Ölkə

Lenini yuyanlar danışdı: “Bu il 13 milyon xərclədik...”

22-04-2016, 15:06
Bu gün Vladimir İliç Leninin anadan olduğu gündür. 1870-ci ilin bu günü Simbirskdə (indiki Ulyanovsk) anadan olan Vladimir Ulyanov sözsüz ki, tarixin təkərin çevirən şəxslərdən olub. SSRİ boyda imperiyanın yaradıcısı olan bu şəxsə münasibət isə birmənalı olmayıb, təbii.

Lenin vur-tut 54 il yaşayıb. 21 yanvar 1924-cü ildə dünyasını dəyişən Lenin…dəfn edilməyib amma. O, mumiyalanaraq Moskvanın Qızıl meydanında mavzoleydə saxlanılır. Lenin Mavzoleyi onun ölümündən qısa müddət sonra 1924-cü ildə açılıb. Əslində onun məzarına ilk vaxtlar giriş məhdudiyyəti olub. Amma çox keçmir ki, arxitektor Şusevin layihəsi əsasında yeni mavzoley ucaldılır. Onun tikintisi isə tam olaraq 1930-cu ildə başa çatır.

Müəyyən illərdə Leninin cəsədi mavzoleydən çıxarılıb. Böyük Vətən müharibəsi dövründə onun cəsədi Sibirə aparılmışdı. Bundan başqa, zaman-zaman Leninin cəsədini zədələmək də istəyiblər. Məsələn, Nikitski adlı kolxozçu Leninin cənazəsinə atəş açmaq istəsə də, cəhd uğursuz olub. Ən qəribə hadisə isə 1960-cı ildə baş verib. Qırğızıstandan gələn Minibayev mavzoleyə girərək sarkofaqı təpikləyib. Şüşə qırıntıları Leninin cəsədinin üstünə tökülüb Bu hadisədən sonra mavzoley bir aylığa bağlanıb.

Amma Lenin mavzoleyi başqa səbəbə görə də hər il bağlanır.

Söhbət ondan gedir ki, cəsəd hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və balzamlanır. Bu proses isə nə az, nə çox, düz 1 ay çəkir. Bu müddət ərzində Leninin əyni də dəyişdirilir, təzə kostyum, qalstuk geyindirilir. Cəsədin üzərində isə Ümumrusiya dərman və aromatik bitkilər institutunun mütəxəssislərindən ibarət qrup işləyir.

Sözügedən institutun direktor köməkçisi Vera Draqunovanın bildirdiyinə görə, bu proses mütəmadi olaraq keçirilir. "Elə bu il də cəsədin yuyulub balzamlamasına 13 milyon rubl (təxminən 200 min dollar – S.M.) ayrılıb. Bu məbləğ ildən ilə fərqli ola bilər. Bu proses, xüsusən də balzamlama, böyük vəsait tələb edir. Hansı dərmanlardan istifadə edilməsinə gəldikdə isə bu, sirdir. Başqa sualınız varsa, elektron ünvana göndərib, bir neçə gün ərzində cavab ala bilərsiniz” - deyə, xanım Draqunova bildirib.

Amma "bir neçə gün” gecdir. Çünki bu gün Leninin ad günüdür.
 
- See more at: https://xalqxeber.az/dunya/358814-lenini-yuyanlar-danishdi-bu-il-13-milyon-xercledik.html#sthash.yAivyeMn.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]