Ölkə

Gülən əməliyyatında növbəti hədəf GDU-nin rektoru Yusif Yusifovdur?

29-09-2016, 02:08
Azərbaycanda bəzi universitetlərin prioritet məqsədinin tələbələrinə elm öyrətmək yox, rüşvət yığmaq olduğu hamıya gün kimi aydındır.
 
Son illər dövlətin maliyyəsi hesabına bu cür universitetlərdə korrupsiya və rüşvətxorluğun aradan qaldırılması və şəffaflığın təmin olunması məqsədilə bir sıra texniki yeniliklər edilsə də rüşvətə dadanmış şəxslər "niyyətlərini" şeytanın da ağlına gəlməyən üsullarla davam etdirməkdədirlər. Elə bu səbəbdəndir ki, dövlətin korrupsiyaya qarşı başlatdığı mübarizəyə baxmayaraq həmin şəxslərin qeyri-qanuni sahibləndikləri əmlakların, obyektlərin sırası genişlənməkdədir. Qısa zaman ərzində rektor olmağına baxmayaraq böyük kapitala malik olduğu iddia olunan rektorlardan biri də Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovdur.
 
Saytımızın elektron ünvanına göndərilən informasiyaya görə, 4115 nəfər ödənişli əsaslarla təhsil alan tələbələrinin olmasına baxmayaraq universitetin müəllim heyətinə bu ödənişlərdən qəpik-quruş çatır. Məlumatda deyilir ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli oxuyan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir, halbuki, GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir. Məsələn, "Tarix” ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir və mebel alınması adı altında talan olunur. 
 
Məlumatda daha sonra vurğulanır ki, 32 laboratoriyası olan universitetdə hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə ortaya qoyulmayıb. Bu laboratoriyaların əksəriyyətinin aylarla qapısı qıfıllı olur. Ancaq universitet rəhbərliyinin tərtib etdiyi sənədlərdə bu laboratoriyalar yapon universitetlərinin laboratoriyalarından da çox analiz və elmi- tədqiqatla məşğul olduğu qeyd olunur.
 
Respublika Prezidenti İlham Əliyev cənablarının ölkə təhsilinə diqqət və qayğısının nəticəsi olaraq Gəncə Dövlət Universitetinin bütün tədris binaları təmir olunmuşdur. Universitetin 2-ci tədris korpusunun həyətində isə yüksək keyfiyyətli ot örtüyünə malik mini stadion inşa edilmişdir. Əlbəttə ki, bütün bu texniki yeniliklər dövlətin vəsaiti hesabına ərsəyə gəlib. Ancaq dövlətin gördüyü bu işi universitet rəhbərliyi öz adına çıxır. Rektor yusif Yusibov keçirilən bütün iclas və tədbirlərdə universitetdə görülən təmir və bərpa işlərinin məhz onun israrlı xahiş və tələbi nəticəsində baş tutduğunu yazır. Saytımıza göndərilən məktubda sual olunur ki, axı müasir dövrdə hansı normal universitetin rəhbərliyi mini futbol stadionu ilə öyünə bilər? Əlbəttə ki, bunu ancaq universiteti univermaq kimi idarə edən Yusif Yusibov kimi rektorlar edə bilər.
 
Məlumatda qeyd edilir ki, rektor Yusif Yusibovu digər rektorlardan fəqrləndirən əsas cəhətlərdən biri malik olduğu var- dövləti gizlətməyə çalışmamasıdır. Məhz bu səbəbdəndir ki, rektor olandan bir il sonra 140 min dollara aldığı ağ rəngli "Lexus- 570" markalı maşınla universitetə rahat formada gəlib- gedə bilir. Universitetdə demək olar ki, hamı Yusib Yusifovun brend həvəskarı olduğunu bilir. Tədris ilinin yeni başlamağına baxmayaraq 10 min dollarlıq mobil telefon işlədən rektor haqqında universitet koridorlarında yeni pıçapıç gəzməyə başlayıb. Danışılanlara görə, rektor bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində dəyəri 430 min manat olan kafe-restoran alıb. Yaxın qohumunun adına rəsmiləşdirilən bu kafe-restoranın adı da Yusif Yusibov istəyi ilə dəyişdirilərək qərb rayonlarının birinin adı qoyulub (Restoranın adı məlum olsa da qeyd etmirik- red).
 
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Gəncə Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Maqbet Əhmədovun sözlərinə görə, universitet rəhbərliyi haqqında deyilən bu sözlərin hamısı iftira və cəfəngiyyatdır. 
 
Saytımıza açıqlamasında Maqbet Əhmədov bildirdi ki, "Bəzi insanlar qərəzli olaraq mətbuata real olmayan informasiyalar ötürürlər. Bu universitetdə heç bir maxinasiyadan, rüşvətdən söhbət gedə bilməz. Rektor Yusif Yusibov elmə töhvəsini vermiş insanlardandır və daima da universitetin inkişafı uğrunda çalışır. Mən özüm dəfələrlə şahidi olmuşam ki, Yusif müəllim öz halal maaşından fəhlələrə pul verib. Elə vaxt olub ki, universitetə bəzi avadanlıqları cibindəki pulla alıb. Ona görə də xahiş edirəm rektorumuz haqqında deyilən yalan sözlərə fikir verməyin".
 
Qlobal.az olaraq arzulayırıq ki, böyük keçmişi olan və uğurlu gələcəyini görmək istədiyimiz Gəncə Dövlət Universiteti xidmət rəhbərinin dediyi kimi rüşvətdən və korrupsiyada uzaq olan elm ocaqlarından biri olsun. Qapılarının qıfıllı olduğu 32 laboratoriyasında isə dünyada sensasiya sayılacaq elmi nailiyyətlərə imza atılsın.
 
Qlobal.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]