Ölkə

Generalın evindən yoxa çıxan qızıllarla bağlı yeni təfərrüatlar

25-11-2016, 14:53
Ötən il Bakıda generalın evindən edilən oğurluqla bağlı qaranlıq məqamlar hələ də qalmaqdadır. Baş verənləri şübhəli hala gətirən daha bir məqam da ortaya çıxıb.  Generalın evindən yoxa çıxan, anasına məxsus olduğu deyilən qızılların kim tərəfindən oğurlanması Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Generalın evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləyən Sədaqət Məmmədovadır. Ötən il- hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edəcək faktlar yox idi.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanovun sədrliyi ilə baxılır.
 
 
İş üzrə təyin olunan prosesdə "Yeni Müsavat” qəzetinin və digər media qurumlarının əməkdaşları da bundan əvvəlki proseslərdə olduğu kimi iştirak etmək istəyib. Lakin sonuncu məhkəmə prosesi başlayarkən hakim prosesin jurnalistlərin iştirakı olmadan keçiriləcəyini bildirib. Səbəb olaraq isə mətbuatda yazılanların şahid ifadələrinə təsir etdiyi göstərilir.
Məhkəmə başlamazdan əvvəl generalın müdafiəçiləri olan vəkillərin mətbuatda yazılan yazıların sürətini əllərində hazır tutduqlarının şahidi olmuşduq. Bilirdik ki, vəkillər həmin yazıları məhkəməyə təqdim edərək, jurnalistləri həqiqəti yazmamaqda günahlandıracaq və əvvəlki proseslərdə olduğu kimi media nümayəndlərinin iştirakını istəməyəcəklər. Ancaq nədənsə hakim vəkillərin bu etirazını gözləmədən ilk cümləsində jurnalistlərdən zalı tərk etmələrini istədi.
Bəs müdafiə tərəfi jurnalistlərdən niyə narazıdır? 
İlk prosesdə jurnalistləri zalda görən vəkillər deyirdilər ki, mətbuatda qızılların və oğurluğun baş verdiyi evin Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevə məxsus olduğu yazılır. Vəkillər israrla bildirdilər ki, nə qızıllar, nə də ev generala məxsus deyil. Həmin əmlakların sahibi generalın anası Böyükxanım Əkbərova olub. Təqsirləndirilən qulluqçu Sədaqət Məmmədova da deyir ki, mərhum Böyükxanım xanım 400 manat təqaüd alırdı. Onda 160 minlik qızıl, villa hardan idi?
Sədaqət Məmmədovanın bir müddət əvvəl musavat.com-a dedikləri: "Notariusun işçiləri evə gəlirdi. Villaları, mülkləri Böyükxanım xanımın adına rəsmiləşdirirdilər. Növbəti dəfə isə həmin mülkləri guya Böyükxanım xanım pay olaraq nəvələrinə, övladlarına verib. 400 manat təqaüdlə hər gün bu əmlaklar necə alınırdı?”.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, generalın vəkilləri jurnalistlərin prosesdə baş verənləri yanlış yazdığını iddia etmirlər, onları narahat edən yeganə məqam bu işdə generalın adının çəkilməsidir. Qeyd edək ki, generalın anası bir neçə ay əvvəl dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir.
Sədaqət Məmmədova isə oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. İştirak etdiyimiz sonuncu məhkəmə prosesində təqsirləndirilən şəxs bunları dilə gətirmişdi. S.Məmmədova əsas olaraq isə göstərirdi ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.
 
Ötən proseslərdə şahid qismində S.Məmmədovanın yaxın rəfiqəsi Dostuxanım Yunusova və onun qardaşı arvadı Gülbəniz Məmmədova da ifadə verib. Sədaqət Məmmədova çıxışlarında iddia edir ki, generalın qızı və kürəkəni oğurluq planı qurub və sonra bütün işi onun üzərinə atıblar: "Hər gün mərhum Böyükxanım xanımın yanında mən qalırdım. Amma hadisə günü generalın qızı zəng elədi ki, evdə özü qalacaq. Həmin gecə 11-də isə zəng elədilər ki, evdən oğurluq olub.
Mən Kürdəxanıda saxlanılanda generalın qızı Sevinc yanıma gəlib dedi ki, 150 min verəcəm, amma ərimin adını çəkmə. Sonra mən həbs ediləndə, polisdə olanda generalın adamı Rauf Mehiyev mənimlə görüşə gəldi. İşi boynuma almağımı təklif etdi. Həmin müddətdə mən də ailə üzvlərim də hədələndik. Rauf deyirdi ki, səni çıxaracağıq. Amma işi boynuma almalıyam”.
Sonuncu- jurnalistlərin iştirakına icazə verilməyən prosesdə generalın yaxın adamı Dövlət Gömrük Komitəsinin əməkdaşı Rauf Mehiyev şahid qismində dindirilib. Hakim Rahib Salmanov şahiddən hansı ixtiyarla və nə məqsədlə həbs olunmuş şəxslə polis idarəsində görüşə getdiyini soruşub. Şahid bu suala cavab verməkdə çətinlik çəkib.
S.Məmmədova əvvəlki ifadələrində deyirdi ki, Rauf Mehiyev generalın işdə yaxın adamı olduğu kimi digər işlərinin həllində də yaxından iştirak edir. O, generalın evi və digər işləri ilə bağlı məsələləri həll edən şəxs olub. Növbəti məhkəmə prosesi generalın adamının dindirilməsi ilə davam edəcək.
 
İlkin Muradov, Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]