Siyasət

Rəsmi Bakı sanksiya layihəsinə reaksiya verdi

25-12-2015, 10:15
Rəsmi Bakı sanksiya layihəsinə reaksiya verdi

Demokratiya və ifadə azadlığının müdafiəsi üzrə nüfuzlu Freedom House təşkilatı bildirib ki, Azərbaycan rəsmilərinə qarşı ABŞ sanksiyalarını nəzərdə tutan qanun layihəsilə bağlı Bakının reaksiyası gözlənilməz olmayıb.

Çərşənbə günü ABŞ Konqresi Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə "Azərbaycan Demokratiya aktı”-nı təqdim edib.

Bu qanun layihəsi Azərbaycan hökümətinin yüksək vəzifəli rəsmilərinə, təhlükəsizlik və ədliyyə sisteminin işçilərinə, onların yaxın qohumlarına, habelə onlarla iş birliyindən yüksək maliyyə gəlirləri əldə edən şəxslərə ABŞ vizasının verilməməsi ilə yanaşı daxil sanksiyaların tətbiqini nəzərdə tutur.

Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini "qəbuledilməz” adlandırıb.

"Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə "siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil”, nazirliyin yaydığı məlumatda bildirilir.

Nazirliyin sözçüsü Hikmət Hacıyevin sözlərinə görə, qanun layihəsi "anti-Azərbaycan xarakteri” daşıyır və "bu kimi qərəzli addımlar” Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər.

Washington-da mənzillənən Freedom House təşkilatı BBC Azərbaycancaya deyib ki, Azərbaycan hökumətinin reaksiyası gözlənilməz deyil və diqqəti insan hüquqlarının müdafiəsi məsələsindən yayındırmamalıdır.

"ABŞ Konqresi Azərbaycanda jurnalist, siyasi müxalifət, QHT və dini fəallara qarşı amansız təqiblərə görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin rəsmiləri əleyhinə sanksiyaları müzakirə edir”, – təşkilatın vise-prezidenti Daniel Calingaert bildirib.

O deyib ki, "qisasa-qisas reaksiyası Azərbaycan hökumətinin təməl insan hüquqlarına hörmət qoymaması faktından diqqəti yayındırmamalıdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]