video)

9-03-2016, 12:53
Azərbaycanlılara qarşı erməni-gürcü təxribatı - (Foto, Video)Ötən gün Kiyevdə azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin tutulması barədə xəbərlər Ukrayna mediasını, daha sonra isə Azərbaycan mətbuatının gündəmini zəbt etdi. Xəbərin mahiyyətinə diqqət etsək, adi və Ukrayna kimi ölkələr üçün xarakterik olan bu tip kriminal informasiyanın belə sürətlə yayılmasının səbəbləri də maraq obyektinə çevrildi. 

Hətta xəbər o qədər maraqlı oldu ki, Ukrayna milli polisinin rəisi Xatiya Dekanoidze öz facebook səhifəsində axtarış zamanı azərbaycanlılara məxsus qarajda hələ ehtiyat hissələrə çevrilməmiş daha 4 avtomobilin də aşkarlandığını böyük həvəslə tirajladı. Guya 4 nəfər azərbaycanlıdan ibarət dəstə Ukrayna paytaxtında avtomobil oğurluğu ilə məşğul imiş. Hətta bildirirdi ki, azərbaycanlıların ilin əvvəlindən bu yana 8 avtomobil oğurladıqları məlum olub.

Bu faktı təqib edən Azərbaycan mediası günün sonunda maraqlı informasiya əldə etdi. Məlum oldu ki, sözügedən oğurluq hadisəsini azərbaycanlılar deyil, ermənilər törədiblər. Yaxşı bəs, belə olan halda bu oğurluğu azərbaycanlıların adına kim yazıb və milliyyətcə gürcü məmur Xatiya Dekanoidze sosial şəbəkələrdə niyə məhz azərbaycanlılardan söhbət açır? Axı Xatiya Dekanoidze Ukrayna milli polisinin rəisidir və həbs olunan erməni oğruların kimlikləri barədə hamıdan əvvəl polis kimi onda məlumat olub. Deməli, bu faktın belə sürətlə və bilərəkdən azərbaycanlıların adına "yazılmasında” və böyük həvəslə mediada, xüsusən də sosial şəbəkələrdə tirajlanmasında erməni-gürcü qruplaşmasının böyük rolu var. 

Azadinform-un əməkdaşı məsələ ilə əlaqədar Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla əlaqə saxlayıb. H.Cavadov bildirib ki, dünən belə bir informasiya yayılan kimi dərhal Ukrayna polis orqanlarına müraciət ediblər: "Azərbaycan DİN-nin Ukrayna üzrə nümayəndəsi Şahin Qocayevlə birgə oğurluqda ittiham olunan azərbaycanlıların kimliyi ilə maraqlanmaq üçün Polis İdarəsinə yollandıq. Məqsədimiz "oğurluqda” ittiham olunan azərbaycanlılara hüquqi yardım göstərmək idi. Orda isə tamam başqa mənzərə ilə qarşılaşdıq. Məlum oldu ki, oğurluq hadisəsi azərbaycanlılar deyil, ermənilər, daha doğrusu Ermənistan vətəndaşlarından ibarət dəstə tərəfindən törədilib. Sübut kimi dərhal erməni oğruların dəstə başçısının pasportunun sürətini də əldə etdim. Əlbəttə, bu yanlışlıq yox, qərəzdir, biabırçılıqdır. Ukrayna hüquq-mühafizə orqanlarında çalışan bəzi rəsmilər ermənilərin törətdiyi bir cinayəti bilərəkdən, şüurlu şəkildə azərbaycanlıların ayağına yazaraq soydaşlarımızı haqqında mənfi rəy formalaşdırmağa cəhd ediblər”.

H.Cavadov belə bir faktla qarşılaşanda təəccüb etdiyini, ermənilərin törətdiyi bir oğurluq hadisəsində azərbaycanlıların adının hallandırılmasının təsadüfi olmadığı qənaətinə gəlib: "Bilirsiniz ki, Azərbaycan diaspor Ukraynada, xüsusən də Kiyev şəhərində çox fəaldır. Biz azərbaycanlılar Ukrayna cəmiyyətinə adaptasiya olunmaqdayıq və bu ölkədə baş verən ictimai-siyasi proseslərdə çox fəalıq. Təbii ki, bütün bunlar Ukraynada yaşayan ermənilərin gözü qarşısında baş verir. Onlar var gücü ilə Ukraynada yaşayan azərbaycanlıları gözdən salmaq, baş verən bu kimi cinayət hadisələrini bizlərin adına yazmaq istəyirlər. Təbii ki, diaspor olaraq biz buna heç vaxt imkan vermirik və verməyəcəyik. Baş verən son hadisənin üstünün qısa müddət ərzində tərəfimizdən aşkarlanması və dərhal Ukrayna mediasında təkzib olunması dediklərimə bariz nümunədir. Bizi təəssüfləndirən başqa bir məqam isə Ukrayna milli polisinin rəisi Xatiya Dekanoidzenin sosial şəbəkədə paylaşdığı status idi. Əlbəttə, diaspor rəhbəri olaraq dərhal həmin statusun müzakirələrinə qatıldım və iştirakçılara bu barədə obyektiv informasiya verdim. Biz artıq bu məsələ ilə əlaqədar Ukrayna hökumətinə də müraciət göndərdik. Bəyan etdik ki, azərbaycanlılara qarşı bu kimi yanlışlıqlar dərhal aradan qaldırılmalıdır. Biz diaspor olaraq Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərməsini gözləyirik”. 

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri milliyyətcə erməni Arsen Avakov Borisoviç (Avakyan, Bakı ermənisi), onun müavini - Avaqkyan Tiqran Aşotoviç də ermənidir. Bu kimi faktların da məhz buradan qaynaqlandığı heç kimdə şübhə doğurmamalıdır. Bir məsələni də xüsusi qeyd edək ki, kadrlar hökumətlərdə müvəqqətidir, rəsmi Kiyev problemə Azərbaycan-Ukrayna münasibətləri kontekstindən yanaşmalıdırlar. 










Azadinform 

Administratorla əlaqə

077 611-55-22

[email protected]