Layihə

Məktəblilər elmi-tədqiqatlara cəlb olunur (FOTO)

16-12-2017, 10:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

BŞTİ-dən Xeberman.com -a verilən məlumata görə, Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə idarənin müdiri Məhəbbət Vəliyeva, BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə şagirdlər ali məktəblə yaxından tanış olublar. Məktəblilərə BANM-ın fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olmaq imkanı da qazanıblar.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanan Yasamal rayonu 286, Nərimanov rayonu 177, Binəqədi rayonu 182, Nəsimi rayonu 35, Qaradağ rayonu 180, Xəzər rayonu 156, Suraxanı rayonu 104, Pirallahı rayonu 168, Sabunçu rayonu 72 və 108, Xətai rayonu 204 və 249, Nizami rayonu 70 və 109 nömrəli tam orta məktəblərin və Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandaları 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Həmçinin, məktəblilər BANM-ın elmi-tədqiqat laboratoriyalarında təcrübə işi aparıb, nəzəri biliklərin praktik tətbiqi sahəsində özlərini sınayıblar.

Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Final mərhələsinin nəticəsinə əsasən, qaliblər müəyyənləşdiriləcək.



Administratorla əlaqə

077 611-55-22

[email protected]