Media

Jurnalistin övladının ölümünə səbəb olan həkim cəzalandırıldı – RƏSMİ

3-03-2016, 23:55

Bir müddət əvvəl jurnalist Həsən Babayev 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində keysəriyyə əməliyyatı zamanı övladının həkimlər tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı.

Xəbər mətbuatda yayıldıqdan sonra Səhiyyə Nazirliyindən məsələnin araşdırılacağını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirmişdilər. 

H.Babayev Aktual.az-a açıqlamasında deyib ki, sonuncu şikayət ərizəsindən sonra ailəsi ilə birgə Səhiyyə Nazirliyinə dəvət olunub:

"Ötən ilin sentyabr ayının 4-də hadisə baş verdikdən sonra Səhiyyə Nazirliyinə bir neçə dəfə ünvanladığım rəsmi şikayətlərin heç birinə cavab verilmədi. Bu ilin fevral ayının əvvəllərində Avstriyadan Bakıya döndükdən sonra nazirliyə növbəti şikayət ərizəsi yazdım. Bu dəfə şikayətlə bağlı Səhiyyə Nazirliyinə dəvət olunduq.”

Jurnalistin sözlərinə görə onları Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov qəbul edib:

"G.Poladov və T.İbadov bizə bildirdilər ki, sözügedən xəstəxananın Pataloji Hamiləlik və Doğum Şöbəsinin müdiri Zəhra Abbasova (Zara həkim) yoldaşımın vəziyyəti ilə bağlı çox ciddi səhvə yol verib və bu da uşağın ölümünə səbəb olub. Eyni zamanda qeyd etdilər ki, Z.Abbasova vəzifəsindən azad ediləcək. Təəssüflər olsun ki, uşaq ölümü ilə bağlı ölkənin tanınmış media qurumlarında rəsmi xəbər yayıldıqdan sonra heç bir cinayət işi açılmadı. Biz həkimin qanun qarşısında məsuliyyətə cəlb olunmasını hələ də gözləyirik”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a bildirilib ki, Həsən Babayevin müraciətinə Səhiyyə Nazirliyində baxılıb vəbununla əlaqədar olaraq Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]