Ölkə

Qubada çağırışçılar hərbi xidmətdən yayındırlır

23-02-2016, 13:40

Səfərbərlik Xidmətinin Quba rayon şöbəsinin rəisi Çingiz Kiçikbəyov öz fəaliyyətində ölkəmizin müharibə şəraitində mövcud olması faktorunu nəzərə almır

"Bizim Dövr”ün 11.02.2016-cı il tarixli sayında "Qubada orduya çağırış işində pozuntular var” sərlövhəli tənqidi material dərc olunmuşdu. Redaksiyamıza təqdim olunmuş məlumatlar əsasında hazırladığımız həmin yazıda qeyd olunmuşdu ki, bu gün Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Quba rayon şöbəsinin fəaliyyətində bir sıra ciddi qanun pozuntuları müşahidə olunmaqdadır. Bu xüsusda aldığımız açıqlamalarda vurğulanır ki, Çingiz Kiçikbəyovun rəhbərlik etdiyi şöbədə hazırda bəzi vətəndaşlara saxta hərbi biletlərin verilməsi işi xüsusilə geniş yayılıb. Həm də məlumatlarda şöbənin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun kifayət qədər sadələşdirildiyi də xüsusi vurğulanır. Sirr deyil ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. O cümlədən, Səfərbərlik xidmətinin Quba rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Daxil olan məlumatlarda da bildirilir ki, Qubada hərbi xidmətdən yayınmağa meyilli olan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin "razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Çingiz Kiçikbəyov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur.
Məlumdur ki, son vaxtlar düşmənlərimiz tərəfindən cəbhə bölgəsində törədilən müəyyən təxribatlar ən azından sərhədyanı əraziləri daim gərginlik içərisində saxlamaq məqsədi güdür. Təbii ki, belə olan vəziyyətdə ölkəmizin ilk növbədə müdafiə qüdrətini təmin edən bütün qurumların qüsursuz fəaliyyət göstərməyi tələb olunur. Eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün struktur və şöbələrinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Xidmətin Quba rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin növbəti proseslərin gedişi göstərdi ki, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]