Ölkə

İsmayıllıda 10-dan çox kəndi sel basdı: yollar, körpülər dağıldı

12-06-2016, 22:12

İsmayıllı rayonun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb.

Bu gün saat 15 radələrində 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub.

Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]