Ölkə

ŞİRVANDA NARKOBARONLARA KİM “KRIŞALIQ” EDİR?

27-04-2016, 22:25
Polis rəisi Şahin Mirzəyev insanları zəhərləyən şəxslərə qarşı mübarizə aparsa da, nəticəsi yoxdur.


Polis şöbəsinin əməkdaşı Ruslan Mehdiyev general Həzi Aslanovun adından istifadə etməklə narkotacirlərə himayədarlıq göstərir. Bildiyiniz kimi, ölkəmizdə narkotik istifadəçilərinin və narkobaronların ən çox olduğu şəhərlərimizdən biri də Şirvandır. Bu vaxta kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvanda narkotik maddələrin satışı ilə məşğul olan onlarla şəxs zərərsizləşdirilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, şəhər ərazisində bu gün də bəzi narkobaronlar rahat şəkildə fəaliyyət göstərir və şəhər əhalisini narkotik maddə ilə zəhərləyirlər. 
Xeberman.com Gundelik-baku.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl yaydığı məlumatda qeyd olunurdu ki, Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyatçısı Ruslan Mehdiyevin şəxsi maraqları müqabilində narkobaronların fəaliyyətinə zəmin yaradır: «Məhz onun «krışalığı» altında bu şəhərdə narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər rahat şəkildə öz işlərini həyata keçirirlər. Son illər ərzində Şirvanda bir neçə nəfər narkotik maddə satdığına görə saxlanılıb. Amma Ruslan Mehdiyev onların hamısının sərbəst buraxılmasına nail olub. Təbii ki, bunun müqabilində narkotik alverçiləri polis əməkdaşına nəysə verirlər. Məsələn, Şirvanda «əmi» ləqəbli Elxan adlı şəxs 90 BL 746 dövlət nömrə nişanlı avtomobili ilə narkotik maddə daşıyarkən saxlanılıb. Dərhal Ruslan Mehdiyevi «görən» Elxan sərbəst buraxılıb. «Çörək satan» ləqəbi ilə tanınan Fazil adlı şəxs də narkotik maddə ilə tutulub, amma buraxılıb. Bu şəxslərin siyahısını nə qədər istəsəniz uzatmaq olar. Şirvanın ən məşhur narkotacirlərindən hesab edilən Elxan adlı şəxs bir müddət əvvəl kustar üsulla hazırlanmış tiryəklə Cəlilabadda tutulub. Onunla eyni vaxtda İlkin adlı şəxs də saxlanılıb. Narkotik maddə Elxanın maşınında aparılsa və ona məxsus olsa da, məsuliyyəti İlkin öz üzərinə götürüb. Bir neçə gün əvvəl isə Elxan Şirvanda 2 qutu narkotik maddə ilə saxlanılıb. Bu dəfə də onun köməyinə Ruslan Mehdiyev çatıb. Belə ki, polis əməkdaşı ilə «anlaşan» narkotacir həbsdən yaxasını qurtarmağı bacarıb. Fazil adlı şəxsin qardaşı oğlu Anar da narkotik maddələrin satışı ilə məşğuldur. Bu şəxslər Ruslan Mehdiyevə arxalanırlar. Bilirlər ki, tutulsalar, polis əməkdaşına «hörmət» edib azadlıqda gəzəcəklər. Ruslan Mehdiyev narkotacirləri sərbəst buraxmağın yolunu tapıb. Belə ki, o narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayarkən yüngül maddə ilə təqsirləndirir. Məsələn, narkotik satanı, narkotik istifadəçisi kimi göstərərək onların inzibati cərimə ilə canlarını qurtarmasına yardımçı olur. Ruslan Mehdiyev hələ də heç nədən çəkinməyərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanovun adından istifadə edir». Saytımızda bu şəxslərlə bağlı kifayət qədər tutarlı və əsaslandırılmış məlumatlar dərc olunsa da, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də heç bir tədbir görməyiblər. Düzdür, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyev narkotacirlərə qarşı mütəmadi olaraq mübarizə tədbirləri aparır. Amma nədənsə bu mübarizə tədbirləri öz bəhrəsini vermir. Məhz buna görə də hazırda Şirvan şəhərində narkobaronlar öz bildiklərini rahatlıqla həyata keçirir, şəhərdəki narkomanları necə lazımdırsa narkotik maddə ilə təmin edirlər. Biz ümid edirik ki, Şahin Mirzəyev cənabları narkobaronlara qarşı mübarizədə daha sərt üsullara imza atacaq və onlara «krışa»lıq edən Ruslan Mehdiyevin polis sıralarından xaric edilməsi üçün yuxarı rəhbərliyə təqdimat göndərəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]