Kriminal

"Pulumu istəyəndə üstümə kriminal aləmdən adamlar gətirdi"- 8500 dollarlıq nömrə işi

8-06-2017, 23:08
Bakıda vətəndaşa qarşı dələduzluq edən və daha sonra ona kriminal aləmdəki tanışları vasitəsi ilə hədə-qorxu gələn şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Babayev və Ceyhun Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan məhkəmənin ilkin baxış iclası keçirilib, zərərçəkmiş şəxslər ifadə verib.

Qeyd edək ki, təqsirləndirilənlərdən A.Babayev barəsində həbs-qətimkan tədbiri seçilib. Amma C.Mirzəyev barəsində isə polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Təqsirləndirilən A.Babayev zərərçəkmiş Şahin Əliyevin epizodu üzrə ifadə verib.

O, bu işdə özünü qismən təqsirli bildiyini deyib: "Mən Şahin Əliyev üçün Asif Əsgərov vasitəsilə sonu 008-lə bitən maşın nömrəsi alacaqdım. Şahin buna görə 8500 dollar verdi. Ödəniş olandan sonra Asifə nə qədər zəng etdim, açmadı. Nömrəni onun salonundan götürüb verəcəkdik. Nömrə işi alınmadı.

Sonra bunun əvəzində Şahinə maşın təklif etdik. Asif salonundan "BMW X5" gətirdi. Razılaşdıq ki, Şahin 10 min dollar da verəcək. O pulu da Asif Şahindən əlbəəl aldı. Asif dedi, maşının 3 min dollar krediti var. Onu mən ödəyəcəkdim. Amma alınmadı".

Buna səbəb isə notariusda maşını addan-ada keçirən zaman kredit borcunun 3 min yox, 20 min dollar olmasının üzə çıxması olub.

"Buna görə Şahin istəmədi, maşın mənim üstümdə qaldı. Əvəzində Şahinə 25 min manatlıq torpaq sahəsi verdim. Mən istintaqda fərqli ifadə vermişəm, müstəntiq başqa şey yazıb. Şahin Əliyevə ümumi 27990 dollar ziyan dəyib"- deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmədə zərərçəkmiş Şahin Əliyev necə aldadılmasını danışıb.

O, təqsirləndirilən şəxsin hər şeyi düzgün danışdığını deyib: "Maşını mənə verəndə Asifdən dəfələrlə bankda kredit borcu qalıb-qalmadığını soruşdum. Şahinin mənə borclu olduğunu da dedim. Asif isə maşının kreditinin olmadığını dedi. Sonra sənədləri mənə verəndə içində bank arayışı gördüm. Azərdən soruşdum, o da maşının banka borcu olmadığını dedi. Təkrar Asiflə danışandan sonra dedi ki, 3 min borcu varmış. Mən şəxsi əlaqələrimlə bankdan maraqlandım. Dedilər ki, 20 min dollar borcu var, alındığı gündən də ödəniş edilmədiyi üçün üzərinə həbs qoyulub.

Azər də dedi ki, Asif Moskvaya qaçıb, maşını da satmaq üçün məndən aldı. Sonra gəlib dedi ki, bank maşını onun əlindən alıb. Mən pulumu tələb etdim, Azər mənimlə düşmən kimi davranmağa başladı".

Zərərçəkmiş əlavə edib ki, pulunu istəyəndə təqdirləndirilən şəxs onun üstünə kriminal aləmdən adamlar göndərib: "Onları mənim üstümə gətirdi. Mən də heç kimdən qorxmuram. Azər qaçıb aradan çıxdı, mən də gedib şikayət etdim. Mən Azərlə Asifə ümumilikdə 38 min 800 dollar vermişəm. Mənə Mehdiabadda "Qarabağ" restoranının arxasında 5 sot torpaq veriblər. Onun da qiyməti 10 min olar, əkin üçündür, tikinti işi görmək olmaz".

Təqsirləndirilən şəxslərin əməllərindən zərərçəkən digər şəxs Güləliyev Emin Ədalət oğlu da məhkəmədə ifadə verərib.

O, maşın almaq istəyərkən aldadıldığını söyləyib:

"Maşın axtarırdım. Azərlə danışıb görüşdük. Mənə 1-2 maşın göstərdi. Bir maşını almağa razılaşdım. Azər zəng edib Ceyhuna maşını gətirməsini dedi. Notariusda ilkin ödəniş kimi 5220 manat Azərə verdim. O da Ceyhuna verdi. Əlavə də 100 manat aldı. Notariusda yoxladıq, maşın təmiz çıxdı. Mənə dedilər, maşının bankda 12 min manat borcu qalıb. Onu aybaay ödəyəcəkdim. Maşını alıb sürməyə başladım. Yasamalda polis maşını saxlayıb üzərinə həbs qoyulduğunu, 30 min manat banka borcu olduğunu dedi. Maşın bankda Ceyhunla Azərin dostunun adına imiş. Həmin şəxslə telefonla danışdım, dedi, Azərgil belə işlərlə məşğuldurlar. Tanış vasitəsilə maşını polisdən aldım. Aparıb Azərin qapısına qoydum. Atası dedi, pulunu qaytaracaq. Maşın Ceyhunun olub. Azər bundan başqa da məndən min dollar borc alıb".

Təqsirləmdirilən Azər Babayev də deyib ki, E.Güləliyevə satılan maşının banka borcunun 12 min dollar olduğunu bilib.

Növbəti məhkəmə prosesi iyunun 22-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq: külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinirlər.

İttihama görə, təqsirləndirilən şəxslər avtomobil alqı-satqısı ilə məşğul olublar. Onlar 10-dan çox vətəndaşı aldadaraq külli miqdarda pullarını ələ keçiriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]